13:51
917
“Hesab edirəm ki, bu məqalə təsadüfi deyil. Çünki Türkiyə ilə İsrail arasındakı münasibətlərin hazırda hansı mərhələdə olduğu hamımıza məlumdur. Türkiyə heç bir halda İsrailin Fələstində, Qəzzada törətdiklərini qəbul etmir və daim Fələstinin yanında dayanıb. Amma bununla belə, son iki ildə davam edən Qəzza faciəsinin fonunda Türkiyə ilə İsrail arasında bir savaş baş verməyibsə, demək, bundan sonra da belə bir ehtimal azdır”.
Bunu politoloq Cavanşir Abbaslı “xalqcebhesi.az”a açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyənin Yaxın Şərqdə kifayət qədər iddiaları olsa da, bu, o demək deyil ki, həmin hədəfləri reallaşdırmaq üçün İsraillə müharibə aparacaq: “Türkiyənin başında Rəcəb Tayyib Ərdoğan kimi güclü və qətiyyətli siyasətçi dayanır. O da yaxşı bilir ki, İsrail təkbaşına İranla müharibə aparacaq səviyyədə olan ölkə deyil. Onun arxasında NATO-nun birinci və super gücü olan Amerika Birləşmiş Ştatları dayanır. Buna görə də Türkiyə ABŞ-la qarşıdurmaya getməz. Hər tərəfdən Türkiyə NATO-da ordusuna görə ikinci ölkədir. Bir NATO ölkəsinin İsrailə hücumu hansı fəsadlar törədəcəyini sadalamağa ehtiyac yoxdur. Xüsusilə də NATO daxilində ABŞ kimi bir dövləti və digər gücləri qarşısına almaq doğru olmaz”.
Cavanşir Abbaslı qeyd edib ki, bütün bu məqamları nəzərə alsaq, indiyə qədər baş verməyən Türkiyə–İsrail müharibəsinin bundan sonra da baş verməyəcəyi qənaətinə gəlmək olar: “Türkiyə təbii ki, Fələstinin yanında olub. Amma müharibə istiqamətində addım atmadısa, demək, bundan sonra da bu baş verməyəcək. Bölgədə İran–İsrail toqquşmalarının baş verdiyi, 12 günlük müharibə zamanı Türkiyənin açıq şəkildə tərəf tutmaması göstərdi ki, Ankara kifayət qədər ehtiyatlı və rasional siyasət yürüdür”.
Politoloq əlavə edib ki, Böyük Britaniya ilə Türkiyə arasında hərbi əməkdaşlıq da məhz bu ehtiyatlı siyasətin nəticəsidir: “Türkiyə ilə Böyük Britaniya arasında imzalanan hərbi sənaye müqavilələri hər hansı dövlətə qarşı yönəlməyib. Bu, sadəcə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıqdır. Türkiyə həm Böyük Britaniya, həm də digər ölkələrlə silah alış-satışı həyata keçirir. Eyni zamanda, öz hərbi sənayesini inkişaf etdirərək müasir silahlar istehsal edir. Bütün bunlar Türkiyə ordusunun daha da güclənməsinə xidmət edir. Gələcəkdə də bu tipli hərbi əməkdaşlıqların və təyyarə alışlarının şahidi olacağıq”.
Günel Elxan