“Maliyyə böhranı Rusiyanı müharibəyə təhrik edə bilər...” İqtisadiyyat

“Maliyyə böhranı Rusiyanı müharibəyə təhrik edə bilər...”

Heydər Oğuz: "Mümkündür ki, beynəlxalq sanksiyalardan zinhara gələn Kreml yaranan böhranı və sosial narazılığı yatırtmaq üçün bu qanlı plana əl atsın"

Cavid

Nemtsovun öldürülməsi dünya mediasının ən çox müzakirə etdiyi mövzuya çevrilib. Qətlin Putin tərəfindən sifariş verildiyini düşünənlər olduğu kimi, onun Putinə qarşı təxribat niyyətiylə həyata keçirildiyini fikirləşənlər də az deyil. Hansı ehtimalın gerçək olduğunu indidən demək tezdir və bəlkə də, qiyamətə qədər bu sirrin üstü açılmayacaq.
Rusiya rəsmiləri Nemtsovun Putin hakimiyyəti üçün təhdid meydana gətirmədiyini bildirərək qətlin rus siyasi iradəsindən kənarda planlaşdırıldığını desələr də, hər halda bu hadisə rəsmi Moskvanın siyasi məsuliyyətlərini azaltmır. Zira qətlə yetirilən şəxs məlum hadisədən iki həftə qabaq ölümlə təhdid olunduğunu və bu təhdidləri ciddi qəbul etdiyini açıqlamış, hətta qatilin ünvanını belə göstərmiş, açıq şəkildə "Qorxuram ki, Putin məni öldürsün" demişdi.
Politoloq Heydər Oğuzun fikrincə, Rusiya hakimiyyəti, ən azı, bundan sonra onun mühafizəsini təşkil etməli, baş verəcək hadisənin qarşısını maksimum şəkildə almağa çalışmalıydı. Görünən budur ki, rəqiblərini fiziki cəhətdən yox etmək imiciylə ad çıxarmış Rusiya prezidentinin şübhə altında qalması ölkə rəsmilərini qətiyyən narahat etməmişdir. Məhz bu versiya qətldə sözü gedən administrasiyanın maraqlı olduğu ehtimalını qüvvətləndirir: "Hadisənin baş vermə yeri, şəraiti və zamanlaması da xeyli düşündürücüdür. Kremlin beş addımlığında açılan atəş Rusiya siyasi iradəsindən kənarda baş veribsə və qatillər aradan çıxmağı bacarıbsa, öz qüdrəti və siyasi stabilliyiylə lovğalanan ölkənin gələcəyi xeyli qaranlıq görünür. Belə çıxır ki, Kreml adi gözlə görüləcək məsafəni belə nəzarət altında saxlaya biləcək gücünü itirib, istənilən təxribatlara hazır vəziyyətə gətirilib. Sabah eyni küçədə daha betər təxribatların yaşanmayacağının qarantı yoxdur. Putin Rusiyasının xarakterinə bələd olanlar bu versiyanı inandırıcı hesab etmirlər".
Politoloq onu da deyib ki, Nemtsovun yanında ukraynalı bir xanımın bulunması da sanki təsadüfən seçilməyib: "Bilindiyi kimi, Nemtsov Putinin Ukrayna siyasətini qəti şəkildə pisləyən tutumuyla seçilirdi. Hətta Ukrayna prezidenti Petro Poroşenkonun verdiyi məlumata görə, o, yaxın günlərdə rus ordusunun Ukraynaya girdiyini təsdiqləyəcək təkzibolunmaz faktlar açıqlayacaqdı. Qətldən bir gün əvvəl onunla şəxsən danışdığını və bu barədə xəbəri özündən eşitdiyini bildirən Ukrayna liderinin sözlərinə inansaq, ağla cavabı çətin bəzi suallar gəlir. Görəsən, Nemtsovun əlindəki faktlar Kremlə onun öz qətlindən daha betərmi zərbə vura bilərdi?
"Ən yaxşı susqunluq ölüm sükutudur" məntiqiylə Nemtsovu bundan sonra danışdırmaq mümkün olmadığından yuxarıdakı suala da birmənalı cavab vermək imkanında deyilik. Sadəcə, onu deyə bilərik ki, rusiyalı demokratın ukraynalı xanımla bərabər Kremlə doğru irəliləyərkən öldürülməsinin dünyaya verdiyi mesaj bundan ibarətdir - Rusiya-Ukrayna dostluğu əsla və əsla Kremlə doğru irəliləyə bilməyəcək, açılan atəşlər nəticəsində yarıda kəsiləcək.
Qətlin Moskvada keçirilməsi planlaşdırılan "Bahar" yürüşündən 1 gün öncə gerçəkləşdirilməsi ilk olaraq ağla məlum siyasi aksiyaya daha çox iştirakçı cəlb etmək və etirazçılarda Putinə qarşı nifrət artırmaq versiyasını gətirir. Fəqət bu tip terror aktlarında ağla gələn ilk versiya, adətən, yanlış olur və istiqamət azdırmaq xarakteri daşıyır. Mümkündür ki, Rusiya administrasiyası, həqiqətən də, müxalifətlə mübarizədə daha qaba yola əl atıb və etirazçıların gözünü qorxutmaq məqsədilə bu qanlı planı həyata keçirib. Cinayət hadisəsi tam aydınlaşmayınca bu arqumentlərin hansının düz olduğunu söyləmək mümkün olmaycaq".
H.Oğuz onu da vurğulayıb ki, qətldən doğan suallara tam mənasıyla cavab vermək mümkün olmasa da, biz yenə Kremlin gözünün qabağında baş verən qətlin onun iradəsindən kənarda planlaşdırıldığına inanmaq istərdik: "Əks halda, sözügedən terror aktında Rusiyanın barmağının olduğu təsdiqlənərsə, həyata keçirilməsi nəzərdə tutulan planın altından bizi də bir ölkə kimi narahat edən məqsədlərin çıxacağı gözlənilə bilər. Daha aydın təbirlə desək, mümkündür ki, beynəlxalq sanksiyalardan zinhara gələn Kreml yaranan böhranı və sosial narazılığı yatırtmaq üçün bu qanlı plana əl atsın. Daha sonra hadisəni Putin administrasiyasına qarşı təxribat və dövlət çevrilişinə qəsd kimi qiymətləndirərək ölkənin demokratik qüvvələrini boğsun, sosial narazılığı yönlədirə biləcək siyasi təşkilatlanmaların qarşısını alsın. Fəqət bu cür qaba metodlar problemi kökündən həll etmir.
Müvəqqəti xarakter daşıyan bu siyasət heç bir nəticə verməyəcəyindən növbəti məhrələdə sanksiyaların yaratdığı maliyyə boşluğunu doldurmaq ehtiyacı Rusiyanı müxtəlif bəhanələrlə ətraf ölkələrə qarşı müharibəyə təhrik edə bilər".