“Azərbaycan yeni donor dövlətidir” Müsahibə

“Azərbaycan yeni donor dövlətidir”

Əşrəf Şıxəliyev: "Bu strategiya ölkəmizə yeni siyasi müttəfiqlər qazandıracaq"

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Əşrəf Şıxəliyevin APA-ya müsahibəsini ixtisarla oxucularımıza təqdim edirik

- Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi hansı məqsədlə yaradılıb?

- Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi 2011-ci ilin sentyabr ayında Xarici İşlər Nazirliyinin nəzdində yaradılıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hazırda Azərbaycan donor ölkəsinə çevrilir və bu, yeni bir dövrdür. Eyni zamanda bildirmək istədim ki, bugün AİDA vasitəsilə Azərbaycan dövləti tərəfindən edilən yardımlar xarici siyasətimizin effektiv bir alətinə çevrilməkdədir. Hesab edirəm ki, bu strategiya Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldəcək və ölkəmizə yeni siyasi müttəfiqlər qazandıracaq.
AİDA-nın fəaliyyəti Azərbaycan dövlətinin yürütdüyü xarici siyasətə uyğun olaraq məqsədyönlü şəkildə qurulur. Qurumun büdcəsi illik olaraq dövlət büdcəsi hesabına formalaşır. AİDA Azərbaycan dövləti tərəfindən edilən beynəlxalq humanitar və inkişafa yardım fəaliyyətini həyata keçirir və yardım göstərilməsində iştirak edən bütün dövlət qurumlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini təşkil edir.

- İnkişafa yardım özündə nəyi ehtiva edir?

- Agentliyin inkişafa yardım fəaliyyəti istiqamətindəki əsas məqsəd dünyada inkişaf etməkdə olan ölkələrə texniki yardım göstərmək və onların müxtəlif sahələrdəki inkişafına dəstək olmaqdır. Məsələn, AİDA BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlıq çərçivəsində Əfqanıstanın Dövlət Müəssisələrində Potensialın Gücləndirilməsi layihəsi çərçivəsində bu ölkədə elektron hökumət sisteminin qurulmasına və ümumiyyətlə, hökumət qurumlarının fəaliyyətinin səmərəliliyin artırılmasına yardım edir.

AİDA müxtəlif inkişaf etməkdə olan ölkələrdən tələbələrin Azərbaycanda təhsil alması üçün təqaüd proqramları da təklif edir. Hər ölkəyə 1-2 təqaüd proqramı ayrılır. Onlar Azərbaycanın ən yaxşı universitetlərində təhsil alırlar. Bir məqamı xüsusi qeyd etmək istəyirəm. Bu proqramın ölkələr arasında ikitərəfli münasibətlərin inkişafına mühüm təsir göstərdiyini görməkdəyik. Məsələn, bu yaxınlarda agentliyin təqaüd proqramı çərçivəsində təhsil alan 4 xarici tələbə təhsillərini başa vuraraq magistr diplomu alıblar. O tələbələrdən biri bizimlə vidalaşarkən bildirdi ki, artıq onun ölkəsi tərəfindən Nyu-Yorkda yüksək vəzifəyə təyin olunması gözlənilir. Biz inanırıq ki, o, həmin vəzifəyə təyin olacaq və Azərbaycanı, Azərbaycandakı dostlarını unutmayacaq, Azərbaycanın dostu olaraq qalacaq. Təqaüd proqramının gələcəkdə də davam etdirilməsi və genişləndirilməsi nəzərdə tutulur.
Texniki yardımla bağlı istiqamətlərdən biri də qonaq elmi işçilərin mübadiləsi, başqa sözlə, tədqiqat proqramıdır. AİDA Azərbaycanda yerləşən beyin mərkəzləri ilə birgə həyata keçirdiyi proqram çərçivəsində Azərbaycan və Xəzər hövzəsi regionu üzrə ixtisaslaşmış tədqiqatçılara Azərbaycanda regionla bağlı araşdırmaların aparılması üçün imkanlar yaradır. 2012-ci ildən bəri bu proqram çərçivəsində İtaliyadan, Çexiyadan, Rumıniyadan, Çindən, CAR-dan, Hindistandan və Pakistandan tədqiqatçılar Azərbaycana gələrək müxtəlif istiqamətlər üzrə tədqiqatlar aparırlar. Həmin insanlar özləri üçün Azərbaycanı yenidən kəşf edirlər. AİDA-nın təklif etdiyi tədqiqat proqramı çərçivəsində xarici ölkələrin elmi işçiləri bir neçə ay Azərbaycanda yaşayır, tədqiqat aparır və region üzrə əsl mütəxəssislərə, ekspertlərə çevrilirlər. Bu proqram daim inkişaf edərək, Azərbaycanda bu sahədə bir neçə beyin mərkəzlərini əhatə edir.

