Şərqin və Qərbin Körpüsü: Azərbaycanın Diplomatik Tarazlıq Strategiyası və Sülhə Baxış Siyasət

Şərqin və Qərbin Körpüsü: Azərbaycanın Diplomatik Tarazlıq Strategiyası və Sülhə Baxış

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla eksklüziv müsahibədə həmsöhbətim ölkəsinin davamlı olaraq inkişaf edən geosiyasi strategiyasına aydınlıq gətirir, qlobal təlatümlər fonunda Bakının praqmatik və balanslı xarici siyasət kursuna sadiqliyini təsdiqləyir.
Avropa İttifaqı ilə enerji və diplomatik əlaqələrin dərinləşməsindən tutmuş Ermənistanla sülhə doğru misilsiz irəliləyişə qədər, Səfir Azərbaycanın tək beynəlxalq güc mərkəzinə bağlı olmadan suveren və müstəqil bir aktor kimi vizyonunu ifadə edir. Ukraynadakı müharibə və Yaxın Şərqdəki gərginliklər kimi regional münaqişələrə də toxunaraq, o, Azərbaycanın Yunanıstanla əlaqələri möhkəmləndirmək və diplomatiya yolu ilə sabitliyi təmin etmək səyləri kontekstində qarşıdakı çağırışlar və imkanlardan danışır.

Sual: Siz qeyd etdiniz ki, Bakı bütün güclü beynəlxalq aktorlarla praqmatik münasibətlər qurmağı hədəfləyir və heç bir geosiyasi mərkəzdən asılı olmaq istəmir. Bu mövqeyinizi necə izah edərdiniz? Bu aktorlar kimlərdir? Bura Avropa İttifaqı da daxildirmi?

Cavab: Təşəkkür edirəm sualınıza görə. Mən qeyd etmək istədim ki, Azərbaycan milli maraqlarına əsaslanaraq çoxşaxəli, balanslı və praqmatik xarici siyasət yürüdür. Başqa sözlə desək, coğrafi mövqeyimizi nəzərə alaraq, Qərbyönümlü və ya Şərqyönümlü ittifaqlara qoşulmadan, biz, qonşularımızla – bir istisna olmaqla: Ermənistan – proqnozlaşdırılan və pozitiv münasibətlər qurmağa çalışmışıq. Amma artıq Ermənistanla münaqişə arxada qaldığına görə, indi İrəvanla da yeni bir səhifə açmağa çalışırıq.

Heç bir geosiyasi mərkəzdən asılı olmadan müstəqil siyasi mövqeyimizi qoruyub saxlamağı suverenliyimizin və müstəqilliyimizin əsas şərtlərindən biri kimi görürük. Necə deyərlər, “bütün yumurtaları eyni səbətə qoymaq olmaz”. Buna görə də biz ABŞ, Avropa İttifaqı kimi mötəbər beynəlxalq güc mərkəzləri, eləcə də Türkiyə, İran və Rusiya kimi iri qonşularla praqmatik münasibətlər qururuq. Bundan irəli gələrək, müxtəlif tərəfdaşlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunuruq. Düşünürəm ki, Azərbaycanın xarici siyasəti bu baxımdan unikaldır.

Sual: Bəs Avropa İttifaqını müttəfiq sayırsınızmı?

