Vergi güzəştlərindan faydalanmaq üçün ilkin şərt intizamdır İqtisadiyyat

Vergi güzəştlərindan faydalanmaq üçün ilkin şərt intizamdır

Əmtəəsiz və ya riskli əməliyyatlara vergi güzəştləri niyə tətbiq olunmur?
Dövlət Vergi Xidməti xəbər verir ki, mövzunu şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Vergi Məcəlləsində edilmiş düzəlişlərdə pandemiyadan zərərçəkən sahələrə geniş güzəştlərin tətbiq edilməsi ilə yanaşı, vergi inzibatçılığı, o cümlədən vergilərin intizamla ödənilməsi sahəsində də bir sıra məsələlərin mühüm əhəmiyyət daşıdığını vurğulayıb: “Məcəlləyə dəyişikliklərdə, xüsusilə müvəqqəti vergi rejimi ilə bağlı 222.3 maddədə göstərilib ki, bu fəslin müddəaları əmtəəsiz və ya riskli əməliyyatlar aparan vergiödəyicilərinə əmtəəsiz və ya riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla şamil edilmir. Vergi Məcəlləsində nəzərdə tutulan müvəqqəti azadolmalar, güzəştlər və vergi tətilləri üzrə müddəalar vergiödəyicisinin riskli vergiödəyiciləri siyahısından çıxarılması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qərarından sonra tətbiq olunur. Məcəllənin 222.3-cü maddəsinə əsasən, güzəştlər İqtisadiyyat Nazirliyi tərəfindən həmin şirkətlərin riskli vergiödəyicisi olmadığı təsdiq olunduğu halda tətbiq oluna bilər”.
R. Atakişiyev əlavə edib ki, riskli vergiödəyiciləri özlərinin hansı qrupa aid olduqlarını bilmədikləri halda təqdim etdikləri bəyannamələr vergi orqanları tərəfindən araşdırılır. Onların əmtəəsiz və riskli vergiödəyicisi olduqları aşkarlandığı təqdirdə, Vergi Məcəlləsinin digər maddələri əsas götürülməklə vergi yükü yenidən hesablanır və ödənilməsi tələb olunur. Buna görə də, riskli və əmtəəsiz vergiödəyiciləri öz əməliyyatlarını şəffaflaşdırmalı və Dövlət Vergi Xidməti tərəfindən riskli vergiödəyicisi siyahısından çıxarılmaları barədə müvafiq qərarın qəbul olunması üçün müraciət etməli, öz fəaliyyətlərini riskli və əmtəəsiz vergiödəyiciləri siyahısından çıxarmaları ilə bağlı hərəkətlərini sübut edən faktları müraciətlərinə əlavə etməlidirlər. Siyahıdan çıxarıldıqları halda, Məcəllədə göstərilən güzəştlər və azadolmalar onlara da şamil olunacaq.
Beləliklə, Vergi Məcəlləsində nəzərdə tutulan güzəştlər vergiödəyiciləri qarşısında intizamlı vergiödəyicisi olmaq vəzifəsini qoyur. Bu yenilik sahibkarların diqqətinə bir daha çatdırır ki, vergi intizamının, vergi şəffaflığının artırılması və kölgə iqtisadiyyatının həcminin azaldılması dövlət siyasətində pandemiya dövründə də prioritet olaraq qalır.