- AİDA-nın humanitar yardım istiqamətində fəaliyyəti necə qurulub?

- Agentliyin humanitar yardım fəaliyyəti istiqamətindəki əsas məqsədi dünyada yardıma ehtiyacı olan insanlara zamanında və effektiv yardım göstərmək və bu insanların həyat şəraitini yaxşılaşdırmaqdır. AİDA dünyanın müxtəlif ölkələrində insan tərəfindən törədilmiş və yaxud zəlzələlər, daşqınlar, qasırğalar, quraqlıqlar kimi təbii fəlakətlər zamanı humanitar böhranın nəticəsini aradan qaldırmaq və hər şeyini itirmək təhlükəsi ilə üz-üzə qalmış insanlara yenidən əvvəlki həyatlarını bərpa etmək üçün zəruri yardımlar edir. AİDA yaradıldığı 2011-ci ildən bəri bir sıra ölkələrə humanitar yardım edib. Azərbaycan dövləti tərəfindən yardım alan ölkələr sırasında Sent-Vinsent və Qrenadin, Panama, Fələstin dövlətinin Qəzza bölgəsi, İordaniyada məskunlaşmım suriyalı qaçqınlar, Kuba, Filippin, Burkina-Faso, Əfqanıstan, Serbiya, Bosniya və Herseqovina və digərləri var.
AİDA İslam İnkişaf Bankı ilə strateji əməkdaşlıq çərçivəsində Afrikanın 9 ölkəsində "Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" kampaniyası çərçivəsində humanitar aksiyalar təşkil edir. Bu proqram AİDA və İslam İnkişaf Bankı tərəfindən yarı-yarıya maliyyələşdirilir. Biz düşündük ki, bu kampaniyanı elə təşkil edək ki, Azərbaycan oftalmoloqlarının ənənəvi peşəkarlıq səviyyəsini dünyada tanıdaq. Kampaniyada AİDA-nın təşəbbüsü ilə Azərbaycandan olan oftalmoloqlar da iştirak edirlər. Artıq Burkina Faso və Kamerunda göz-katarakt əməliyyatlarınla iştirak edən oftalmoloqlarımız yüksək peşəkarlıq səviyyəsi göstəriblər. Bu kampaniyalarla bağlı bir neçə maraqlı məqamı qeyd etmək istərdim. Burkina-Fasoda həyata keçirilən humanitar aksiya zamanı Azərbaycandan olan oftalmoloq Emil Hüseynov əməliyyat apararkən işıqlar sönüb. O, qaranlıqda, mobil telefonun işığı altında əməliyyatı davam etdirib və əməliyyatı başa çatdırıb. Bu əməliyyat zamanı çəkilən fotoşəkillər bizdə var. Bu, unikal bir haldır.
Kamerunda isə bir gənc gözəl qızın gözü kataraktdan gümüş rəngində idi və həmin göz görmə qabiliyyətini tamamilə itirmişdi. Təbii ki, bu qız təhsil almalı, işləməli, ailə qurmalıdır. Ancaq gümüş rəngində göz bu qızın gələcək həyatı üçün ciddi bir problemə çevrilmişdi. Əməliyyatdan sonra qızın görmə qabiliyyəti tamamilə bərpa olub və hansı gözün əməliyyat olduğu seçilmir. Bu gənc qızın qarşısında artıq yeni həyat açıldı və inanın ki, belə hallar yüzlərlədir. Kamerunda AİDA və İslam İnkişaf Bankı tərəfindən aparılan bu kampaniyada bizim oftalmoloqlar iştirak edirdilər.
- Bu kampaniya Azərbaycanın dünyada nüfuzunun artmasında hansı rolu oynayır?
- Nəzərə çatdırım ki, Sub-Saxara Afrikasında ölkələrin əhalisinin təxminən 2 faizi göz-katarakt xəstəliyindən əziyyət çəkir. Mən güman etməzdim ki, bu ölkələrdə bu qədər insan kataraktdan əziyyət çəksin. Ölkənin 15 milyon əhalisi varsa, 300 min insan katarakt xəstəsidir. Bunun bir neçə səbəbi olduğunu bildirirlər. Məsələn, Saxara səhrasında külək əsəndə toz buludlara qədər qalxır. Təbii ki, insanlar ağız-burunlarını örtsələr də, toz hissəcikləri gözə düşür. Ola bilsin ki, kataraktın bir səbəbi də bununla bağlıdır. Doğrudur, düzgün qidalanmamaq, eyni ərzaq məhsullarından mütəmadi olaraq istifadə etmək və digər amillər də səbəb göstərilir.
Biz indi bu ölkələrdə yerli oftalmoloqların yetişdirilməsinə diqqət yönəltməyi düşünürük. Bizim həkimlər gedəndən sonra bu ölkələrdə yerli həkimlər belə əməliyyatları aparmağa qadir olmalıdırlar. Ona görə də bu ölkələrdə Azərbaycan həkimlərinin dəstəyi ilə ixtisasartırma kursları vasitəsilə 4-5 il ərzində kifayət qədər yerli həkim potensialının yaradılmasını istəyirik ki, həmin həkimlər bir neçə il ərzində bu ölkələrdə katarakt problemini aradan qaldıra bilsinlər. Bu gün həkimlərimizin iştirakı ilə ğəyata keçiriləcək və yerli kadrların hazırlanmasına yönələn proqram 9 Afrika ölkəsinə verilən böyük bir hədiyyə olacaq. Artıq bu dövlətlərdə xaricdən həkimlərin gəlib göz-katarakt əməliyyatları aparmasına ehtiyac qalmayacaq.
İnsanın göz nurunun bərpa edilməsi isə tək insana deyil, onun ailəsinə, dostlarına xoşbəxtlik bəxş etməkdir. Çünki əməliyyat edilənlərdən elələri də vardı ki, katarakt hər iki gözünü də kor etmişdi, kiminsə ona qulluq etməsi vacib idi. Yəni faktiki iki adam işsiz olur. İnsanın gözünün nurunun bərpa edilməsi sayəsində isə həm özü, həm də ona baxmaq məcburiyyətində qalan insan çalışa bilir. Azərbaycan adına həkimlərimizlə qürur duyuruq.

