Ceyms Uorlikin təklifləri... Müsahibə

Ceyms Uorlikin təklifləri...

Teyyub Qənioğlu:"Azərbaycanın mənfelərinə uyğun deyil"
"ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemini beynəlxalq hüquq normaları, BMT-nin məlum Qətnamələri əsasında ədalətli həll etmək iqtidarında deyil, əslində bunu heç istəmir də"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məslisinin sədri Teyyub Qənioğlunun partiyanın mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edirik.

- Teyyub bəy, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtondakı Kornegi Mərkəzində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ABŞ Dövlət Departamentinin rəsmi mövqeyini açıqlayıb. Sizcə, ABŞ tərəfindən irəli sürülən təkliflərdə hər hansı bir yenilik varmı və bu təkliflər Azərbaycanın mənafelərinə nə dərəcədə uyğundur?
- Rusiyanın Ukraynaya müdaxiləsindən, Krımı işğal edib özünə birləşdirməsindən, Cənubi və Şərqi Ukraynada seperatçılara dəstək verməsindən sonra istər Qərb, istərsə də bəzi yerli analitiklər belə fikirlər ürəli sürürdülər ki, guya bu hadisələr ABŞ-ın və Qərbin Rusiyaya münasibətini dəyişib və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli üçün əlverişli şərait yaranıb. Hətta bəzi amerkalı rəsmilər və analitiklər ABŞ-ın Dağlıq Qarabağ probleminin həllinə dair yeni təkliflər hazırladığını və yaxın zamanlarda elan edəcəyini söyləyirdilər. Nəhayət, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ-ın "yeni təkliflərini" açıqladı. Azərbaycanda bir məsəl var-"quşum var, quşum var, gətirəndə gördülər ki, bayquş". Uorlikin bəyan etdiyi "yeni təkliflər" də elə buna bənzəyir. Bu təkliflərdə yeni bir məqam yoxdur, onlar dəfələrlə müzakirə mövzusu olan və Azərbaycanın mənafelərinə qətiyyən uyğun gəlməyən yeniləşmiş Madrid prinsiplərinin təkrarından başqa bir şey deyil. Hərçənd ki, bəzi yerli analitiklər irəli sürülən təkliflərin çoxunun Azərbaycanın xeyrinə olduğunu, bəzi siyasətçilər isə bu təkliflərdə Azərbaycanın maraqlarını xüsusi təhdid edən məqamların olmadığını söyləyirlər. Mən belə fikirlərin ziyanlı olduğunun qənaətindəyəm. Gəlin bu təklifləri bir-bir nəzərdən keçirək.
1-ci təklif: "Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər razılaşmalıdırlar ki, yekun statusun müəyyənləşdirilməsi gələcəkdə qarşılıqlı razılaşdırılmış və hüquqi qüvvəyə malik olacaq öz iradəsini ifadə etmə əsasında həyata keçiriləcək. Aralıq variantlar (!) müvəqqəti olacaq" Baxın bu təklifin mənasına. Əvvəla, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğu sual altına alınır və qeyd edilir ki, Azərbaycan bununla razılaşmalıdır!? İkinci, Dağlıq Qarabağa yekun statusunun Azərbaycanın razılığı ilə, öz iradəsini ifadə etmə əsasında, başqa sözlə referendum yolu ilə, müəyən edilməsi şərti irəli sürülür ki, bu da Azərbaycan Konstitusiyasına ziddir. Üçüncü, bu təklif Azərbaycanın qeyd olunanlara ciddi müqavimət göstərəcəyi halda bəzi güzəştlərə gedilməsini ehtiva edir, ancaq istənilən razılaşmanın müvəqqəti olacağını bildirir.
2-ci təklif: "Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Bakı tərəfindən nəzarət olunmayan ərazisinin aralıq statusu müəyyən olunmalı və həmin ərazinin təhlükəsizliyi və özünüidarəsi təmin edilməlidir". Biz bunu artıq görmüşük və nəticəsinin acısını yaşayırıq. Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsi yaranan ilk dövrlərdə onu SSRİ-nin və Azərbaycanın Konstitusiyaları əsasında həll etmək əvəzinə Sovet rəhbərliyi antiazərbaycan, ermənipərəst mövqe sərgiləyərək, bu regionun tədricən Azərbaycandan ayrılması yolunu tutdu. Azərbaycanın hüquqlarını kobudcasına pozan və Azərbaycanın o zamankı rəhbərliyinin səriştəsizliyindən, acizliyindən istifadə edən SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də, Azərbaycan Konstitusiyasına zidd olaraq, ermənipərəst Arkadi Volskinin sədrliyi altında tərkibində 8 nəfər olan Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarə Komitəsi yaratdı. Sov.İKP MK Siyasi Bürosu 13 yanvar tarixli iclasında bu qərarı bəyəndi (!). Və sonrakı hadisələr göstərdi ki, Xüsusi İdarə Komitəsinin yaradılması regionun Azərbaycanın nəzarətindən de-fakto çıxarılmasının əsasını qoydu. İndi isə ABŞ Dağlıq Qarabağın aralıq statusunun müəyyən edilməsi təklifini irəli sürməklə onun həm də de-yure Azərbaycanın tərkibindən çıxarılmasını - özü də Azərbaycanın razılığı ilə - təklif edir!
