AİB: Azərbaycanın xarici maliyyə mövqeyi karbohidrogen qiymətlərindən asılı olacaq İqtisadiyyat

AİB: Azərbaycanın xarici maliyyə mövqeyi karbohidrogen qiymətlərindən asılı olacaq

Asiya İnkişaf Bankının (AİB) təhlilinə əsasən, növbəti iki il ərzində Azərbaycanın xarici maliyyə mövqeyi karbohidrogen qiymətlərindən asılı olacaq.

"APA-Economics"in məlumatına görə, AİB bu ilin yekunlarına əsasən Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitə qayıdacağını və ÜDM-in 3,9%-ni təşkil edəcəyini proqnozlaşdırır. 2022-ci ildə bu göstəricinin bir qədər də yaxşılaşaraq ÜDM-in 5,5%-nə çatacağı güman edir. Bank gözlənilən müsbət dinamkanın əsas səbəbləri kimi neft və yanacaq qiymətlərinin artımını göstərir.

AİB-in gözləntilərinə əsasən, ölkənin xaricə ixracı (xüsusilə yanacaq, meyvə-tərəvəz və pambıq) 2021-ci ildə 29,2%, 2022-ci ildə isə 0,7% artacaq. İdxalın isə iqtisadi bərpa dönəmində əhalinin gəlirlərinin və xərclərinin artması fonunda 2021-2022-ci illərdə müvafiq olaraq 9,2% və 2,7% səviyyəsində artması proqnozlaşdırılır.

Qeyd edək ki, AİB tədiyə balansının hissəsi olan xidmətlər balansına toxunaraq, burada tədricən bərpa olunan nəqliyyat və turizm sektorlarının fonunda kəsirin daralacağını gözləsə də, gəlirlər balansının kəsirinin daha yüksək neft gəlirlərinin mənfəət repatriasiyasını stimullaşdırdığına görə genişlənəcəyini güman edir.

Xatırladaq ki, Azərbaycanın 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. ABŞ dolları və ya ÜDM-in 0,5%-ni təşkil edib. Tədiyə balansının hissəsi olan xidmətlər balansının kəsiri isə 2,84 mlrd. dollar olub. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 0,4 mlrd. dollar (45,4% azalma) olub.

Beləliklə, 2020-ci ildə qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin profisiti 342,7 mln. dollara, turizm xidmətlərinin balansının kəsiri isə 107,5 mln. dollar bərabər olub.