“Bizi Kərkükdən heç kim çıxara bilməz” Müsahibə

“Bizi Kərkükdən heç kim çıxara bilməz”

Cüneyt Məngün: "Türkmənlər mübarizəni davam etdirib siyasi baxımdan öz haqlarını əldə edəcəklər"

İstanbuldakı Türkməneli Araşdırma Və Düşüncə Mərkəzinin başqanı, doktor Cüneyt Məngünün APA-ya müsahibəsini oxocularımıza təqdim edirik

- Türkmənelindəki son durum barədə bizə məlumat verməyinizi xahiş edirik.

- Türkmənelindəki durumda çox da dəyişiklik yoxdur, eynilə davam edir. Türkmənlərin haqları verilmədiyinə görə mübarizəyə davam edirik. Bölgədə həyata keçirilən siyasətə qarşı həm Bağdadda, həm də Tuzhurmatuda yürüş keçirildi. Səddamdan sonra hökumətdə bizə 2-3 nazirlik verilirdi. Son Nazirlər Şurasında bizə sadəcə İnsan Haqları Nazirliyi verilmişdi ki, 10 gün əvvəl ləğv edildi, yəni türkmənlərin əlindən alındı. Buna etiraz əlaməti olaraq yürüşlər keçirilir, yazılar yazılır. Türkmənlər bu mübarizəni davam etdirib siyasi baxımdan öz haqlarını əldə edəcəklər. Biz Türkiyədən və beynəlxalq qurumlardan dəstək gözləyirik. Mənim başqanı olduğum İstanbuldakı Türkməneli Araşdırma Və Düşüncə Mərkəzi geniş tərkibli toplantı keçirdi. Toplantıda türkmən mənşəli keçmiş nazirlər, millət vəkilləri, partiya liderləri, Türkiyə, Avropa, ABŞ və Kanadadakı dərnəklərimizin başqanları iştirak etdilər. Orada qəbul edilən qərara əsasən, Avropada Federasiya yaradılacaq. İraqda türkmənlərin haqlarını verən qanunların çıxarılması üçün komissiya təşkil ediləcək.

- Avropadakı Federasiyanın məqsədi nə olacaq?

- Federasiya türkmənlərin haqlarını müdafiə etmək üçün yaradılacaq. Bu günlərdə bir heyət seçiləcək.

- Heyət üzvləri Türkiyədən, yoxsa Türkmənelindən seçiləcək?

- Heyətdə Türkiyədən və Türkmənelindən təmsilçilər olacaq. Keçirdiyimiz toplantıda 11 nəfərdən ibarət heyət seçmişik.

- Onu nə məqsədlə seçmisiniz?

- Türkmən məsələsiylə hərtərəfli məşğul olmaq üçün seçildi. Türkmənlərin iqtisadi, siyasi, mədəni haqlarının əldə edilməsi və Türkmən qanununun İraqməclisindən keçirilməsi üçün seçildi. Kərkük liseyinin ən yaxşı şagirdlərini Türkiyəyə gəzməyə gətirmişik. Kərkükdən gəliblər, biz onları daha yaxşı oxumaları və Türkmənelinin gələcəyində söz sahibi olmaları üçün təşviq edirik. Bunlar İraqdakı Türkmən cəmiyyətinin gələcəyinin təminatıdır.

- Hazırda bölgə kimin nəzarətindədir: Bərzaninin yoxsa İraqın mərkəzi hökumətinin?

- Yarı-yarıya, həm Bərzaninin, həm Tələbaninin nəzarətindədir. Amma mərkəzi hökumətin də təsir gücü var. Türkməneli bölgəsi rəsmən İraqın mərkəzi hökumətinə bağlıdır, ancaq oradakı real hakimiyyət kürdlərin əlindədir.

- Terror təşkilatının oralarda nüfuzu varmı?

- Var, PKK-nın oralarda nüfuzu var. Bəzən bizim qurumlarımıza da hücum edir, oradakı insanları narahat edirlər. İndi bu məsələlərə dair şərh vermək istəmirik, çünki oradakı insanlarımız bundan zərər görə bilərlər.

- 2014-cü il iyunun 29-da İŞİD terror təşkilatı Mosulda dövlət elan etdi. Oralarda vəziyyət necədir? Nələr demək istərdiniz?

- Türkiyə bu məsələyə son dərəcə həssas yanaşır. İnşallah, silahlı qüvvələrimiz bu işi həll edər, ondan sonra biz də sözümüzü deyərik. İŞİD beynəlxalq qüvvələrin oyunudur. Təsadüfi məsələ deyil. İŞİD 10 iyun 2014-cü ildə Mosulu işğal edəndə orada İraq hökumətinin təxminən 59 min nəfərlik ordusu vardı, onlar hamısı silahı buraxıb qaçdı, torpaqları müdafiə etmədi. Tarix İŞİD gerçəyini ortaya çıxaracaq. Hazırda mən bunu deyə bilərəm ki, İŞİD qaranlıq qüvvələrin oyunudur.

Bildirmək istəyirəm ki, bizi Kərkükdən heç kim çıxara bilməz.

- Azərbaycana vermək istədiyiniz mesajlar varmı?

- Azərbaycan qardaşımızdır. Biz də azərbaycanlıyıq. Biz azərbaycanlılarla söhbət edəndə şivəmizin eyni olduğunu hamı görür. Mən Azərbaycandakı qardaşlarımıza "həmşəhri" deyirəm. Çünki biz eyni mədəniyyətin insanlarıyıq. Azərbaycanlı qardaşlarımın hamısına salam deyirəm. İnşallah, Qarabağ azad olacaq. 2003-cü ildə Səddamın devrilməsindən sonra Kərkükdə türkməncə məktəblər açıldı. Ancaq məktəblərimizin laboratoriyalarındakı təchizat zəifdir. Azərbaycan Türkmənelindəki məktəblərin maddi bazasının gücləndirilməsinə yardım etsə, buna çox sevinərik.