Gürcüstan Rusiyadan idarə olunur Müsahibə

Gürcüstan Rusiyadan idarə olunur

Fazil Əliyev: “Əgər İvanişvili hakimiyyəti itirərsə, o zaman rusiyapərəst qüvvələr ölkədə qarşıdurmalar yarada bilər

Gürcüstan mer və bələdiyyə seçkilərinə hazırlaşır. Artıq hakim "Gürcü Arzusu" partiyası və müxalifət namizəd seçiminə başlayıb. Ölkədə siyasi vəziyyət getdikcə gərginləşir. Buna səbəb Gürcüstanda hakim partiyanın müxalifətlə Avropa İttifaqının vasitəçiyili ilə üç ay bundan əvvəl əldə olunan razılaşmanı ləğv etməsi olub.

"Gürcü Arzusu" nun lideri İrakli Kobaxidze iyulun 28-də sözü gedən razılaşmanın iflasına görə müxalifəti ittiham edib. O bildirib ki, müxalifətdən olan deputatların yarıdan çoxu hələ də bu razılaşmaya qoşulmayıb. Gürcüstanda siyasi böhran ötən oktyabrda keçirilmiş parlament seçkisində "Gürcü Arzusu" partiyası qalib gələndən sonra başlanıb. Müxalifət seçkini ədalətsiz və saxta adlandırıb. Bunun ardınca bir qrup müxalifət partiyası parlamentin boykotuna dair qərar qəbul edib. Birləşmiş Ştatlar tərəfindən dəstəklənən Avropa İttifaqı böhranın çözülməsi üçün Gürcüstan iqtidarı və müxalifəti arasında danışıqlar təşkil edib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel aprel ayında bir daha iqtidarla müxalifəti barışdırmağa cəhd edib və hətta təcili qaydada Tbilisiyə gəlib. Bundan sonra kiçik müxalifət partiyaları parlamentə daxil olmağa razılaşıblar.

Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunan sazişə görə hakim "Gürcü Arzusu" bələdiyyə seçkilərində 43 faizdən az səs topladığı təqdirdə, 2022-ci ildə erkən parlament seçkisi keçirilməli idi.

Bu arada ölkənin sabiq prezidenti Mixail Saakaşvili payızda baş tutacaq seçkidən əvvəl Gürcüstana qayıdacağını bəyanlayıb. "Mənim və ümumiyyətlə bizim planlarımız barədə çox sayda suallar var. Payızda, referendumdan öncə, İvanişvili və onun yoldaşlarına ciddi bir sürpriz hazırlayırıq. Bunu tam ciddiliyimlə deyirəm. Gürcü xalqına da yaxşı bir sürpriz hazırlayırıq. Buna milyonlarla insan sevinəcək, 100, 200-500 insan isə kədərlənəcək. Kədərlənənlərin hər biri soyuq su içsin" - deyib Saakaşvili.

Saakaşvili ona qarşı irəli sürülən ittihamlar və təqiblərin hansı ölkədən olduğunu açıqladı "Mənə qarşı edilən bütün bu təqibləri indi hamı başa düşməlidir ki, bu Putindən və Rusiyadan birbaşa əmrdir". Saakaşvilinin sözlərinə görə, Rusiyanın bu kimi bəyanatları onun planlarını dəyişə bilməyəcək: "Ruslar çox yaxşı bilirlər ki, Gürcüstan xalqının böyük əksəriyyəti mənim tərəfimdədir və Gürcüstana qayıtmağımı tələb edirlər. Onlar həmçinin, şantajın keçmişdə daha çox işə yaradığını və İvanişviliyə köməkçi rolu oynadığını yaxşı bilirlər. Hər kəsə bildirmək istəyirəm ki, biz Rusiya da daxil olmaqla heç kimlə qarşıdurma istəmirik. Belə bəyanatlar isə gürcü xalqını seçimindən məhrum edə bilməz və üstəlik mənim planlarımı da dəyişə bilməz. Onlar mənimlə əlaqəli olan Gürcüstanın sürətli inkişafı və uğurlarından daha çox qorxurlar, nəyinki bir tək Saakaşvilidən. Gürcüstanda xaos, iğtişaşlar və gürcü xalqının yoxsulluq bataqlığında boğulması onlar üçün daha əlverişlidir. Mənə qarşı edilən bütün bu təqibləri hamı başa düşməlidir ki, Putindən və Rusiyadan birbaşa əmrdir və İvanişvili mənə qarşı boş cinayət işləri açaraq özünü onlara sevdirdiyini heç vaxt gizlətmir. Çünkü onlar Gürcüstanın tərəqqi və inkişafını dayandırması üçün İvanişviliyə seçki kampaniyası zamanı iki milyard dollar vermişdi. Biz Gürcüstanı azad etmək üçün sona qədər gedəcəyik və sonra bütün qonşularımızla münasibətləri mütləq həll edəcəyik".

Ötən günlərdə Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasından sabiq millət vəkili Azər Süleymanovun istefa verməsi, ardınca partiyanın Marneulidəki üzvlərinin 2 oktyabr seçkilərində iştirak etməyəcəklərini elan etmələri vəziyyəti daha da gərginləşdirib.

