“Azdrama“da olan bütün söz-söhbətlər səngiyib” Müsahibə

“Azdrama“da olan bütün söz-söhbətlər səngiyib”

Mərahim Fərzəlibəyov: "Dramaturgiya ilə məşğul olan adam məsuliyyəti dərk edib işə ciddi yanaşmalıdır"



Akademik Milli Dram Teatrının rejissoru, xalq artisti Mərahim Fərzəlibəyovun APA-ya müsahibəsi (ixtisarla)



- Mərahim müəllim, on günə yaxındır deyirsiniz, başınız möhkəm qarışıqdır. Gəlin, ondan başlayaq ki, sizi məşğul edən o iş nədir?



- Klassik dram əsərlərini oxuyuram ki, hansını səhnəyə hazırlaya bilərəm, hansı mənə daha yaxın ola bilər. Bu məsələlər haqda ciddi düşünürdüm. Bizim tanınmış aktyorumuz İlham Əsgərov vəfat edəndən sonra "Qürbətdən gələn məktublar"ı xalq artisti Ramiz Məlikovla hazırlayırıq. İstəyirəm, o tamaşa ayaq üstə olsun, oynanılsın. Ümumiyyətlə, tamaşa hazırladım, hazırlamadım, yaradıcılıq məsələləri həmişə mənimlədir. Özümə yaxın olan əsəri hər zaman axtarıram, araşdırıram. Hələlik axtarışdayam. Mənə elə gəlir, yaxın vaxtlarda məlum olacaq ki, hansı Azərbaycan klassikinin əsərini milli teatrda səhnəyə qoyacağam.



- Sizə yaxın olan əsər hansı prinsiplərə və estetikaya söykənməlidir?



- Dramaturgiya elə bir janrdır ki, gərək onun ustadı olasan. Dramaturgiya hər yazıçının işi deyil. Yəni roman, povest yazan məşhur yazıçı pyes yaza bilməz. Məsələn, Heminquey dünya şöhrətli romanların müəllifidir, amma bir-iki pyes yazıb. Dünyanın ən böyük dramaturqların olan Çexova sual verirdilər ki, dramaturgiya nədir, deyirdi, dar ağacı. Hər pyesi yazanda elə bil onu dar ağacına aparırdılar.
"İlyas müəllim nə əsər yazdısa, hamısını mənə həvalə elədi. Hətta bir neçə əsəri var idi ki, bizim aramızda fikir ayrılığı oldu və əsərlər başqa rejissorlara verildi"

Əlbəttə, bunlar hamısı məcazdır, amma dramaturgiya ədəbiyyatın böyük qoludur və mənə elə gəlir, bu işlə məşğul olan adam məsuliyyəti dərk edib işə ciddi yanaşmalıdır. Taleyim belə gətirdi ki, Azərbaycanın böyük yazıçısı və dramaturqu İlyas Əfəndiyevlə 25 il dost olduq. Bu dostluğun nəticəsində İlyas müəllim nə əsər yazdısa, hamısını mənə həvalə elədi. Hətta bir neçə əsəri var idi ki, bizim aramızda fikir ayrılığı oldu və əsərlər başqa rejissorlara verildi. Amma mən dramaturgiyanın ləzzətini, dadını İlyas Əfəndiyevdən aldım. Çünki rus ədəbiyyatında, dünya dramaturgiyasında seçim çoxdur. Azərbaycanın həm klassik, həm də müasir dramaturgiyası müəyyən qədər məhduddur. İstəyirəm, dram əsəri yazan müasir yazıçılarımız bilsinlər ki, dialoq hərəkət deməkdir. Aktyor dialoqla daxili aləmini tamaşaçıya nümayiş etdirir. Dramaturgiyanın dialoqları hərəkətdir. Müəllif hərəkət edən dialoqu tapa bilirsə, rejissor və aktyorlar ondan çox məharətlə istifadə edə bilir. Şəxsən mən belə dramaturgiyanın istəyindəyəm. Çox təəssüf ki, İlyas Əfəndiyevdən sonra bu cür dramaturgiyaya rast gələ bilmədim. Müəyyən yaxşı səhnələr, dialoqlar, yaxşı mövzular olub, amma tam şəkildə belə dramaturq yoxdur ki, hər şeyi qaydasında olsun. Elçinin, Anarın əsərləri mənə yaxındır, dramaturgiyanın qaydalarına cavab verirlər.