3-cü təklif: "Dağlıq Qarabağ ətrafında ələ keçirilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Azərbaycanın suverenliyinə hörmətin olmadığı bir şəraitdə problemin həlli mümkün deyil və Azərbaycanın həmin ərazilər üzərində suverenliyi bərpa olunmalıdır". Bu, başdan ayağa riyakarlıqla dolu təklifdir! Fikir verin, Azərbaycanın yalnız Dağlıq Qarabağ ətrafında ələ keçirilmiş əraziləri üzərində suveren hüquqları tanınır, yəni ABŞ Daqlıq Qarabağ üzərində Azərbaycanın süveren hüququnu tanımır! Bu, ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri kimi ABŞ-ın da, Dağlıq Qarabağın Azərbaycandan faktiki olaraq ayrılmsına çalışdığını sübut etmirmi?
4-cü təklif: "Ermənistanı Dağlıq Qarabağla əlaqələndirəcək dəhlizin olması vacibdir. Bu dəhliz təhlükəsiz gediş-gəliş üçün lazımi genişliyə malik olmalıdır, lakin bütün Laçın rayonunu əhatə edə bilməz". Bu təklifin mahiyyəti ondan ibarətdir ki, həmin dəhliz Azərbaycanın nəzarətində olmamalıdır və maraqlı tərəflərin əzəli Azərbaycan ərazisinə nəzarətsiz girişi təmin edilməlidir. Bu dəhliz "bütün Laçın rayonunu əhatə edə bilməz" deməklə, guya Azərbaycana güzəşt edirlər.
5-ci təklif: "Uzunmüddətli həll çərçivəsində qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ tanınmalıdır". Burada qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnun tanınmasından söhbət gedir, qayıtmalarından yox! Qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnun tanınması hələ onların öz doğma yurdlarına qayıtmasına icarə veriləcəyi anlamına gəlmir. Biz mexseti türklərinin Gürcüstana qayıtmaq hüququnun tanınmasının nəticələrini görürük.
6-təklif: "Sülhməramlı əməliyyatı özündə ehtiva edəcək beynəlxalq təhlükəsizlik təminatları vacibdir. Bütün tərəflərin etimad etdiyi və yaxşı hazırlanmış sülhməramlı əməliyyat olmadan sülhün təmin olunmasına dair nümunə yoxdur". Bu təklifin mahiyyəti ondan ibarətdir ki, onun qəbul olunması gələcəkdə Azərbaycanın Dağlıq Qarabağ üzərində süveren hüququqlarının hərb yolu ilə bərpa ediləcəyini istisna edir, başqa sözlə, Dağlıq Qarabağın əbədi itirilməsinə təminat verilir.
Yuxarıda qeyd edilənlər bir daha göstərir ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ABŞ adından irəli sürdüyü "yeni təkliflər" Azərbaycanın mənfelərinə uyğun deyil. Biz hesab edirik ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemini beynəlxalq hüquq normaları, BMT-nin məlum Qətnamələri əsasında ədalətli həll etmək iqtidarında deyil, əslində bunu heç istəmir də! Siyasətin mümkün olanı həll etmək vasitəsi olduğunu bilirik. Ona görə də hesab edirik ki, Dağlıq Qarabağ problemini Rusiyanın yaratdığını və idarə etdiyini nəzərə alaraq, ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina edilməli, onun həlli üçün danışıqlar birbaşa Rusiya ilə aparılmalıdır. BAXCP Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, bu region üzərində suverenliyinin tam pərpa edilməsi müqabilində Rusiyanın regionda bəzi maraqlarının nəzərə alınmasını mümkün sayır. Partiyamızın bu mövqeyi bu yaxınlarda BAXCP sədri Qüdrət Həsənquliyev tərəfindən bir daha ictimaiyyətin nəzərinə çatdırıldı.
- Ancaq Qüdrət Həsənquliyevin Dağlıq Qarabaq probleminin həlli ilə bağlı irəli sürdüyü təkliflər birmənalı qarşılanmadı. Hətta Qüdrət Həsənquliyevi rusiyapərəstlikdə ittiham edənlər də oldu.