Cavab: Bəli, Aİ-ni strateji tərəfdaşlarımızdan biri hesab edirik. Uzun illərdir ki, enerji sahəsində sıx əməkdaşlığımız var. Bu, indi xüsusilə, Rusiya-Ukrayna müharibəsi və onun Aİ ilə Rusiya arasında münasibətlərə təsiri nəzərə alınaraq, cari geosiyasi gərginlik fonunda mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan alternativ enerji mənbəyi təminatçılarından biri olmaqda qətiyyətlidir. Artıq 10-dan çox Aİ üzv ölkəsinə təbii qaz və xam neft ixracı etməklə, rəsmi Bakı Avropanın enerji təhlükəsizliyinə töhfə verməkdən qürur duyur. Azərbaycan və Yunanıstanı birləşdirən mühüm amillərdən biri də Cənub Qaz Dəhlizi və onun Yunanıstandan keçən TAP seqmentidir. Beləliklə, Yunanıstan tranzit ölkə, Azərbaycan isə qaz tədarükçüsü kimi Avropa enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir.
Amma Aİ ilə münasibətlərimiz təkcə enerji sahəsi ilə məhdudlaşmır. Bu il Brüsselin Azərbaycanla münasibətləri yenidən qurmağa köklənən müsbət dinamika və istəyini müşahidə etdik. Bir müddət fasilədən sonra artıq tərəflər arasında ən yüksək səviyyədə təmaslar baş tutmaqdadır. Sonuncu dəfə “Avropa Siyasi Birliyi”nin Tiranada baş tutan sammiti çərçivəsində Prezident İlham Əliyev Avropa Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə görüşü oldu. Bundan daha əvvəl, aprel ayında isə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Bakıya səfər etdi.
Bütün bunların nəticəsi qismində, may ayında Aİ ilə təhlükəsizlik dialoqu baş tutdu, iyun ayında isə Brüsseldə növbəti enerji danışıqları keçirildi. Onu qeyd etmək lazımdır ki, biz enerji sahəsində əməkdaşlığı yalnız neft və qazla məhdudlaşdırmırıq, eləcə də Azərbaycanın bərpa olunan enerji potensialı diqqətə alınaraq, yaşıl enerji sahəsini əhatə etməklə şaxələndirmək niyyətindəyik. Biz bir sıra Aİ üzv ölkələri ilə əməkdaşlıq çərçivəsində Xəzər və Qara dənizlərin altı ilə çəkiləcək kabel vasitəsilə Avropa bazarlarına elektrik enerjisi ixrac etməyi planlaşdırırıq. Bu baxımdan, biz Avropaya yaşıl enerji ixrac edən ölkələrdən biri olmağı hədəfləyirik.

Digər sahə isə nəqliyyat bağlantılarıdır. Orta Dəhliz adlanan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Mərkəzi Asiyanı Cənubi Qafqazla, daha geniş mənada isə Asiyanı Avropa ilə birləşdirir. Bu xüsusda, nəqliyyat və bağlantılar Aİ ilə mümkün əməkdaşlığın genişləndirilə biləcəyi mühüm istiqamətlərdən biri kimi çıxış edir. Elə bu səbəbdən də yaxın zamanda biz Aİ ilə nəqliyyat üzrə dialoqu da başlatmağı planlaşdırırıq. Həmçinin, regionda dəyişən reallıqlardan asılı olaraq, Aİ ilə əməkdaşlıq prioritetlərimizi yenidən nəzərdən keçirməyi və yeni ikitərəfli saziş üzrə danışıqları bərpa etməyi sözügedən qurumla artıq razılaşdırmışıq.
Sualınıza cavab olaraq, bütün bu nümunələr göstərir ki, Aİ ilə Azərbaycan arasında keyfiyyətcə yeni münasibətlər mərhələsinə keçid baş verməkdədir. Bu xüsusilə, Azərbaycanın Aİ ilə əməkdaşlıq tarixçəsi, coğrafi mövqeyi, təbii sərvətləri və Avropanı Mərkəzi Asiyaya bağlayan körpü rolu nəzərə alınarsa həm bizim, həm də Aİ-nin maraqlarına cavab verir. Bu səbəbdən, fikrimcə, Aİ və Azərbaycan haqlı olaraq, bu tərəfdaşlığı dərinləşdirmək və enerji ilə yanaşı digər mühüm sahələri əhatə edən strateji əməkdaşlıq səviyyəsinə qaldırmaqda maraqlıdır.

Sual: Rusiyanın və Prezident Putinin sülh istədiyinə dair hər hansı əlamətin müşahidə edilmədiyini nəzərə alaraq, Ukrayna müharibəsinin uzanmasından narahatlıq hiss edirsinizmi? Bu, Azərbaycana necə təsir göstərəcək?

Cavab: Biz qonşu olan həm Ukrayna, həm də Rusiya ilə normal münasibətlərə malikik. Ona görə də bu faciənin tezliklə bitməməsinə işarə edən amillər bizi ciddi şəkildə narahat edir. Bilirik ki, beynəlxalq ictimaiyyət bu qan tökülməsinin qarşısını almaq istiqamətində əlindən gələni edir. Biz inanırıq ki, yeganə real çıxış yolu sülh danışıqlarıdır. Lakin vəziyyətin mürəkkəbliyi və tərəflərin mövqelərində görülən kəskin ziddiyyət fonunda düzgün həll formulanı tapmaq çox çətin olacaqdır.

