“Azərbaycan böyük Avrasiyanın qərbə açılan qapısıdır” Siyasət

“Azərbaycan böyük Avrasiyanın qərbə açılan qapısıdır”

“Bütün dünya mətbuatı hazırda ABŞ Prezidentinin ev sahibliyi ilə Vaşinqtonda keçiriləcək C5+1 formatlı görüş – yəni Amerikanın Mərkəzi Asiya ölkələrinin liderləri ilə toplantısı haqqında məlumatlar paylaşır. Bu, eyni zamanda ABŞ xarici siyasətində Asiya regionunun nə qədər önəmli mövqeyə sahib olduğunun göstəricisidir”.

Bunu deputat Tural Gəncəliyev “Xalqcəbhəsi.az”a açıqlamasında bildirib.

Onun fikrincə, Qazaxıstan Prezidentinin bu formatda Azərbaycanın da iştirakının arzuolunan olduğunu bəyan etməsi Azərbaycanın regional və beynəlxalq siyasətdə artan nüfuzunun bariz göstəricisidir:
“Bu, bir daha onu sübut edir ki, Azərbaycan bu gün həm Türk dünyasının açar bölgəsi, həm də Mərkəzi Asiyada böyük təsir gücünə malik siyasi aktor kimi tanınır. Artıq Mərkəzi Asiya liderləri anlayırlar ki, Azərbaycanın iştirakı olmadan bu cür regional müzakirələrin effektivliyi və strateji əhəmiyyəti azalır. Məhz buna görə də görüşdə Azərbaycan liderinin iştirakı təklif olunub. Bu yanaşma Azərbaycanın böyük Avrasiya regionunda və Mərkəzi Asiyada oynadığı mühüm roldan irəli gəlir. Bu gün böyük Mərkəzi Asiya dedikdə, Azərbaycanın iştirakı olmadan heç bir layihənin nəzəri cəhətdən belə gerçəkləşməsi mümkün deyil. Azərbaycan həm Orta Dəhlizin əsas arteriyası, həm də Çindən Avropaya uzanan beynəlxalq ticarət yolunun mərkəzi halqasıdır. Bu dəhlizin üzərində yerləşən və Zəngəzur dəhlizi marşrutu ilə tamamlanan Azərbaycan qitələrin kəsişmə nöqtəsində mühüm strateji rola malik ölkə kimi tanınır. ABŞ da daxil olmaqla bütün aparıcı güclər bunu artıq qəbul edirlər”.
Tural Gəncəliyev əlavə edib ki, məşhur geosiyasi nəzəriyyələrdə – xüsusilə Mak Kinder kimi alimlərin fikrincə, “Kim böyük Avrasiya məkanına nəzarət edirsə, o dünya siyasətində hegemon mövqedə olur. Bu baxımdan bu gün böyük Avrasiyanın və Mərkəzi Asiyanın qərbə çıxış qapısı Azərbaycandır. Azərbaycan həm Türk dünyasının əvəzsiz aktoru, həm də qlobal enerji, nəqliyyat və geosiyasi balansın əsas dayağı kimi bütün dünyanın diqqət mərkəzindədir”.

Günel Elxan