"Xalq Cəbhəsi" Gürcüstan Naminə Partiyasının sədri Fazil Əliyevdən baş verən və gözlənilənlərlə bağlı müsahibə alıb.

- Seçkilər öncəsi ölkədə vəziyyətin gərginləşməsinə səbəb nədir, hakim partiyanın reytinqi hansı səbəblər üzündən düşür, əhali nədən narazıdır?

- Hakim partiyanın reytinqi həddən artıq aşağı düşməkdədir. Ötən seçkilərdə səsvermənin nəticəsi də bunu deməyə əsas verir. Əsas başlıca səbəblərdən biri də ölkədə aparılan daxili və xarici yarıtmaz siyasətdir. Bu aylarda Gürcüstanda baş verən hadisələr yadınızdadır? Mayda Dmanisidə svanların azərbaycanlılara hücumu, iyulun 5-də Gürcüstanda LGBT tərəfdarlarının "Qürur yürüşü" əleyhinə aksiyalar zamanı 55 jurnalistin döyülməsi, hücuma məruz qalan "Pirveli TV"nin operatoru Lesko Laşkaravanın ölməsi, ölkədə xarici vətəndaşlara təzyiqlərin edilməsi, məxfi səs dinləmələr, bütün vətəndaşların nəzarətə alınması, izlənməsi, kriminogen vəziyyətin ağırlaşması, iqtisadi vəziyyətin pisləşməsi, işsizliyin artması, koronavirusun acı nəticələri və digər səbəblər hökumətin yarıtmaz siyasətindən və hakim partiyanın düzgün siyasi yol tuta bilməməsindən, seçkilərdən öncə verdiyi vədləri yerinə yetirməməsinin nəticəsidir. Gürcüstan turizm ölkəsidir, büdcənin 60 faizi türuzm sahəsindən gələn gəlirdən ibarətdir. Yuxarıda sadaladıqlarım xaricdən Gürcüstana turizm axının azalmasına səbəb olub. ABŞ, Avropa İttifaqı Gürcüstanda baş verən hadisələri analiz edərək belə nəticəyə gəliblər ki, ölkə demokratik dəyərlərdən uzaqlaşıb. Çox güman ki, ölkəyə iqtisadi sanksiyaların tətbiqi gözlənilir, bu barədə artıq anonslar verilib. Demək olar ki, Gürcüstan artıq 90-cı illərə qayıdır.

- Payızda keçirilək seçkilərdən zləntiləriniz. Hakim partiya bu seçkilərdə məğlub olarsa, hadisəri necə proqnozlaşrmaq olar.

- Ölkədə iqtisadi, siyası böhran var. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Gürcüstana gəlib müxalifətlə iqtidar arasında danışıqlar aparıb. Mişelin ölkəyə gəlişinin əsas məqsədi siyasi böhranı həll etmək idi. Belə bir razılıq əldə olunub ki, oktyabrda keçiriləcək seçkilərdə hakim partiya 43 faiz səs toplaya bilməsə, növbədənkənar parlament seçkiləri keçiriləcək. Hakim “Gürcüstan Arzusu” partiyası bu razılaşmadan imtina etməklə bağlı qərar qəbul edib. Bəyan edildi ki, 43 faiz və yaxud ondan az faiz səs toplasaq da bu razılaşmaya əməl etməyəcəyik. Yəni Mişelin hakim partiya ilə müxalifət arasındakı razılaşmanın qüvvədən düşdüyü elan edildi. Fikrimcə, bununla hakim partiya göstərdi ki, Gürcüstan Avropaya inteqrasiya yolundan, demokratik dəyərlərdən üz döndərir, çünki artıq başa düşüblər ki, rəsmi Tiflisin Avropada yeri yoxdur. İkincisi bu imtina Saakaşvilinin Gürcüstana dönmək fikrinə münasibətdir. Hakim partiya bununla demək istəyir ki, əgər seçkilərdə 43 faizdən az səs toplasaq belə növbədənkənar parlament seçkilərinin keçirilməsinə imkan verilməyəcək. Ona görə də, Saakaşvilinin ölkəyə gəlişinin heç bir mənası olmayacaq. Saakaşvilinin ölkəyə qayıtmasının əsas məqsədi hökumətdən narazı siysasi çevrələri, kütləni öz ətrafında birləşdirib bu seçkilərdə hakim partiyanın təbliğatına zərbə vurmaq və onu uduzdurmaqdır və təkrar parlament seçkilərinin keçirilməsinə nail olmaqdır. Bu seçkilərdə də Saakaşvili qələbə qazanıb, hökuməti formalaşdırmaq niyyətindədir. Bugünki Gürcüstan hakimiyyətində demokratik prinsiplərdən heç bir əlamət qalmayıb. Hakimiyyət artıq diktaturanın klassik formalarını tətbiq etməyə başlayıb. İstər məhkəmə sistemi, istər seçki sistemi, istərsə də güc sturukturlarında bu əlamətlər özünü biruzə verməkdədir. Hökumət Şevardnadzenin dönəmində olduğu kimi bütün sahələri bir partiyanın nəzarəti altına alınmasına çalışır. Öz hakimiyyətlərini uzatmaq üçün bir diktatura rejimi qururlar.