- Elçin Əfəndiyev, Kamal Abdulla, Afaq Məsud dram əsərləri yazırlar və onlar səhnəyə qoyulur...



- Kamal Abdullanın özünəməxsus üslubu var. Simvolik dramaturgiyanın olmağı, yaşamağı vacibdir. Afaq Məsudda mistika var, o da vacibdir. Amma mən real rejissor olduğuma görə real əsərləri xoşlayıram. Məsələn, Ostrovskinin, İlyas Əfəndiyevin, Mirzə İbrahimovun, İmran Qasımovun, Məmməd Səid Ordubadinin əsərləri. Onlar çalışıblar həyatı əks etdirsinlər. Yəni adını çəkdiyim dramaturqlar real dramaturqlardır.



- Siz hesab edirsiniz ki, 2015-ci ildə İmran Qasımov və Mirzə İbrahimov Afaq Məsuddan daha aktualdır? Yəni məsələyə bu tərəfdən yanaşmaq mümkündür?



- Bilirsiniz, Afaq Məsud bu günün yazıçısıdır, İmran Qasımov isə 60-cı illərin. Bunları müqayisə etmək mümkün deyil. İmran Qasımov o illərə görə yazırdı, SSRİ miqyasında oynanılırdı.
"Azərbaycan məkanında mənim üçün ən böyük dramaturq İlyas Əfəndiyevdir"

Yaxud Rüstəm İbrahimbəyovun, Maqsud İbrahimbəyovun əsərləri oynanılırdı. Amma bu gün görürsünüz, nə SSRİ məkanında, nə də Azərbaycanda İmran Qasımovun, Rüstəm və Maqsud İbrahimbəyovların əsərləri səhnəyə qoyulmur. Çünki bu əsərlər zamanı ilə ölçülürdü və zaman keçdikcə o əsələr unuduldu. Azərbaycan məkanında mənim üçün ən böyük dramaturq İlyas Əfəndiyevdir. Xüsusilə onun tarixi əsərləri. Mən çox xoşbəxtəm ki, "Mahnı dağlarda qaldı" əsərini çıxmaq şərti İlyas Əfəndiyevin bütün tarixi əsərlərinə quruluş vermişəm. O əsərlər heç vaxt öz təravətini itirməyəcək.



- Aktyorlarla necə işləyirsiniz? Bəzən belə fikirlər səslənir ki, bizim aktyorlar çağdaş estetik meyarlara cavab verməyən oyun tərzini, pafosu hələ də davam etdirirlər...



- Bilirsiniz, mən 80-ci ildən burda işləyirəm. Həsənağa Turabov, Amaliya Pənahova, Şəfiqə Məmmədova, Ağasadıq Gəraybəyli, Hamlet Xanızadə, Əlabbas Qədirovla işləmişəm və bir-birimizi başa düşmüşük. Rejissor və aktyor həmrəyliyi lazımdır. Düzdür, böyük aktyorlarla işləmək asan deyil. O ki qaldı pafosa, o əsərdən asılıdır. Elə romantik-lirik əsər olar ki, orda pafosa yer vermək olar.



- Məsələn, Cəfər Cabbarlının əsərlərində...