- Mən Qüdrət bəyi rusiyapərəstlikdə ittiham edənlərin kimlərdən ibarət olduğunu əvvəlki müsahibəmdə qeyd etmişdim. Bunlar "psevdovətənpərvərlərdir", özlərinin bir az əvvəlki antiazərbaycan, antimilli mövqelərini, ermənipərəstliklərini ört-basdır etmək üçün əllərinə fürsət düşdüyünü hesab edənlərdir. Baxın, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Qüdrət bəyin müsahibəsində irəli sürdüyü təklifləri "öz süzgəcindən keçirərək" onu birbaşa olmasa da, dolayı yolla rusyapərətlikdə ittiham edir və yazır ki,"...rusiyapərəstlik ermənipərəstliyə bərabərdir". Bunu, sədri 2010-cu ilin oktyabrında Almaniyanın Podstam şəhərində başlanan və "Potsdam prosesi" adlanan tədbirdə Erməni Ümummilli Hərəkatının sədi Aram Manukyanla əməkdaşlıq sazişi imzayan partiyanın Mərkəzi İcra Aparatının rəhbəri deyir! Bu sazişi imzalamaqla tərəflər Cənubi Qafqazda münaqişələrin dinc yolla nizamlanmasına dair üzərlərinə öHdəliklər götürüblər. Erməni Milli Konqresinin əlaqələndiricisi Levon Zurabyan bu sazişin mahiyyətini açaraq qeyd etdi ki, "EÜH Qarabağ məsələsində heç bir güzəştə getmədən azərbaycanlıların sülhpərvər ifadələr səsləndirməsinə nail oldu. Halbuki, Ermənistan rəhbərliyi indiyədək çoxsaylı güzəştlərə getsə də, Azərbaycanın hərbi ritorikasını dəyişə bilməyib". Hakimiyyətə gəlmək üçün kimin Azərbaycanın maraqlarını satdığı göz qabağında deyilmi?
Arif Hacılıya məxsus olan və AXC hakimiyyəti üçün qınağa çevrilən bir ifadəsini onun yadına salmaq istəyirəm. Arif bəy deyirdi: "Biz hakimiyyət gəlməyimizi 9 dövlətlə razılaşdırmışıq". Qüdrət bəy Rusiya qoşunlarını Azərbaycana dəvət etmir. O deyir ki, Azərbaycanın ərazi bütövlüyünün, Dağlıq Qarabağ üzərində suverenliyinin təmin edilməsi müqabilində Rusiyanın regionda bəzi maraqları təmin edilə bilər. Qüdrət bəy yuxarıda qeyd olunan şərtlər daxilində Rusiyanın Azərbaycanda Qəbələ RLS tipli mövcudluğunun təmin edilməsini istisna etmir. Hakimiyyətə gəlmək üçün ölkəmizdə 9 dövlətin maraqlarının təmin edilməsini məqbul sayan Arif Hacılı nədən ərazi bütövlüyümüzün təmini üçün bir dövlətin maraqlarının nəzərə alınmasını məqbul saymır!?
ADP-nin sədri Sərdar Cəlaloğlu Qüdrət bəyin fikirlərini "xəyanətkar ideyalar" adlandıraraq qeyd edib ki, "mənim PKK lideri Dilanla görüşüm Qüdrət Həsənquliyevin fikirlərinə haqq qazandırmır". Əvvəla, qeyd etmək lazımdır ki, Qüdrət bəy fikirlərini açıqlayarkən kiminsə xəstə təxəllüyünün fantaziyalarını deyil, mövcud şəraiti və Azərbaycanın milli-dövlətçilik maraqlarını əsas götürür. Sərdar Cəlaloğlu özünün PKK lideri Dilanla görüşünə "aydınlıq" gətirmək üçün qeyd edib ki, bununla guya Dilanın burada kürdlər arasında apardığı işin qarşısını alıb. Bərəkallah Sərdar bəy! Mən bilmirəm Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi Sərdar bəyin bu "qabiliyyətindən" niyə ölkəmizdə yuva salmış xarici casus şəbəkələrinə qarşı mübarizədə istifadə etmir?
Azərbaycanda bəzi siyasətbazlar başını kola soxub gizləndiyini hesab edən dəvəquşuna bənzəyirlər. Unudurlar ki, Azərbaycanda kimin-kim olduğu hər kəsə məlumdur. Belələrinin nəzərinə bir daha çatdırıram ki, BAXCP öz fəaliyyətində daim Azərbaycanımızın milli-dövlətçilik maraqlarını üstün tutub və tutur! Heç kim BAXCP-ni bu yoldan döndərə bilməz!