“Üç prezidentə tərcüməçilik etmişəm” Müsahibə

“Üç prezidentə tərcüməçilik etmişəm”

Xaqani Qayıblı: "Estoniyada erməni diasporunun fəaliyyəti hiss olunmur"

Tartu Universitetinin Türk Dili Mərkəzinin müdiri, Estoniya-Azərbaycan Dostluq Cəmiyyətini sədri, Estoniyanın üç prezidentinin tərcüməçisi, yazar Xaqani Qayıblının BayMediaya müsahibəsini oxucularımıza təqdim edirik

- Xaqani müəllim, hazırda Estoniyada nə qədər soydaşımız yaşayır və onların bir araya gəlməsi hansı səviyyədədir?
- Estoniyada təxminən iki minə yaxın soydaşımız yaşayır. Bildiyiniz kimi, keçmiş sovetlər məkanında azərbaycanlılar arasında ilk icmalaşma işartıları məhz Estoniyada görünməyə başladı. 1988-ci ildə təşkil olunan "Ocaq" və 1990-cı ildə yaranan Estoniya Azərbaycan Dostluq Cəmiyyəti nəinki Azərbaycan diasporunun formalaşmasında önəmli rol oynadı, hətta deyərdim ki, Estoniyanın müstəqillik hərəkatında da gözə çarpan fəaliyyət sərgilədi.
Bu gün Estoniyadakı Azərbaycan diasporunun fəaliyyətini qənaətbəxş hesab etmək olar. Amma bu o demək deyil ki, əlimizi əlimizin üstünə qoyub oturmalıyıq. Diaspor fəaliyyəti işgüzarlıq və ardıcıllıq tələb edir.
- Estoniyada Azərbaycanla bağlı təəssüratlar necədir?
- Məlum məsələdir ki, hər hansı bir ölkədə, yaxud cəmiyyətdə istənilən xalq haqqında təəssürat, öncəliklə, o ölkədə yaşayan fərdlərin şəxsində formalaşır. İllərdir yaşadığım Estoniyada istər işlədiyim qədim Tartu Universitetində, istərsə də toplumda təmasda olduğum hər hansı bir estondan xalqımız haqqında arzuolunmaz bir ifadə eşitməmişəm. Bir həqiqət var ki, fərdlər üzərində formalaşan təəssüratlar sonralar dövlətlər arasındakı münasibətlərdə mühüm yer tutur. Bu baxımdan, ümid edirəm ki, Estoniya ilə Azərbaycan arasındakı münasibətlər getdikcə daha da möhkəmlənəcək və gözəl şəkildə inkişaf edəcək.
- Bir ziyalı olaraq, Dağlıq Qarabağ məsələsinin həllini necə görürsünüz?
- Dövlət başçılarının görüşlərinin nəticələrini xırdalıqlara qədər bilmədiyimiz üçün bu görüşlər haqqında qəti fikir yürütmək doğru olmaz. Ancaq bir məsələ aydındır ki, hər bir görüş hansısa ehtiyacdan doğur. Əminəm ki, ehtiyac olmadığı təqdirdə bu görüşlər dayandırılacaq və bundan sonra başqa bir ehtiyacın tələbinə uyğun olaraq gərəkən addımlar atılacaq. Şübhəsiz, bunca uzun bir zaman çərçivəsində məsələnin həll edilməməsi bizim xeyrimizə deyil. Amma nəzərə alsaq ki, Dağlıq Qarabağ məsələsi biz istəsək də istəməsək də, artıq yalnız Azərbaycan və Ermənistan məsələsi olmaqdan çoxdan çıxıb, o zaman problemin həlli məsələsinin çətinliyini anlamaq mümkündür.
Heç kəsə sirr deyil ki, Dağlıq Qarabağ məsələsi təkcə bu günün məsələsi deyil. Bu məsələnin bir keçmişə dayanan, bir də gələcəyə uzanan boyutları var. Bir də bütün bunların üstünə bölgəsəl və evrənsəl dəngə politikasını gəlsək, məsələnin doğrudan-doğruya qəlizliyi tam mahiyyəti ilə ortaya çıxır. Bütün bunlar bizim üçün nə qədər cansıxıcı səslənsə də, bir gerçəklikdir və bu gerçəkliklə hesablaşmamaq mümkün deyil. Bunlar məsələnin obyektiv tərəfi.
