Dünya Ermənistanın cinayətlərindən xəbərdardır və təqsirkarların cəzalandırılmasını tələb etməlidir - Ombudsman - MÜSAHİBƏ Müsahibə

Dünya Ermənistanın cinayətlərindən xəbərdardır və təqsirkarların cəzalandırılmasını tələb etməlidir - Ombudsman - MÜSAHİBƏ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Trend İnformasiya Agentliyinə müsahibəsi:

- İşğalçı Ermənistan mülki şəxsləri hədəfə almaqla müharibə cinayətlərini davam etdirir, beynəlxalq hüquq normalarını kobud surətdə pozur. Bununla bağlı nə deyə bilərsiniz?

- 30 ilə yaxındır ki, Azərbaycanın tarixi və əzəli torpaqlarını işğal altında saxlayan, bu müddət ərzində çoxsaylı müharibə cinayətləri törətmiş, qətliamlar və soyqırım aktları həyata keçirmiş təcavüzkar Ermənistan bu gün də öz faşist və terrorçu simasını nümayiş etdirir. Qeyd etdiyiniz kimi, ilk növbədə, mülki əhalini, uşaqları, qadınları, yaşlı insanları hədəf seçməklə beynəlxalq humanitar hüququn tələblərini və insan hüquqlarını kobudcasına pozur. Daha dəqiq desək, 3 dəfə humanitar atəşkəslə bağlı əldə edilmiş razılaşmanın tələblərini ardıcıl şəkildə pozmaqla müharibə cinayətlərini davam etdirən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasında və ondan uzaqda yerləşən yaşayış məntəqələrini, mülki infrastruktur obyektlərini qadağan olunmuş silahlardan, xüsusi raket sistemlərindən, ağır artilleriyadan istifadə etməklə atəşə tutur. Bunun nəticəsində artıq çoxsaylı insan tələfatı və dağıntılar baş verib.

Təcavüzkar Ermənistan, eyni zamanda, Azərbaycanın tarixi-mədəni irsinin tərkib hissəsi olan dini-mədəni abidələri, ziyarətgahları və ümumbəşəri dəyərləri hədəf alıb. Qədim mədəniyyət mərkəzi olan Gəncə şəhərinə ballistik raket zərbələri endirilməsi nəticəsində dünya mədəni irsinə aid mədəniyyət nümunələrinə böyük ziyan vurulması bu baxımdan xüsusi qeyd edilməlidir. Beləliklə, beynəlxalq humanitar hüquq, o cümlədən UNESCO-nun “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” 1972-ci il Konvensiyası, Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 1949-cu il tarixli IV Cenevrə Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq sənədlər, hüquq normaları kobud şəkildə pozulub.

Bütövlükdə isə, bu cinayət əməlləri, terror aktları beynəlxalq humanitar hüququn, xüsusilə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında IV Cenevrə Konvensiyasının, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəalarının beynəlxalq ictimaiyyətin gözü qarşısında pozulması, beynəlxalq hüquq normalarına etinasız və sayğısız münasibətin göstəricisidir.

Yeri gəlmişkən, elə ilk gündən başlayaraq biz Naftalanda, Tərtərdə, Gəncədə, Bərdədə faktaraşdırıcı missiyalar həyata keçirdik, o cümlədən həlak olan şəxslərin yaxınlarına və yaralılara baş çəkdik, zərərçəkmiş şəhər sakinləri ilə görüşdük. Yerində araşdırma zamanı topladığımız faktoloji materiallar əsasında 5 hesabat hazırladıq və tərəfimdən beynəlxalq ictimaiyyətə təqdim olundu. Hazırda isə, Ermənistan silahlı qüvvələrinin ardıcıl iki gün ərzində Bərdə rayonunun mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini qadağan olunmuş kaset bombalarından növbəti dəfə istifadə etməklə atəşə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı və dağıntılarla bağlı 6-cı hesabat tərəfimizdən hazırlanır və beynəlxalq ictimaiyyətə təqdim olunacaq.

Bu prosesə xarici ölkə ombudsmanlarını, ekspertləri, KİV-i də cəlb edirik, məlumatların ünvana çatması üçün çağırışlar edirik.

Dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların sözügedən müharibə cinayətləri ilə əlaqədar dəqiq və dolğun surətdə məlumatlandırılması Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması və təcavüzkar ölkəyə beynəlxalq sanksiyaların tətbiq olunması baxımından mühüm əhəmiyyətə malikdir.

- Yeri gəlmişkən, ölkə Ombudsmanı olaraq tərəfinizdən 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib. Bu təşəbbüsün əhəmiyyəti və aylıq çərçivəsində görüləcək işlər barədə məlumat verməyinizi istərdik...

- Bildiyiniz kimi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyət istiqamətlərindən biri də uşaq hüquqlarının müdafiəsi və təbliğidir. Tərəfimizdən bu il də BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilmə tarixi ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə “Uşaq Hüquqları Aylığı” elan olunub.

Hazırda ölkəmizdə xüsusi karantin rejimi şəraitində uşaq hüquqları üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpasına və pozulmasının qarşısının alınmasına xidmət edən işlərin canlı təmas olmadan, müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməklə həyata keçirilməsi zəruridir. Bu baxımdan, “Uşaq Hüquqları Aylığı” çərçivəsində dövlət qurumlarını, yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən QHT-lər və KİV-i təşəbbüsümüzə qoşulmağa dəvət etmişik. Bu qurumlara xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməklə elektron və yazılı mediada, teleradio kanallarında, sosial şəbəkələrdə uşaq hüquqlarının, o cümlədən sağlamlıq, təhsil, sosial təminat və digər hüquqların təbliğinə dəstək verməyi, onlayn görüşlərin, videokonfransların keçirilməsini, bu mövzuda müxtəlif sosial çarxların hazırlanmasını tövsiyə etmişik, onları insanların müraciətlərinə, pozulmuş hüquqlarının bərpası məsələlərinə həssaslıqla yanaşmağa çağırmışıq.