Sual: Amma Rusiya axı işğalçıdır – suveren bir ölkəyə hücum edib.

Cavab: Azərbaycan bu məsələdə mövqeyini aydın şəkildə ortaya qoyub: biz beynəlxalq hüquqa uyğun olaraq, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Çünki özümüz də beynəlxalq hüququn pozulmasının acı nəticələrini yaşamışıq, torpaqlarımızın beşdə biri 30 il ərzində xarici işğalı altında olub.

Sual: Müsahibənin əvvəlində qeyd etdiniz ki, Ermənistanla münasibətlərdə irəliləyiş var. Uzun illər sonra sülhə və Ermənistanla normal münasibətlər qurulmasına yaxınlaşdığınıza inanırsınız? Bildiyim qədər, siz danışıqlar heyətinin üzvü idiniz, buna görə də prosesin detalları sizə yaxşı məlum olmalıdır.

Cavab: Bəli, təsdiq edə bilərəm ki, Ermənistanla Azərbaycan heç vaxt sülhə bu qədər yaxın olmayıb. Xüsusilə də bunu sülh sazişinin mətninin üzərində konkret danışıqlara başladığımız vaxtdan etibarən əldə etdiyimiz real irəliləyişə əsaslanaraq deyə bilərəm.
Qeyd etməliyəm ki, İkinci Qarabağ Müharibəsindən dərhal sonra Azərbaycan sülh sazişinin əsasını təşkil edən fundamental prinsipləri irəli sürdü. Həmin prinsiplər əsasında sülh sazişini hazırlayıb Ermənistana təqdim etdik. İki il yarım sonra, 2025-ci ilin mart ayında hər iki ölkənin xarici işlər nazirlikləri sülh sazişi mətninin razılaşdırıldığını elan etdilər. İndi isə sazişin imzalanması üçün bu sülhün etibarlı, davamlı və dönməz sülh olması üçün zəruri addımlar atılmalıdır. Bu xüsusda, sülh sazişi mətninin hər iki ölkənin hüquqi və konstitusion çərçivələrinə zidd olmadığından əmin olmalıyıq. Burada isə əsas problem ortaya çıxır ki, bu da Ermənistanın Konstitusiyası ilə bağlıdır. Çünki orada hələ də Azərbaycana, xüsusilə Qarabağa qarşı ərazi iddiası qalmaqdadır.

Aydındır ki, həmin Konstitusiya 90-cı illərin əvvəllərində qəbul edilib, buna görə də nə bugünkü reallıqları, nə də Ermənistan hökumətinin hazırkı mövqeyini əks etdirir. Baş nazir Paşinyan və onun komandası dəfələrlə bəyan edib ki, Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyırlar, bu da Azərbaycanın ərazi bütövlüyünü tanımaq deməkdir. Məhz elə sülh sazişinin mətnində də bu, öz əksini tapıb. Lakin Ermənistan Konstitusiyası ilə sülh sazişi arasındakı bu ziddiyyət qəbuledilməzdir və davamlı sülhün təmin olunması imkanlarına ciddi zərər vura biləcəyi üçün aradan qaldırılmalıdır.

Sual: Amma konstitusiyanı dəyişmək heç vaxt asan olmayıb. Ən azından Yunanıstan misalına istinadən belə qeyd etmək olar.

Cavab: Bunu anlayırıq, ancaq tarixdə sülhün əldə olunması üçün onunla ziddiyyət təşkil edən konstitusiyaların dəyişdirildiyini təsbit edən nümunələr çoxdur. Şimali Makedoniya və ya İrlandiyanın bu xüsusda adı çəkilə bilər. “Müqəddəs Cümə Razılaşmasında” (“Good Friday Agreement”) İrlandiya uzunmüddətli sülhün əldə olunması naminə Şimalı İrlandıyaya münasibətdə ərazi iddiasını aradan qaldırmalı olmuşdu. Bunun asan olmadığı ilə razılaşsaq belə, bu, uzunmüddətli perspektivdə davamlı sülhün təmin olunması naminə yeganə zəruri yoldur.
Əslində, Ermənistandan gözləntilərimizin mahiyyətinə nəzər yetirdikdə, burada qeyri-adi heç nə yoxdur. Biz sadəcə, onların Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını bəyan edən indiki rəsmi mövqelərini hüquqi sənədlərində də təsdiqləmələrini istəyirik. Biz Konstitusiyanın sülh sazişinə zidd, yeni narahatlıq yaradan amil və ya sazişi qüvvədən sala biləcək bir mexanizm kimi istifadə edilməsini arzulamırıq. Buna görə də, düşünürəm ki, Ermənistanın konstitusion çərçivəsini öz faktiki mövqeyi ilə uyğunlaşdırmaq üçün əsaslı səbəbi var.

