DSMF-nin gəlirlərinin 64%-ni sosial sığorta haqları təşkil edəcək İqtisadiyyat

DSMF-nin gəlirlərinin 64%-ni sosial sığorta haqları təşkil edəcək

Pensiya islahatı konsepsiyasının tətbiqi nəticəsində növbəti ildən DSMF-nin büdcəsinin tərtibi qaydası dəyişəcək

DSMF-nin 2015-ci il büdcəsinin gəlirlərinin 64%-ni sosial sığorta haqları təşkil edəcək, dövlət büdcəsindən ayrılan transfertin xüsusi çəkisi isə 36%-ə enəcək. Sosial islahatların Azərbaycan modelinin tətbiqi nəticəsində əldə olunmuş əsas nailiyyətlərdən biri ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsinin təmin edilməsidir. Bunu Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üçün büdcə layihəsi barədə media nümayəndələrinə açıqlama verən Fondun sədri Elman Mehdiyev deyib.
E.Mehdiyevin sözlərinə görə Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulmuşdur ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı DSMF-nin gəlirlərinin artımını da şərtləndirir. Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir.
Beləliklə, ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Həmin mexanizmin çevik fəaliyyəti nəticəsində ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına son 10 il ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1 milyard 780 milyon manata çatmışdır. DSMF-nin 2015-ci ildə isə sosial sığorta haqları üzrə gəlirləri 1 milyard 950 milyon manat məbləğində nəzərdə tutulur. Növbəti ildə 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisinin 9,2% təşkil edəcəyi nəzərə alınarsa, bu kateqoriyanın əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,50%-i qədər pensiya xərci düşür ki, bu da beynəlxalq aləmdə qəbul edilmiş göstəriciyə (0,3-0,48%) uyğundur.
Fondun 2015-ci il üçün büdcə proqnozları barədə məlumat verən E.Mehdiyev bildirib: "Növbəti il üzrə fondun büdcə layihəsi hazırlanarkən əsas inkişaf göstəriciləri, eləcə də növbəti il üzrə ölkədə orta aylıq əmək haqqının artım göstəriciləri nəzərə alınıb". Qeyd olunub ki, layihədə DSMF-nin 2015-ci il üçün gəlirləri 3 milyard 56 milyon manat proqnozlaşdırılır ki, bu da 2014-cü ilin göstəricisinə nisbətən 127,8 milyon manat və ya 4,4 faiz çoxdur. Fondun 2015-ci il
üçün gəlirlərinin 64 faizini və ya 1 milyard 950 milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. DSMF-nin ümumi daxilolmalarında dövlət büdcəsindən ayrılan transfertin məbləğinin xüsusi çəkisi isə 36%-ə enəcəkdir.
Qeyri-büdcə üzrə gəlirlərin artımının növbəti ilin büdcə layihəsində xüsusilə hədəfə alındığını vurğulayan DSMF sədri diqqətə çatdırıb ki, bu hesaba Fondun 2015-ci il üçün büdcəsi layihəsində ümumi gəlirlərin daxilində qeyri-büdcə daxilolmalarının əhəmiyyətli şəkildə, 2014-cü ilin proqnozu ilə müqayisədə 11,7 faiz artımı nəzərdə tutulub.
Pensiya islahatı konsepsiyasının tətbiqi nəticəsində növbəti ildən DSMF-nin büdcəsinin tərtibi qaydası dəyişəcək. Bunu "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"nda nəzərdə tutulan pensiya təminatında dövlət öhədəilikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsi məsələsinə aydınlıq gətirən Dövlət Sosial Müdafiə Fondunun sədri E.Mehdiyev bildirib.
Fond sədri qeyd edib ki, hazırda ödənilən, eləcə də yeni təyin olunan pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər təşkil edir. Bütün bunların, həmçinin bir sıra vəzifələrdə qulluq etmiş şəxslərə verilən qulluq stajına görə əmək pensiyasına əlavələrin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması pensiya sisteminin əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb olmuşdur. Pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan qeyd olunan dövlət öhdəliklərinin maliyyə yükü hazırda 1,3 milyard manatdan çoxdur. 2015-ci ildə dövlət büdcəsinin transfertinin həcmi isə bundan aşağı məbləğdə - 1,1 milyard manat nəzərdə tutulub, deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldiləcəkdir. Lakin nəzərə alınmalıdır ki, qeyd olunan xərclərin maliyyələşdirilməsinə yönəldilən sosial sığorta vəsaitlərinin ayrı-ayrı sığortaolunanların fərdi hesablarında şərti pensiya kapitalları kimi qeydə alınması, gələcəkdə təyin ediləcək pensiya məbləğləri üzrə sistemin maliyyə öhdəliyini də formalaşdırmaqdadır. "Göstərilənlə əlaqədar, sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi və bu sahədə səmərəliliyin artırılması məqsədilə bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi zərurətə çevrilmişdir."
E.Mehdiyev həmçinin 2014-cü ilin ilk 10 ayında DSMF-nin büdcəsinin icrası ilə bağlı məlumat verərək qeyd edib ki, ümumilikdə bu dövr ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 10 ay ərzində Fondun gəlirləri 2402,1 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz və ya 193,9 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq 1386,2 milyon manata çatıb. Bu daxilolmaların 65,2 faizi və ya 904,4 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,7 faiz və ya 108,8 milyon manat çoxdur. Cari ilin yanvar-oktyabr aylarında Fondun xərcləri 2377,2 milyon manat olub və bunun 98,1 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.
Müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi təyin olunması Azərbaycanın milli iqtisadiyyatının sosial yönümlülüyünü daha da artırmışdır. Bu barədə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev vurğulayıb ki, nəticədə ötən 10 ildə əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələmişdir. Yoxsulluq səviyyəsi 5,3 faizə enmişdir və hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırmış, BMT İnkişaf Proqramının hesabatında "yüksək insan inkişafı" ölkələri qrupunda qərarlaşmışdır. Ölkədə ümumi yoxsulluğun azalmasında pensiyaçılar üzrə yoxsulluğun ixtisarı tədbirləri mühüm rola malikdir.
Belə ki, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə pensiya islahatlarının eyni vaxtda aparılması siyasətinin nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunmuş və onların yoxsulluq problemi əsaslı şəkildə öz həllini tapmışdır. Ölkədə yoxsulluq probleminin aradan qaldırılmasının mühüm vasitələrindən biri kimi pensiyaların davamlı artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu.
E.Mehdiyev həmçinin qeyd edib ki, 2003-2014-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılmışdır. Bu artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımlarından 1,4 dəfə çoxdur. Eləcə də MDB-nin minimum əməkhaqqı göstəricisi yüksək olan ilk 3 dövləti (Belarus 165,8 ABŞ dolları, Rusiya 141 ABŞ dolları, Azərbaycan 133,8 ABŞ dolları) arasında pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə ölkəmiz ilk yerdə qərarlaşmışdır. Həmin nisbət Azərbaycanda 95,2%, Belarusda 79,8%, Rusiyada 70,4% təşkil edir.

XC