Biz işğalçı Ermənistanın uşaq hüquqlarını kobudcasına pozmasından bəhs etdik. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Ermənistanın təcavüzkar siyasətindən əziyyət çəkən və fundamental hüquqları pozulan əhali qruplarından biri də uşaqlar olub. Onu da deyim ki, Ermənistan hərbi əməliyyatlara uşaqları cəlb etməklə də bir daha aşkar şəkildə müharibə cinayətlərini davam etdirdiyini təsdiq edir. Bu fakt, həm də təcavüzkar ölkənin faşist niyyətini əks etdirir. Azərbaycan torpaqlarının işğalına son qoymaq, təcavüzkar silahlı qüvvələrini Azərbaycandan çıxarmaq, beynəlxalq hüquqa riayət etmək əvəzinə uşaqları prosesə cəlb etmək həm mənəvi-əxlaqi və ümumbəşəri dəyərlər baxımından yolverilməzdir, həm də beynəlxalq humanitar hüququn prinsiplərinə ziddi davranışdır.
Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinə əsasən, iştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən və uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə görə, yetkinlik yaşına çatmayan uşaqların hərbi əməliyyatlara cəlb olunması qadağandır. Amma biz bu gün Ermənistanın timsalında bu tələblərə və prinsiplərə əməl olunmadığını görürük. Şübhəsiz ki, uşaqları hədəfə alan və onları hərbi əməliyyatlara cəlb edən Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayət məsuliyyəti daşıyır. Buna görə də beynəlxalq ictimaiyyət müharibə cinayətlərini davam etdirən işğalçı ölkəyə qarşı adekvat tədbirlər görməlidir.

Eləcə də, Ermənistan uşaq bağçalarından və məktəblərdən hərbi məqsədlər üçün istifadə edir ki, bununla da imzaladıqları təlim və tədris müəssisələrinin hərbi məqsədlər üçün istifadəsini qadağan edən Təhlükəsiz Məktəb Bəyannaməsinin (Safe Schools Declaration) tələblərini kobud şəkildə pozur.

Yeri gəlmişkən oktyabr ayının 28-də UNICEF “Dağlıq Qarabağda və onun hüdudlarından kənarda bir aydır davam edən döyüş əməliyyatları haqqında” Bəyanat yaydı.
Dərhal Bəyanata etiraz etdik və bununla bağlı UNICEF-in icraçı direktoruna müraciət də ünvanladım. Bəyanatda ikili standartlara yol verilməklə qətlə yetirilmiş Azərbaycanlı uşaqların sayı, soyadları və həlak olduqları rayonların adları məqsədli şəkildə göstərilməmişdi. Bu həm də beynəlxalq təşkilatın mövqeyini əks etdirən bəyanatda Azərbaycanlı uşaqların həlak olduğu və yaralandığı yaşayış məntəqələrinin döyüş bölgəsindən uzaq məsafədə yerləşməsinin gizlədilməsini göstərən bir fakt idi ki, müəyyən edərək mövqeyimizi bildirdik.

Bu qaydada, beynəlxalq təşkilatlara ünvanladığımız bəyanat və hesabatlarda təqdim etdiyimiz faktlarla Ermənistana münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlərin görülməsi istiqamətində tələb və çağırışlarımız əsasında fəaliyyətimizi davam etdiririk.

- “Amnesty International” və “Human Rights Watch” təşkilatları Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib. Dünyada insan hüquqlarının müdafiəsi məsələləri ilə bağlı araşdırmalar aparan bu təşkilatların hesabatlarında Ermənistanın müharibə cinayətinin öz əksini tapmasının önəmi nədən ibarətdir?

- Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında qeyd etmişdi ki, “Biz “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını Azərbaycana dəvət etmişik. Əfsuslar olsun ki, onlar hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Onlar bizim “Nəyə görə buraya gəlmirsiniz?” dediyimizə görə gəlirlər”.

Qeyd edim ki, oktyabrın 5-də “Amnesty International” təşkilatı öz rəsmi internet səhifəsində qərəzli, birtərəfli faktlara söykənən və bu cür həssas bir dönəmdə Azərbaycan dövlətinə qarşı bilavasitə diskriminativ xarakterli və ikili standartlara əsaslanan bəyanat yaymışdı. Ombudsman təsisatı olaraq dərhal açıq məktub şəklində faktlar əsasında təşkilata çağırış olundu.

Nəticə olaraq, bu təşkilatlar Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini hesabatlarında təsdiqlədilər. Həqiqətdən qaçmaq olmaz. Bu təşkilatlar həm də Azərbaycan dövlətinin haqlı mövqeyini gördülər.

Hesabatda hətta qeyd olunub ki, kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıq və məsuliyyətsizlikdir. Çünki bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur. Kasetli döyüş sursatlarının bütün hallarda istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır.

Bu faktlar da onu göstərir ki, dünya ictimaiyyəti Ermənistanın müharibə cinayətlərindən xəbərdardır. Sadəcə olaraq, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər Ermənistan tərəfindən müntəzəm şəkildə törədilən cinayət əməllərinə laqeyd qalmamalı, işğalçı dövlətin silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını, dinc əhalinin qətlə yetirilməsində təqsirkar olan şəxslərin cəzalandırılması ilə bağlı təsirli tədbirlər görülməsini ədalət və insanlıq naminə tələb etməlidirlər.