- Azərbaycanın dünyanı müxtəlif ölkələrində tanıdılması istiqamətində başqa hansı layihələr həyata keçirilir?

- Bu yaxınlarda AİDA-nın Heydər Əliyev Fondunun himayəsi və dəstəyi ilə və Azərbaycanın Pakistandakı səfirliyin ilə birgə həyata keçirdiyi bir unikal layihə barədə danışmaq istərdim. Pakistanın Tank bölgəsində əsrlər boyu insanlar yağış suyundan içməli su kimi istifadə ediblər. Həmin bölgədəki kəndlərin əhalisi 10 km kənarda yağış suyunu yığan kollektordan su gətirərək içmək və digər məqsədlər üçün istifadə ediblər. Azərbaycan tərəfindən həyata keçirilən layihə çərçivəsində qazılan quyudan içməli su tapılıb və ilk dəfə o kəndlərin əhalisi şirin içməli su mənbəyi ilə təmin olunub. Bu su 40 min əhaliyə kifayət edir. Su sistemi Heydər Əliyev Su Təchizat Sistemi adlandırılıb və mayın əvvəlində istifadəyə verilib. Açılışda Azərbaycanın Pakistandakı səfiri də iştirak edib. Keçirilən təntənəli mərasimdə bölgənin ağsaqqalları, rəhbər şəxsləri iştirak ediblər. Həmin gün insanların gözlərinin sevincdən yaşardığını görməmək mümkün deyildi. Bu, dünyada analoqu olmayan bir layihədir, çünki su həyat mənbəyidir.

- AİDA-nın gələcək fəaliyyətini necə görürsünüz?

- Azərbaycanın donor fəaliyyətinə başlaması dünya donor ailəsinə daxil olması deməkdir. Azərbaycan yeni donor dövlətidir. AİDA-nın donor institutu kimi institusional möhkəmlənməsinə, inkişafına ehtiyac var. Düşünürəm ki, bundan sonra da AİDA dövlətimizin dəstəyi ilə strukturunu möhkəmləndirəcək və fəaliyyət sahəsini daha da genişləndirərək dünya donor ailəsinin fəal üzvlərindən biri olacaq.
AİDA həyata keçirdiyi işlərlə humanizm və xeyriyyəçilik kimi Azərbaycan xalqının milli və mənəvi dəyərlərini geniş şəkildə təbliğ edir.