“İndiyədək 200 mindən çox əmək müqaviləsi bildirişi qeydiyyatdan keçib” Müsahibə

“İndiyədək 200 mindən çox əmək müqaviləsi bildirişi qeydiyyatdan keçib”

Fuad Əlizadə: "Elektron informasiya sistemində qeydiyyatdan keçməyən əmək müqaviləsi üzrə işləyənlər qeyri-leqal işçilər hesab olunacaq"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin müsahibəsi

- Azərbaycanın əmək münasibətləri sistemində mühüm islahat tədbiri kimi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi hansı zərurətdən irəli gəldi?

- Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində Azərbaycan sürətli iqtisadi tərəqqi şəraitində bir-birinin ardınca yeni müəssisələrin, çoxsaylı iş yerlərinin yaradıldığı və əhalinin məşğulluq imkanlarının getdikcə genişləndiyi, işsizliyin kəskin şəkildə azaldığı bir ölkədir. Eyni zamanda, müasir dövlət və hüquqi cəmiyyət quruculuğu geniş vüsət alıb. Təbii ki, bu pozitiv proseslər əmək bazarına, respublikanın mövcud əmək münasibətləri arenasına dövlət nəzarətinin daha səmərəli və çevik formada, yeni texnologiyalar əsasında təşkili məsələsini getdikcə aktuallaşdırır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün iş sahələrində olduğu kimi, bu sahədə də müasir tələblərə uyğun və şəffaflıq prinsipləri üzərində fəaliyyət mexanizminin qurulmasını öz prioritetlərindən biri kimi müəyyən edib.

- Yeni sistem ölkənin əmək bazarına dövlət nəzarətinin təşkilində və vətəndaşların əmək hüquqlarının təminatında hansı əhəmiyyətli dəyişikliklər yaradacaq?

- Əmək müqavilələri bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi əmək qanunvericiliyinə dövlət nəzarətinin əhəmiyyətli dərəcədə güclənməsinə, işçilərin əmək hüquqlarının daha etibarlı şəkildə qorunmasına səbəb olacaqdır. Əvvəllər belə hallar vardı ki, tərəflər arasında əmək müqaviləsi bağlandığı halda onun bir nüsxəsi işçiyə verilmirdi, əmək müqaviləsi yalnız işəgötürənin özündə qalırdı. Bu da lazımi hallarda işçini öz hüquqlarını qoruması üçün hüquqi əsasdan məhrum edirdi. Lakin bundan sonra istənilən işçi və ya işəgötürən onunla bağlanmış əmək müqavilələri barədə məlumatları elektron informasiya sistemindən əldə etmək imkanlarına malik olacaq. Qeydiyyatdan keçirilmiş əmək müqaviləsi bildirişləri işçilər üçün ilk növbədə əmək hüquqlarının və bu hüquqlardan irəli gələn digər, o cümlədən sosial təminat hüquqlarının müdafiəsinin təminat forması olmaqla, həmin müqavilədə göstərilən hüquqlarının icrasını işəgötürəndən tələb etmək üçün onlara hüquqi əsas verir. İşəgötürənlərin işçi hüquqlarının təminatında məsuliyyətdən yayınma hallarının qarşısı alınacaqdır. Yoxlamanın aparılması nəzərdə tutulmuş işəgötürən və işçi haqqında bir çox məlumatlar artıq əvvəlcədən dövlət nəzarətini həyata keçirəcək müfəttişdə olacaqdır. Nəticədə işəgötürənlər qanunvericiliyin tələblərinə daha ciddi şəkildə yanaşmaq və əməl etmək məcburiyyətində qalacaq, işçilərin əmək hüquqlarının qorunması daha keyfiyyətlə həyata keçiriləcəkdir. İstənilən bir müəssisədə əmək qanunvericiliyinə dövlət nəzarəti zamanı işçilərin leqal və ya qeyri-leqal əmək fəaliyyəti göstərdiyi informasiya bazasında onlarla bağlı əmək müqaviləsi bildirişinin mövcud olub-olmamasından asılı olaraq, operativ şəkildə müəyyən olunacaq. İşçi və işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində artım dinamikası nəticədə büdcəyə sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasına da səbəb olacaq. Bu da işləyən vətəndaşların gələcəkdə layiqli pensiya təminatına şərait yaradacaq.

- Elektron informasiya sisteminin proqram təminatı əmək bazarı ilə bağlı dolğun məlumat bazasını formalaşdırmağa imkan verirmi? Həm də burada məlumatların təhlükəsizliyinə təminat varmı?

