Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın hüquq və vəzifələri müəyyənləşdirilib İqtisadiyyat

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın hüquq və vəzifələri müəyyənləşdirilib

Nazirlər Kabineti Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın hüquq və vəzifələrini müəyyənləşdirib. Nazirlər Kabineti "Azərbaycan Respublikasının Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyasının Əsasnaməsi"nin təsdiq edilməsi barədə Qərar qəbul edib. Qərara əsasən, HSŞ Azərbaycanda təbii ehtiyatların istismarı ilə əlaqədar dövlətin bütün daxilolmaları və ölkənin hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri barədə hesabatların hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq standartlara uyğun təqdim olunması formasını və müddətlərini müəyyən edəcək.
Komissiya HSŞ-nin tətbiqində dövlət orqanları, hasilat sənayesində fəaliyyət göstərən şirkətlər, beynəlxalq təşkilatlar, maliyyə qurumları, investorlar və qeyri-hökumət təşkilatları da daxil olmaqla, bütün maraqlı tərəflərin iştirakını təmin edəcək. Həmçinin ölkənin maliyyə şəffaflıq standartlarının şamil edildiyi hasilat sənayesində fəaliyyət göstərən bütün şirkətlər müəyyən ediləcək və onların HSŞ hesabatlılığında iştirakı təmin olunacaq. Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya hesabatların toplanılması və yoxlanılması üçün müstəqil, ixtisaslaşmış audit şirkətini seçəcək. Eləcə də, HSŞ-nin ümumiləşdirilmiş hesabatının forması müəyyən olunacaq, toplanılmış məlumatlar əsasında həmin hesabat tərtib ediləcək və mütəmadi şəkildə ictimaiyyətə açıqlanması həyata keçiriləcək.
Komissiya hesabatlılığın təşkil olunmasının bütün mərhələlərində qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər ilə əməkdaşlıq edəcək, Azərbaycanda hasilat sənayesində şəffaflıq və hesabatlılığın təmin edilməsi məqsədilə ictimai maarifləndirmənin həyata keçirilməsi üçün müvafiq tədbirlər görəcək, ən azı rübdə bir dəfə bütün maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyətinin, hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin və ekspertlərin iştirakı ilə məşvərət xarakterli görüşlər keçirəcək.
HSŞ-nin hesabatlılığın təmin edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarından və şirkətlərindən, həmçinin Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərdən təbii ehtiyatların istismarı ilə əlaqədar hesabatları və digər zəruri məlumatları istəmək və almaq hüququ var. Komissiya şəffaflığın və hesabatlılığın təmin edilməsi və səmərəliliyin artırılması üçün beynəlxalq təşkilatlarla və xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq edə, xarici dövlətlərlə təcrübə mübadiləsi apara bilər.
Xatırladaq ki, ötən il aprelin 5-də Prezident İlham Əliyevin "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovdur.