Girovluqda olmuş qadınlarımızın acı taleyi... Müsahibə

Girovluqda olmuş qadınlarımızın acı taleyi...

Aygün Həsənoğlu: "Erməni sindromu" kitabı beynəlxalq məhkəmə üçün dəlillər toplusu kimi hazırlanıb"

Qarabağdakı qanlı-qadalı savaşlardan illər keçsə də müharibənin açdığı yaralar heç qaysaq bağlamayıb. Deyirlər, müharibədən ən çox əziyyət çəkən qadın və uşaqlardır. Tək günahı türk olan azərbaycanlı girov qadın və uşaqlar arasında qayıtmayanlar kifayət qədərdir, ailələrin gözü hələ də yolda, Əsir və Girovlar üzrə Dövlət Komissiyası isə hələ də susmaqdadır. Bu barədə susmağa üstünlük verilsə də girovluqdan qayıdan qadınlar üçün həyat hardasa girovluğu xatırlatmaqdadır. Müsahibim - vaxtilə adıçəkilən Komissiyada çalışmış Aygün Həsənoğlu ilə də bu barədə danışdıq.

- Əsirlikdə təxminən nə qədər qız, qadın olub və onlardan neçəsi qayıdıb?
- Öncə onu bildirmək istəyirəm ki, Azərbaycanda əsir qiz, qadın olmayıb. Əsir-döyüşən şəxslərə deyilir. Döyüşə qatılmayan, əsgər olmayan mülki əhali "girov" adlanır. 1949-ci ildə qəbul olunmuş Cenevrə Konvensiyasına görə müharibə və münaqişələr zamanı mülki əhalinin girov götürülməsi qadağandır və girovlar dərhal geriyə qaytarılmalıdır. Lakin erməni tərəfi digər bütün konvensiyalar kimi bu Konvensiyaya da riayət etməyib.
Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son məlumatına görə, əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4014 nəfərdir. Onların 17 nəfəri azyaşlı qız, 254 nəfər qadın, 154 nəfəri isə yaşlı qadınlardır. 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb. 1412 nəfər əsir və girovluqdan azad edilib. Erməni əsir və girovluğundan azad edilənlərdən 342 nəfər qadın, 68 nəfəri azyaşlı qız, 112 nəfəri isə yaşlı qadındır. 554 nəfər əsir və girovluqda qətlə yetirilmiş, yaxud müxtəlif səbəblərdən vəfat etmişdir, onların 104 nəfəri qadındır.
Qeyd etməliyəm ki, Dövlət Komissiyasının ardıcıl apardığı araşdırmalar nəticəsində göstərilən rəqəmlər tez-tez dəyişir. İtkin hesab edilən şəxsin əsir-girov götürüldüyü, yaxud, barəsində əsir-girovluqda olduğu haqda məlumat olan şəxsin isə ödürüldüyü, yaxud, vəfat etdiyi məlum olur. Ağır prosesdir. Mən də 5 il bu araşdırmalara şahid olmuşam.
- Ermənistan Cenevrə Konvensiyasına əməl etmədiyinə görə Azərbaycan beynəlxalq məhkəməyə müraciət edə bilərmi?
- Yalnız Cenevrə Konvensiyalarına deyil, ümumiyyətlə, heç bir beynəlxalq Hüquq normalarına əməl etmədiyi üçün Azərbaycanın beynəlxalq məhkəməyə müraciət etmək haqqı vardır. Amma bunun forma və istiqamətini düzgün müəyyənləşdirmək lazımdır. Mən "Erməni sindromu" kitabımı faşistlərin Nürnberq Hərbi Məhkəməsində (Tribunalında) suçlandırıldığı maddələr üzərində yazdım və ermənilərin də eyni cinayətləri törətdiklərini faktlarla sübut etdim. Bundan əlavə soyqırım və terror faktlarını, o cümlədən Cenevrə Konvensiyalarını, Haaqa Konvensiyasını, Avropa İnsan Haqları Konvensiyasını pozduqlarını göstərdim. Yəni "Erməni sindromu" kitabı beynəlxalq məhkəmə üçün dəlillər toplusu kimi hazırlanıb. "Erməni əsriliyində" kitabı, eyni zamanda mənim layihəm əsasında nəşr edilmiş "Erməni terroru" fotoalbomu da. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, MTN, DİN və Bakı prokurorluğun birgə istintaq qrupunda da gərəkən bütün sənədlər var. Amma qəti addım atılmır. Lakin unutmaq olmaz ki, cinayətdə günahlandırmada da zaman süresi var, bu süreni əldən verməməliyik. Tələsmək, elə bu il sənədləri məhkəməyə vermək lazımdır. Mən buna cəhd etdim, amma beynəlxalq məhkəmə üçün sənədlər notariusda təsdiq olunmalıdır. Bu isə maddi vəsait tələb edir. Dövlət bunu heç olmasa QHT-lər vasitəsi ilə, özü də xarici QHT-lərlə həyata keçirə bilər.