- Bəli, elektron informasiya sistemi əmək müqaviləsi bildirişləri haqqında, bütün işçilər barədə məlumatları əhatə etməklə, respublikanın əmək bazarı ilə bağlı obyektiv təhlillərin aparılması üçün dolğun informasiya bazasının yaranmasına da səbəb olacaq. İnformasiya bazasında əmək bazarına daxil olan və ya sərbəstləşən işçi qüvvəsi, əməyin şərtləri, əməyin dəyərinin qiymətləndirilməsi və əmək haqqının kəmiyyəti, işçi qüvvəsinin daha çox cəlb olunduğu fəaliyyət sahələri və yerdəyişməsi, işçi qüvvəsinə olan tələblər, onun yaş strukturu və s. barədə məlumatlar olacaq ki, bu da əmək bazarı ilə bağlı geniş təhlillər aparmağa, real məlumatlar əsasında gələcəkdə əmək bazarı ilə bağlı inkişaf proqramlarının, islahat tədbirlərinin həyata keçirilməsinə imkan verəcək.

Daxil olan məlumatların təhlükəsizliyinə də tam təminat verilir. Sistemin proqram təminatı elə qurulub ki, burada işəgötürən yalnız əmək müqaviləsi bağladığı işçilər barədə, işçilər isə yalnız özləri barədə məlumatları əldə edə bilərlər.

- Bu islahat yalnız işçilərin hüquqlarının təminatına yönəlibmi? İşəgötürənlər bu dəyişikliklərdən hansı faydalar əldə edəcəklər?

- Tətbiqinə başlanan sistem həm işçilərin əmək hüquqlarının qorunmasına xidmət edəcək, həm də işəgötürənlər işçiləri barədə müfəssəl məlumata malik olacaqlar. Eyni zamanda elektron informasiya sistemində işəgötürənlər onlar üçün nəzərdə tutulmuş xidmətlərdən istifadə etməklə bağladığı, dəyişiklik etdiyi və ya xitam verdiyi əmək müqavilələri barədə statistik məlumatlara sahib olacaqlar. İşəgötürənlər işçilərlə münasibətdə əmək müqaviləsində razılaşdırılmış şərtlərin şəffaf şəkildə icrasını tələb edə biləcəklər.

- Artıq cari ilin 1 iyulundan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi istifadədədir. İlkin qənaətə əsasən, işəgötürənlərin bu prosesdə iştirak səviyyəsini necə qiymətləndirərdiniz?

- Elektron informasiya sistemi istifadəyə verildikdən sonra bu günə qədər artıq 200 mindən çox əmək müqaviləsi bildirişi bu sistemdə qeydiyyatdan keçib. Hazırda bu proses uğurla davam edir. Qeyd edim ki, bir qədər öncə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) iyul ayına dair açıqladığı məlumata əsasən, "Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə edilən elektron xidmət növləri sırasında "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidməti ilk yerlərdən birini tutur. Daxil olan zənglərdən, rəsmi sorğulardan, elektron müraciələrdən, o cümlədən məlumatlandırma tədbirlərində verilən suallardan müəyyən edirik ki, işəgötürənlərin bu islahat tədbirində iştirak etməyə marağı böyükdür. Hazırda sistemə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı daim artmaqda davam edir.

- İşçilərlə əmək münasibətlərini elektron informasiya sistemində qeydiyyatdan keçirməyən, deməli, rəsmiləşdirməyən işəgötürənlərlə necə davranılacaq?

- Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənlərin vəzifələrindən biridir. Məcəllənin 49.1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı EİS-ə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin sistemdə qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Yəni qeydiyyatdan keçirilməyən əmək müqaviləsi əsasında işləyənlər artıq qeyri-leqal işçilər hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş manatadək miqdarda cərimə edilirlər. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan işçinin sayı nəzərdə tutulur) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Vergilər Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

- Gəlin etiraf edək ki, bəzi işəgötürənlər bu islahat tədbiri ilə bağlı kifayət qədər məlumatlı deyillər və yeni sistemlə işləməyin texniki imkanlarından xəbərsizdirlər. Onlara hansı metodiki köməkliklər göstərilir? Məlumatlandırma işləri aparılırmı?

- Elektron informasiya sisteminin tətbiqi ilə bağlı işəgötürənlər arasında geniş məlumatlandırma tədbirləri aparılır. Müxtəlif bukletlər hazırlanaraq onlara paylanılıb, əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi barədə müvafiq metodiki təlimat, o cümlədən elektron informasiya sistemi ilə əlaqədar qanunvericilik aktları, gücləndirilmiş elektron imzanın əldə edilməsi ilə bağlı məlumatlar Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib. İşəgötürənlərə əməli köməklik göstərilməsi üçün bütün regionlarda "Yardımçı masaları" yaradılıb, onların ünvanları, əlaqə telefonları barədə KİV-də ətraflı məlumatlar verilib. Nazirliyin 142 "Çağrı mərkəzi"ndə mütəxəssislərindən ibarət növbətçilik təşkil edilib və bu "Çağrı mərkəzi"nin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə bağlı məlumatlandırma funksiyaları da gücləndirilib. Eyni zamanda cənab nazirin müvafiq əmrinə uyğun olaraq bütün regionlarda bu məsələ ilə əlaqədar mütəmadi olaraq "Açıq qapı" günü-vətəndaş forumları, işəgötürənlərin iştirakı ilə seminar-müşavirələr, dəyirmi masalar və görüşlər keçirilir.