Məsələnin subyektiv tərəfinə gəlincə, Dağlıq Qarabağ məsələsinin həllində mənim iki subyektiv mövqeyim var: 1). oğul kimi; 2). ata kimi.
Sıradan bir soydaş olaraq, atamın oğlu kimi günü sabahdan müharibə yolu ilə torpaqlarımızı azad etməyi özümə şərəf bilirəm; amma yazar Xaqani Qayıblı və bir ata olaraq bu məsələnin sülh yolu ilə həll edilməsinin tərəfdarıyam.
- Estoniya prezidentinin tərcüməçisi kimi fəaliyyət göstərirsiz. Onlarla Azərbaycan, Qarabağ həqiqətləri hansısa söhbətləriniz olubmu?
- Mən üç prezidentə tərcüməçilik etmişəm. Bunlar 1996-2001 arası Lennart Meri (amma Lennart Merinin prezidentlik müddəti 1992-2001 olub), 2001-2006 arası Arnold Rüütel, Toomas Hendrik İlvesə isə 2011-ci ildən dən indiyə qədər. Azərbaycan və Qarabağ həqiqətləri haqqında hər üç prezidentlə söhbətlərimiz olub. Daha çox rəhmətlik Lennart Meri və Toomas Hendrik İlveslə bu haqda söhbətimiz olib. Lennart Meri özü yazıçı idi və mən onunla hələ prezident olmamışdan tanış idik. Türkiyəyə rəsmi səfərlərimizdə, hətta uçaqda söhbətlərimiz olub. Lennart Meriyə bəzi kitablar da vermişdim. Bu haqda bir foto da olmalıdır, tapsam göndərərəm. Arnold Rüütel hər zaman Azərbaycanın tərəfində olub və indi də hər tədbirimizdə canla-başla iştirak edir. Toomas Hendrik İlves ilə biz çoxdanın tanışlarıyıq. Avropa Azadlıq Radiosu hələ Münxen şəhərində fəaliyyət göstərəndə İlves eston şöbəsinin müdiri idi və mən onunla 1992-ci ildə Münxendə tanış oldum. O vaxtdan da zaman-zaman görüşmüşük və əlaqələrimiz hər zaman səmimi olub.
- Estoniyada erməni diasporunun fəaliyyəti hiss olunurmu və xüsusi ilə hansı şəhərlərdə təşkilatlanıblar?
- Xeyr, hiss olunmur. Estoniyada bütün diaspor təşkilatları başlıca olaraq, iki şəhərdə - Tallin və Tartuda fəaliyyət göstərir.
- Xaqani müəllim, bildiyimiz qədər siz əslən gürcüstanlısınız, yəni Borçalı türklərindənsiniz. Bugünkü administrasiyasının soydaşlarımızla bağlı yürütdüyü siyasət sizi qane edirmi?
- Tamamilə qane etmir desəm, bu, yalan olar. Bütün idarəetmələrdə müəyyən çatışmazlıqlar mövcud olduğu kimi, bəzi əskikliklər indiki yönətimində də var. Məsələn, torpaq islahatı kimi uzun zamana ehtiyacı olan bir sürəcin çox qısa bir müddətdə alaçiy və qərəzli şəkildə həyata keçirilməsi yolverilməz və qüsurlu siyasətdir. Bu yanlış siyasətin nəticəsində də Gürcüstanda yaşayan soydaşlarımız öz dədə-baba əkin-biçin və otlaq sahələrindən məhrum olublar. Bu mövzuda müxtəlif şəxslər və qurumlarla danışıqlar olsa da, təəssüflər olsun ki, hələlik bir nəticə əldə edilməyib. Fikrimcə, Gürcüstan və Azərbaycan arasındakı sıx tərəfdaşlıq və yaxın qonşuluq münasibətləri, eyni zamanda dövlət başçılarının dostluğu sayəsində bu problemi aradan qaldırmaq mümkündür.

Elnur Eltürk