Digər tərəfdən, Azərbaycan ermənilər tərəfindən əsir və girov alındığı barədə məlumat olan, lakin geri verilməmiş Azərbaycan vətəndaşlarını azad etmək üçün nəinki Dağlıq Qaarabağda, hətta Ermənistanda hərbi əməliyyat keçirə bilər, bu onun haqqıdır. Fəqət heç bir dövlət Azərbaycana - "Get haqqını al"- deməyəcək.
- Girovluqdan qayıtmayanlar və ya qayıtmaq istəməyənlər haqda nə bilirsiniz?
- Mən bu barədə konkret rəqəm deyə bilmərəm, ad da çəkməyəcəyəm. Amma əsir və girovluqdan qayıtmış şəxslərlə söhbətim zamanı bu barədə eşitmişəm. Məsələn, söhbət etdiyim qadınlardan biri deyirdi ki, biz qadınların saxlandığı yerə gətirib televizor qoyurdular. Elə vaxtda gətirirdilər ki, Azərbaycan televiziyasında konsert, ya da bir komik tamaşa, oyun olurdu. Bizə göstərirdilər, lağa qoyaraq belə deyirdilər: "Bax, görürsünüzmü, Bakıdakılar kef içindədirlər, sizilə heç maraqlanan yoxdur. Sizi heç kim gözləmir". Bu hadisədən sonra özünü öldürənlər olurdu".
Lakin bu intihar edənlərin adları yoxdur ortada. Amma təcavüzə uğradığı üçün intihar edənlərdən Sevinc adlı bir qız haqqında məlumat var. Vətən xaini İlham Qurbanov ermənilərlə birləşərək qrup halında ona təcavüz etmiş, hətta çılpaq halda onu rəqs etməyə məcbur etmişlər. Qız o gecə işlədildiyi yerdə tapdığı yabanı qarnına soxaraq özünü öldürüb. Yaxud, azyaşlı qızına təcavüz etdikləri üçün bir gənc ana (Adını bilirəm, amma qıza görə ad çəkməyəcəyəm) iki dəfə özünü öldürməyə cəhd etmiş, yalnız üçüncü dəfədə intihar edə bilmişdi.
- Əsir düşmüş qadın və qızların intihar etmədiklərinə görə yaxınları və ya cəmiyyət tərəfindən sıxışdırılması, tənqid obyektinə çevrilməsi kimi faktlar varmı?
- Bu gün belə faktlar daha çox ortaya çıxır. Təxminən 1994-cü ildə belə fakt eşitdim. Sumqayıtda yerləşmiş bir girovluqdan qayıtmış qadının 9 yaşlı uşağına yoldaşları, hətta böyüklər o qədər tənə etmişdilər ki, o, anasına "sənə görə məni alçaldırlar, küçəyə çıxa bilmirəm" demişdi. Bundan sonra həmin qadın yaşadığı evin damından özünü atıb öldürmüşdü. Mən "Erməni əsirliyində" kitabını hazırlayarkən girovluqdan qayıtmış qadınlarla görüşdüm. Onların demək olar ki, hamısı müəyyən mənfi münasibətlə qarşılaşıblar. "Ən çoxu şübhəli baxışlardır" deyirdilər. Buna görə də qadınların çoxu girovluqda olduqlarını gizlətməyə üstünlük verir. Yaxud, bu barədə danışmaq istəmirlər. Hətta bəzi özünü "jurnalist" adlandıran şəxslər də olur ki, girovluq xatirələrini öyrənmək istərkən qadınlara sarsıdıcı suallar verir, etikadan kənar məqamlara toxnurlar. Bu keçmiş girov qadınlara çox pis təsir edir. Onlar o dəhşətləri bir də yaşayırlar axı. Düşünürəm ki, qəzetlər bu cür mövzulara toxunacaq müxbirlərini dqqətlə seçməlidirlər. Bu qadınlarla söhbət edənlər səviyyəli, həssas insanlar olmalıdır. Amma yeni məlumat xatirinə bir qadını yalnız gücsüz olduğuna görə düşmən tərəfindən necə təcavüz olunduğunu detallarına qədər öyrənməyə çalışan səviyyəsizlər var. Girovluqda olmuş qadınlardan bəzilərinin söylədiyi fakta da diqqət çəkmək istəyirəm. Deyirlər ki, bizim yanımıza dərnəklərdən qadınlar gəlirdilər, əyinlərində dublyonka, çantalarında "bakuş, makaron". Elə bil konsertə gəlirdilər". Bu, onların sözləridir, olduğu kimi dedim. O dublyonkalı qadınları da tanıyıram. Yəni, dərdli insanların yanına gedəndə geyimə də diqqət edilməlidir. Axı onlar da bir zamanlar gözəl geyiniblər, gözəl evlərdə yaşayıblar. Bu hala düşmələri onların günahı deyil.