Sual: İndi isə Afina ilə Bakı arasındakı münasibətlərdən danışaq. Siz Yunanıstana işgüzar səfərdəsiniz, bizim münasibətlərimiz getdikcə güclənirmi?

Cavab: Düşünürəm ki, ikitərəfli münasibətlər zəminində 2024-cü ili uğurlu il hesab etmək olar. Uzun müddət sonra iki ölkə arasında siyasi dialoqun bərpa olunmasından məmnunuq. Ötən il Bakı şəhərində hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin baş tutmasını məmnunluqla qarşılayırıq. Keçən il həmçinin 8 illik fasilədən sonra Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasını keçirdik ki, həmin iclasda mümkün əməkdaşlıq qismində fəaliyyət planı qəbul edildi və praktiki əməkdaşlıq üçün konkret sahələr müəyyən edildi. Ondan əlavə, son zamanlar xarici işlər nazirlərimiz arasında da görüşlər baş tutdu.
Baş nazir Kiriakos Mitsotakisin 2024-cü ilin noyabrında COP29 iqlim sammitində iştirak məqsədilə Bakıya gəlməsi bu baxımdan vacib bir hadisə oldu. Biz Yunanıstan Baş nazirinin ölkəmizə səfərini yüksək qiymətləndirdik ki, o da bu səfərin yaratdığı imkandan istifadə edərək, Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüş və yararlı müzakirələr keçirdi. Onlar daha əvvəl Sofiyada keçirilmiş Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimdə də görüşmüşdülər. Bakıdakı görüş ikitərəfli münasibətlərimizin daha da irəlilədilməsi baxımından məhsuldar və faydalı fikir mübadiləsi ilə nəticələndi.

Biz Yunanıstanla diplomatik əlaqələri 1992-ci ildə qurmuşuq. Aradan keçən 33 il ərzində münasibətlərimizdə müəyyən dövrlərdə yüksək səviyyəli əlaqələr mövcud olub, ən azı enerji sahəsində eyni hədəflərə köklənmişik. İndi isə Cənub Qaz Dəhlizinin tərkibindəyik ki, bu da təbii qazın Qərb bazarlarına çatdırılması üçün ən mühüm mexanizmdir.

Ölkələrimizin inkişaf etdirə biləcəyi sahələrdən biri ticarətdir. Ticarət dövriyyəsində cari göstəricilərin mövcud potensialı tam əks etdirmədiyini düşünürəm. Biz inanırıq ki, ikitərəfli ticarətimiz həm çeşid, həm də həcm baxımından artırıla bilər. Hökumətlərarası Komissiyasının iclası bu xüsusda, önəmli oldu, çünki orada ticarət və investisiya, kənd təsərrüfatı, nəqliyyat, səhiyyə, turizm və mədəniyyət kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirə biləcəyimiz konkret istiqamətlər müəyyənləşdirildi.

