İqtisadi rayonların yeni bölgüsü iqtisadi islahatları gücləndirəcək İqtisadiyyat

İqtisadi rayonların yeni bölgüsü iqtisadi islahatları gücləndirəcək

Respublikanın ayrı-ayrı regionları təbii şəraitinə, ehtiyatlarına, təsərrüfatın sahə və ərazi quruluşuna, tarixi inkişaf xüsusiyyətlərinə və əhalinin məskunlaşmasının inkişaf səviyyəsinə görə bir-birindən fərqlənir. Ona görə də ölkənin yalnız müəyyən hissəsində bu və ya digər məhsulu istehsal etmək və xidmət sahəsini inkişaf etdirmək başqa ərazilərə nisbətən səmərəli olur. Nəticədə ərazi-əmək bölgüsü formalaşır.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov Prezident İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərmanına münasibətində bildirib.

QHT sədrinin fikrincə,
iqtisadi rayonların ayrılması zamanı ərazi-əmək bölgüsü nəticəsində yaranmış təsərrüfatın ixtisaslaşma istiqamətləri əsas amil kimi götürülür:

"Prezidentin fərmanında da qeyd olunur ki, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb, əhalinin rifah halı yüksəlib.

Ardıcıl olaraq həyata keçirilən məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb".

F.Kərimov onu da deyib ki,
iqtisadi rayon - ölkə miqyasında təsərrüfatın ixtisaslaşma istiqamətlərinə görə fərqlənən ərazilərdir: "Hər bir iqtisadi rayon özünəməxsus iqtisadi coğrafi mövqeyə, təbii şəraitə, təbii ehtiyatlara, təsərrüfat quruluşuna və əhalinin milli tərkibinə malikdir. Təsərrüfatın ixtisaslaşması və kompleks inkişafı iqtisadi rayonun əsas əlamətləridir. Prezidentin bu fərmanı iqtisadi islahatlara təkan verməklə yanaşı, əhalinin sosial, iqtisadi rifahını yaxşılaşdıracaq".

Cavid