Nəqliyyat Nazirliyi bu dəfə sahibkarları qabağa verir İqtisadiyyat

Nəqliyyat Nazirliyi bu dəfə sahibkarları qabağa verir

İctimai nəqliyyatda gediş haqqının artırılması barədə söz-söhbətlər təsadüfi deyilmiş

"İctimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı sahibkarlar dəfələrlə çıxış ediblər. Bununla bağlı Nəqliyyat Nazirliyinə də müraciət ediblər. Müəyyən sahibkarlar var ki, onların məsrəfləri ödənilmir. Ona görə qiymətlərin qalxmasını istəyirlər. Lakin bu məsələ Tarif Şurasının səlahiyyətlərinə aiddir".
Bunu "APA-Economics"ə açıqlamasında Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib: "Çox pul qazanmaq istəyir. Çünki o da bankdan kredit götürür, avtobus alır. Amma hər halda zəruri addım atmaq üçün bunun üçün iqtisadi əsas olmalıdır. Bu məsələni nə sahibkar, nə də Nəqliyyat Nazirliyi həll edir. Bu ancaq Tarif Şurasının qərarından asılıdır. Təkcə bu qurum qərar qəbul etdikdən sonra qiymətlər qalxa bilər, hətta azala bilər. Bu, bazar iqtisadiyyatıdır".
N.Həsənov xatırladıb ki, nazirlik ötən il qiymətin qalxması ilə bağlı Tarif Şurasına müraciət edib, lakin qurum bunu qəbul etməyib.
Qeyd edək ki, ölkəyə avtobusların gətirilməsi ilə məşğul olan sahibkarlar iddia edirlər ki, ictimai nəqliyyatda gediş haqqı qaldırılmazsa, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları üçün avtobusların gətirilməsi heç bir halda mümkün olmayacaq.