Bir digər vacib məqam ondan ibarətdir ki, rəsmi Afina və Bakı Yunanıstanla Azərbaycan arasındakı münasibətlərin hər hansı xarici təsirdən azad olmalı olduğunu qəbul edir. Bunu niyə deyirik? Xüsusi bir ölkənin adını çəkməzdim, amma təxmin etmək olar ki, heç də hər kəs bu münasibətlərdən məmnun deyil. Məsələn, Ermənistan, hansı ki, Yunanıstanla çox yaxın əlaqələrə malikdir. Buna baxmayaraq, biz “sıfır-cəmli oyun” (“zero-sum game”) yanaşmasını rədd edirik və qəti şəkildə inanırıq ki, bir ölkənin başqa bir ölkə ilə möhkəm münasibətləri olması, onun üçüncü bir ölkə ilə də yaxşı əlaqələr qurmasına mane olmamalıdır. Burada əsas meyar hər ölkənin öz milli maraqlarının qiymətləndirilməsi olmalıdır. Bu gün isə düşünürəm ki, Yunanıstanın həm Ermənistan, həm də Azərbaycanla bərabər səviyyədə yaxşı münasibətlər qura biləcəyinə dair təfəkkür getdikcə geniş vüsət alır.
Zənnimcə, münasibətlərdə irəliyə doğru addım atılması üçün xarici təsirlərin münasibətlərimizi öz əsirinə çevirməsinə icazə verməməliyik. Bu münasibətləri səmərəli şəkildə inkişaf etdirmək üçün kifayət qədər səbəb və imkanlarımız var. Bu səbəbdən, hesab edirəm ki, əlaqələrimizdə irəliləyiş əldə olunur.

“Aegean Airlines” şirkətinin Afina ilə Bakı arasında birbaşa uçuşları bərpa etməsindən çox məmnunuq. Eşitdiyimə görə, təyyarələr doludur, bu da yunanlar və azərbaycanlılar arasında bir-birlərinin ölkələrini və mədəniyyətlərini kəşf etmək istiqamətində böyük marağın olduğunu göstərir və xalqlar arasında əlaqələri möhkəmləndirir. Biz həmişə qədim yunan mədəniyyəti, tarixi, musiqisi və digər sahələr barədə çox müsbət təəssürata malik olmuşuq. Azərbaycanda universitetlərdə yunan dili də tədris olunur və onu xarici dil kimi öyrənmək istəyən çoxlu azərbaycanlı var. Eyni hal yunan universitetlərində də həyata keçirilə bilər. Nəhayət, parlamentlərarası əlaqələrimizi inkişaf etdirməyə daha çox diqqət yetirməliyik, çünki biz parlament diplomatiyasının səmərəliliyinə inanırıq. Xalqın seçilmiş nümayəndələri kimi parlament üzvlərinin dostluq əlaqələrinin gücləndirilməsində xüsusi rol oynadığını hesab edirəm. Məncə, ölkələrimiz başqa amillərdən asılı olmayan sağlam münasibət qurulmasına layiqdir və bu yanaşmanın yunan həmkarlarım tərəfindən də bölüşülməsindən məmnunam.

Sual: Son sualım olacaq. Bu, Yaxın Şərqlə bağlıdır. Siz İran və Tehranla münasibətlərinizdən bəhs etdiniz. Biz İranın bombalanmasını yaxından izlədik. Bu baş verənlərdən sonra Yaxın Şərqlə bağlı nə düşünürsünüz? Ümidlisinizmi?

Cavab: Bu, cavabı çox çətin olan sualdır. Sehrli kürəm olsaydı, deyərdim, lakin yoxdur. Hesab edirəm ki, bəziləri tərəfindən Böyük Yaxın Şərqin bir hissəsi sayılan ölkələr kimi həm Azərbaycan, həm də Yunanıstan gərginliyin azaldılmasına yönələn səyləri dəstəkləməyə meyil göstərirlər. Biz regionumuzda baş verən hərbi eskalasiya ilə bağlı dərin narahatlıq hissi keçirdik və onu qətiyyətlə pislədik. Təbii ki, biz hər zaman xalqlar arasındakı müxtəlifliklərin dialoq və diplomatiya yolu ilə həllini dəstəkləyirik. Çünki dəfələrlə görmüşük ki, hərbi variant seçmək nadir hallarda möcüzəvi nəticə verir. Müharibələrin həm regional, həm də beynəlxalq sabitlik və təhlükəsizliyə təsirləri olur. Xüsusilə də, bizim üçün yaxın olan iki ölkə arasındakı bu münaqişədə: İran — tarixi qonşumuz, çoxsaylı ortaq tariximiz və inkişaf etmiş pragmatik iqtisadi əlaqələrimiz olan ölkə və İsrail — həm Azərbaycan, həm də Yunanıstan üçün strateji tərəfdaş. Odur ki, biz hər iki tərəfi öz problemlərini həll etmək üçün diplomatik və siyasi yolları üstün tutmağa təşviq etməyə çalışacağıq.

Jurnalist:Təşəkkür edirəm.

Cavab: Minnətdaram.