 
                
                
                
             
                
                
                
             10:09
10:09 4 557
4 557
“ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında baş tutan görüş iki ölkə arasındakı münasibətlərin gələcək istiqamətinə dair mühüm siqnallar verir. Uzun müddətdir ticarət, texnologiya və təhlükəsizlik sahələrində gərgin rəqabət şəraitində olan Vaşinqton və Pekin arasında bu cür yüksəksəviyyəli təmaslar münasibətlərin müəyyən dərəcədə yumşalmasına zəmin yarada bilər”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.
Onun sözlərinə görə, görüş zamanı tərəflərin iqtisadi əməkdaşlığın bərpası, təchizat zəncirlərinin sabitliyi, həmçinin qlobal sabitlik üçün dialoqun davam etdirilməsi barədə müsbət mesajlar verməsi diqqətçəkicidir: “Bu isə qarşıdurma ritorikasının azalmasına, diplomatik kanalların aktivləşməsinə və qarşılıqlı maraqlar əsasında yeni formatlı əməkdaşlıq imkanlarının yaranmasına təkan verə bilər. Bununla belə, ABŞ-Çin münasibətlərindəki əsas ziddiyyətlər, xüsusilə Tayvan, Cənubi Çin dənizi və texnoloji rəqabət məsələləri qısa müddətdə tam aradan qalxmayacaq. Lakin bu görüş dialoqun bərpası və münasibətlərin sabitləşməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Ümumilikdə, Trampla Si Cinpin görüşü Vaşinqton-Pekin xəttində gərginliyin azaldılmasına, siyasi tonun nisbətən mülayimləşməsinə və iki nəhəng iqtisadi güc arasında daha praqmatik münasibətlərin formalaşmasına töhfə verə bilər”.
Röya İsrafilova
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    