Yaxın onillikdə çay istehsalı və istehlakı artacaq İqtisadiyyat

Yaxın onillikdə çay istehsalı və istehlakı artacaq

Yaxın onillikdə çay istehsalı və istehlakı artacaq və bu da əsasən inkişaf etməkdə olan ölkələrdə tələbat hesabına baş verəcək. Avropa sakinləri getdikcə daha çox qəhvə və suya üstünlük verirlər, amma yeni çay sortları bunlarla rəqabət aparır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Xəbərlər Mərkəzi bildirir ki, bu fikirlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) "çay" bazarında vəziyyət barədə məruzəsində yer alıb. Ekspertlər xəbərdarlıq edirlər ki, iqlim dəyişmələri çay istehsalının miqyasına və onun keyfiyyətinə mənfi təsir göstərə bilər.
Çay istehsalının artmasını Çin və Hindistan kimi iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə onun populyar olması ilə əlaqələndirirlər. Ekspertlər bu ölkələrdə çaya tələbatın artmasını, ilk növbədə, əhalinin gəlirlərinin çoxalması, habelə bu ənənəvi içkinin yeni növlərinin – yaşıl, meyvəli, giləmeyvəli çayların, habelə delikates çay sortlarının bazara çıxarılması ilə izah edirlər. Gözlənildiyinə görə, növbəti onillikdə qlobal miqyasda qara çay istehsalı hər il 2,2 faiz artacaq. Yaşıl çay isə daha sürətlə populyarlaşacaq. Onun istehsalı ildə 7,5 faiz artacaq.
Məruzədə deyilir ki, hazırda dünyanın ən iri çay ixracatçısı Keniyadır. Amma Çin onu haqlamaq üzrədir. Hindistanda və Şri-Lankda olduğu kimi, Çində də çay getdikcə populyarlaşır. Doğrudur, avropalılar qəhvə və butulkalara doldurulmuş suyu çaydan çox içirlər. Amma buna baxmayaraq, çay içməyi də sevirlər. Paket çaylarından açıq çaya keçir, dəbdə olan kafe və çayxanalarda verilən delikates çay sortlarına üstünlük verirlər. FAO ekspertləri xatırladırlar ki, çay sağlamlıq üçün faydalıdır, iltihab əleyhinə təsir göstərir, antioksidantlarla zəngindir və artıq çəkini azaldır.
Eyni zamanda, məruzə müəllifləri xəbərdarlıq edirlər ki, iqlim dəyişmələri çay sənayesi üçün təhlükəlidir. Çay yetişdirmək üçün çox spesifik şərtlər lazımdır. Temperatur dəyişikliyi, yağıntının proqnozlaşdırıla bilməməsi məhsuldarlığa, çayın keyfiyyətinə və qiymətinə təsir göstərir. Fermerlər isə gəlirdən məhrum ola bilərlər. FAO iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin həyata keçirilməsi ilə yanaşı, çay istehsalı prosesini müşayiət edən parnik qazları emissiyalarını azaltmağa çağırır.