- Əsirlikdən qayıtmış qızların sonrakı taleyi haqda məlumat varmı? Yəni onlar əsirlikdən əvvəlki normal həyatlarına qayıda biliblərmi?
- Onlar normal həyata heç bir zaman qayıda bilməzlər. Biz məcburuq bu faktları dünyaya çatdıraq. Məsələn, hər yerdə yazırıq ki, Xocalıda 13-14 yaşlı qızlara da təcavüz etdilər. İndi düşünün o qızlar böyümüşlər və ailə qurmuşlar. Təsəvvür edin ki, onlar hansı həyəcanlarla yaşayır.
Bir qız mənimlə söhbət edərkən "məni itlə birlikdə olmağa məcbur edirdilər, ondan sonra itlərdən də, kişilərdən də iyrənirəm" dedi. Bunları dinləmək belə, ağırdır. Ümumiyyətlə, bu dəhşətləri yaşayan qadınların kişilərə münasibətləri əvvəlki kimi deyil.
- Ermənilərin xarici ölkələrə qul kimi satdığı qızlar haqda bilginiz varmı?
- Bu barədə konkret, rəsmi fakt yoxdur. Mən, "Yeddi qapı" kitabımdakı "Yanğı" hekayəsində bu qızlardan biri haqqında məlumat vermişəm. Amma təəssüf ki, qızın adı məlum deyil. Onu, Amsterdamda görmüşdülər. Xocalıdan girov götürülmüş daha bir qızla birlikdə ölkədən Polşaya aparılmış, oradan da Hollandiyaya keçirilmişdi. Qız görülən zaman 22-23 yaşlarında imiş. Amsderdamda bir barda çalib-oxuyurmuş. Onu görən Azərbaycanlı şəxsə "Yalnız 40 min dollar versən apara bilərsən" demişdilər. Amma bildiyimə görə, sonradan aparılan araşdırmada qız tapılmamışdı. Bu hadisə 2001-ci ildə olub. Belə faktı ictimaiyyətə açıqlamaq olmur. Nə qədər qız övladı itkin olan ailələr var. Dövlət Komissiyasında çalışan müddətdə itkin ailələrinin bu mövzuda nə qədər həssas olduğunun şahidi oldum. Bir itkin haqqında xəbər gedəndə Dövlət komissiyasının İşçi qrupuna yüzlərlə zəng olurdu, hamı öz itkinini axtarırdı. Ümumiyyətlə, bu mövzuda danışarkən ehtiyatlı olmaq lazımdır.
2001-ci ildə girovluqda olmuş qadınarımızın yaşadığı dəhşətləri əks etdirən "Adsız qadın" adlı monopyes yazmışdım. İstedadına güvəndiyim qadın aktyorların heç biri o rolu üzərinə götürə bilmədi. Hamısı dedi ki, "ürəyim dözməz". "Ruhların" səsi pyesimdə də Xocalı dəhşətləri əks olunub. Amma bu əsər səhnələşdirilməyib. Çünki əsəri verdiyim rejissorlar o mövzudan qaçdılar. Mənim də hər dəfə o hissləri yaşamağa gücüm çatmır. Girov qadınlara, köçkün və qaçqın qadınlara kinayə edənlər özlərini onların yerinə qoysunlar. Diqqət edirsinizsə, Fasebookda Azərbaycan kişilərinin qadınlardan gileylənməsi, şikayətlənməsi, qadınları alçaldan lətifələr paylaşması son zamanlar xüsusilə çoxalıb. Acınacaqlısı odur ki, bu cür fikirləri və lətifələri paylaşanların çoxu ali təhsilli kişilərdir. Bilmirəm bu fakta qəzəblənimmi, yoxsa bu "kişilərə" acıyımmı?!
"Erməni əsirliyində" kitabımı Azərbaycan dilində də nəşr etdirməyə qərar vermişəm. Bu Fasebook "kişilərinə" onu oxumağı məsləhət görəcəyəm. Məni qınayanlar çoxdur ki, bu dəhşətli faktları niyə üzə çıxarıram, adamların ürəyini üzürəm. Nə edim, gizlədim?! Gizlətdiyim o qədər faktlar var ki, yazsam bomba kimi partlayar. Hələ bir neçəsini yazmışdım, bütün qəzetlərdə, sosial şəbəkələrdə yayıldı.
1992-ci ilin mart ayında Bakıdakı xəstəxanalara yerləşdirilmiş xocalıları ziyarət edərkən, orada təcavüzə uğramış 4-5 yaşlı qızcığaz gördüm. Ondan sonra dünya gözlərimdə qaraldı. Özümü ələ almaq üçün mənə illər lazım oldu. Bunu xatırlamaq da ağırdır.

(Ardı var)

Ülviyyə Tahirqızı