- Bəli. Cəfər Cabbarlı xüsusi pafosu olan dramaturqdur. Cəfər Cabbarlının əsərləri bu gün də aktualdır. Sadəcə, Cabbarlıya çarşab atmaq kimi, Almazın müəllim kimi kəndə getməyi kimi yox, başqa rakursdan yanaşmaq lazımdır. O əsərlərdə çox böyük obrazlar var. Biz xoşbəxt xalqıq ki, Cəfər Cabbarlı kimi dramaturqumuz var. Bu o demək deyil ki, Azərbaycanda müasir dramaturgiya yoxdur. İstəyərdim, ya Yazıçılar Birliyində, ya Akademik Milli Dram Teatrının nəzdində bir laboratoriya yaradılsın, orda müasir dram əsərlərini müzakirə etsinlər, fikir mübadiləsi aparsınlar ki, niyə görə filan əsər yaxşı alınıb, amma sənin əsərin zəifdir, tələblərə cavab vermir. Onun səbəblərini açıqlamaq lazımdır.



- Yəni siz master-klass keçməyə hazırsınız...



- Əlbəttə, cavan dramaturqları yönəldə bilərəm. Amma bizdə elə yazıçılar var ki, onlar həqiqi mənada yaxşı dram əsərləri yazırlar. Məsələn, Elçin Əfəndiyev yaradıcılığında dramaturgiya böyük yer verib. Elçin elə bir yazıçının ailəsində böyüyüb ki, onun pyeslərində dramaturji konfliktlər özünə yer tapa bilir. Anarın çox gözəl dram əsərləri var və mənə elə gəlir o əsərlərə də müraciət etmək lazımdır.



- Anar indi pyes yazmır...



- Çox təəssüf ki, yazmır. Mənə elə gəlir Anar müəllim pyes yazsa, çox yaxşı alınar. Vaqif Səmədoğlu dramaturgiyanı yaxşı bilirdi. Vaqif müəllim vaxtilə özünü şeirə yox, dramaturgiyaya həsr etsəydi, onda yaxşı pyeslər alına bilərdi.




- Akademik Milli Dram Teatrı Emmanuel Şmitin roman kimi yazdığı "Müsyo İbrahim və Quran çiçəyi" tamaşasının premyerasını keçirdi. Məncə, tamaşa yaxşı qarşılandı. Yəni müvəffəqiyyət gözləmək çətin olmadı...



- Bilirsiniz, Emmanuel Şmit Fransanın məşhur yazıçısıdır. Amma unutmaq lazım deyil ki, o, dramaturqdur və onun çoxsaylı pyesləri var. Üstəlik, özü rejissordur, film çəkir. "Müsyo İbrahim və Quran çiçəyi" əsərinin kinematoqrafik tərəfləri daha çoxdur. Bu, Şmitin həm də Qurana, İslama sevgisi idi. Ona görə bu əsər çox pak əsərdir. Əlbəttə, bu əsərin səhnəyə gəlməsi çox yaxşı haldır. Amma yenə o fikrimdə qalıram ki, Şmitin yaxşı pyesləri var və mən onu tamaşa qoysaydım, onun pyeslərindən birinə müraciət edərdim. Məsələn, onun çox gözəl bir əsəri var: "Don Juanın son gecəsi". Axır, bütün qadınlar yığılır ki, Don Juanı cəzalandırıb, evləndirsinlər. Amma yenə deyirəm, "Müsyo İbrahim və Quran çiçəyi" əsərinin Akademik Milli Dram Teatrında səhnəyə qoyulmasını alqışlayıram. Elə bir əsəri Azərbaycan tamaşaçısı tanıyırsa, bu, gözəl hadisədir.



- Mərahim müəllim, teatrda son vaxtlar baş verən hadisələrə münasibətiniz necədir?



- Teatrlarda söz-söhbət hər zaman olub. Elə vaxt olub aktyorlar baş rejissoru, elə vaxt olub müdiriyyəti bəyənməyiblər. Teatr islahatları başlayanda Akademik Milli Dram Teatrının direktoru dəyişdi və bu vəzifəyə teatr işini bilən bir insan kimi İsrafil İsrafilov təyin olundu və beş il teatrı idarə etdi.
"Teatrlarda söz-söhbət hər zaman olub. Elə vaxt olub aktyorlar baş rejissoru, elə vaxt olub müdiriyyəti bəyənməyiblər".

Teatrda belə bir qruplar var idi ki, onlar baş rejissor tələb edirdilər. Fikir ayrılığı bundan ibarət idi. Qalmaqallar baş rejissor təyinatı gecikdiyi üçün uzandı. Amma artıq bizim görkəmli rejissorumuz Azərpaşa Nemət baş rejissor-bədii rəhbər vəzifəsinə təyin olunub. Mənə elə gəlir artıq bütün söhbətlər səngiyib, daha heç kim heç nə deyə bilməz. Çünki teatrda baş rejissor var, işlər öz məcrasında davam edir, yaxşı əsərlər tamaşaya qoyulacaq. İsrafil müəllim yeni rejissorları dəvət etmişdi, onlar tamaşa hazırladılar. Milli Teatrın tarixində bu qədər tamaşa hazırlayan rejissorlar olmayıb. Əlbəttə, bu böyük risk idi və bu riskə getmək lazım idi. Bəlkə onların içində parlayan imzalar olacaqdı? Özündən əmin olan rejissorlar tamaşa, əsər qoydular və çox adi şəkildə qarşılandılar. O tamaşalar nə rejissor sənətində, nə dramaturgiyanın özündə sıçrayış yaratmadı.



- Amma iddiaları böyük idi?



- Bəli. Akademik Milli Dram Teatrından böyük teatr yoxdur və o rejissorlar burda tamaşa hazırladılar. Artıq bilindi ki, teatr hansı rejissorlarla işləyəcək. Bilirsiniz, bu teatra lazım idi. Bu, ələk və risk idi. Bundan sonra teatra lazım olan rejissorlar dəvət olunacaq. Bu, hər yerdə belədir. Mənə elə gəlir, iki-üç tamaşaya quruluş verən və adi tamaşası adi qarşılanan rejissorlara əsər verməyəcəklər. Mənə elə gəlir o rejissorların özü də bilir ki, tamaşaları alınmayıb. Amma mən onları inkar etmirəm, onların da haqqı var idi ki, tamaşa hazırlasınlar. İntəhası, bir var mən sizdən soruşam ki, əsər necədir, deyəsən, belə də. Bir də var deyəsən ki, nə gözəldir. "Belə də" tamaşasını qoyan rejissorun özü də bilir ki, işi alınmayıb. Tamaşanı təkcə aktyorun bəyənməsi şərt deyil, gərək ictimaiyyət bəyənsin. Elə mən öz tamaşalarımı da onların gözünə qatıram. Demirəm ki, mən yaxşı əsər hazırlamışam. Teatrda sorğular keçirilib. Ən çox səs iki əsərə verilirdi: Azərpaşa Nemətin "Şah Qacar" və mənim "Qürbətdən gələn məktublar" tamaşama.





- Yeni tamaşanıza nə vaxt baxa biləcəyik?



- Nəcəf bəy Vəzirovun əsərləri üzərində işləyirəm. Çox istəyirdim ki, bizim mərhum aktyorumuz İlham Əsgərov Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" əsərində Nəcəf bəyi oynasın. Bu fikirlə getdim teatrın direktoru İsrafil İsrafilovun yanına. İlham Əsgərov da mənim yanımda idi. İsrafil müəllim dedi, mən çox sevinərəm ki, sən bizim belə gözəl aktyorumuzla bu əsəri səhnəyə hazırlayasan. Təəssüf ki, ölüm vəfa etmədi və mən də fikrimi dəyişdim: "Dağılan tifaq"ı İlhamdan Əsgərovdan sonra hazırlamayacağam.