- Saakaşvilinin qayıdacağına söz düşdü, gələrsə nə dəyişə bilər və onu təhlükə gözləyə bilərmi?

- Saakaşvili Gürcüstana gələrsə, bəli, siyasi aura, iqlim dəyişəcək. Hökumətin məğlubiyyəti sürətlənə bilər. Gəlməsə, o zaman müxalifət seçikərə qatılacaq. Amma onu da qeyd edim ki, xalqın bu hakimiyyətə və müxalifətə inamı, etibarı qalmayıb. Xalq üçüncü qüvvənin axtarışındadır. Saakaşvilinin dönəmində də böyük narazılıqlar olub. “Gürcü Arzusu” da on ilə yaxındır ki, hakimiyyətdədir. Bu on ildə məhkəmə, polis sistemində özbaşnalığın yaranması, insan hüquq və azadlıqlarının pozulması, kriminogen durumun yaranması, sosial, iqtisadi vəziyyətin pisləşməsinin nəticəsidir ki, xalq üçüncü qüvvənin axtarışına çıxmaq məcburiyyətində qalıb. Saakaşvili gələrsə bir çox siyasi qüvvələr birləşə və koalision hökumət formalaşa bilər. Düşünürəm ki, ölkədə iqtisadi, siyasi böhran bu seçkidən sonra daha çox dərinləşəcək. Bu hakimiyyət güc sturukturları və polisin gücündən istifadə edərək yenidən saxtakarlıqlara əl atacaq, nəticədə ABŞ və Avropanın sanksiyaları qaçılmaz olacaq.

- Çıxış yolu kimi ölkədə koalision hökumət formalaşdırmaq mümkündürmü?

- İndiki hakimiyyət saxtakarlıqla qurulub. Hakim partiya xalqın səsini qazanmayıb. Bu gün müxalifət iqtidarla razılaşıb koalision hökumət formalaşdıra bilməz. “Gürcü Arzusu” hakimiyyətdən getdikdən sonra bu barədə fikirləşmək olar. Əgər növbədənkənar parlament seçkiləri demokratik və şəffaf formada keçirilərsə, o zaman koalision hökumət formalaşdırla bilər, buna inanıram.

- Necə fikirləşirsiz, İvanişvili hakimiyyəti könüllü və asanlıqla təhvil verə biləcək?

- Dünya praktikasında diktatura üsulu ilə hakimiyyətə gələn heç bir partiyanın xoşluqla getdiyinin şahidi olmamışıq. Regionda nə baş verir? Qarabağın işğalçılardan azad edilməsi, Türkiyənin regionda güclənməsi, Avropanın bu proseslərdən kənada qalması, Rusiya sülhməramlılarının Xankəndinə yerləşdirilməsi regiondakı vəziyyəti dəyişir. Rusiyapərəst qüvvələr çox çalışdılar ki, Ermənistanda hakimiyyətə Paşinyan yox, Koçaryan gətirilsin. Paşinyan da “Soros” tərəfindən dəstəklənən bir qrupu təmsil edir. İndi növbə Gürcüstandadır. Əgər Gürcüstanda da Soros qüvvələri İvanişvilini devirib hakimiyyətə gəlsələr, o zaman bunun sərhədləri genişlənəcək. Hətta Orta Asiya ölkələrinə gedib çıxa bilər. Məqsəd bölgədə Rusiyanın təsirini zəiflətməkdir. Rusiya çalışacaq ki, İvanişvilinin hakimiyyətini qoruyub saxlasın. Amma qarşı tərəf də zəif deyil. İvanişvili siyasətçi deyil, biznesmendir, ancaq pulunu düşünür. Son sözü əlbəttə xalq deyəcək. Əgər meydanlara yüz mindən artıq insan çıxarsa, o zaman İvanişvili hakimiyyəti xoşluqla təhvil vermək məcburiyyətində qalacaq. - Gürcüstanın gələcəyini kimin hakimiyyətində görürsüz - Saakaşvili, İvanişvili, yoxsa yeni bir sima meydana çıxmalıdır - İvanişvili ustalıqla xalqı çox yaxşı aldada bildi. İnsanlar elə firkirləşirdilər ki, milyardları olan İvanişvili Gürcüstanı cənnətə çevirəcək, İsveç və İsveçrəyə oxşar bir dövlət quracaq, yaxşı vədlər vermişdi. Hətta mən də inanmışdım ki, İvanişvili hakimiyyətə gələndən sonra Gürcüstan İsveçrə kimi Avropasayaq bir ölkə olacaq. Sonradan məlum oldu ki, bunu təyin edən super güclərin məqsədi başqa imiş. Nəticədə biz döyülmüş, söyülmüş, taqətdən düşmüş bir Gürcüstanı gördük. Gürcüstan bu qədər demokratiyadan uzaq bir duruma düşməyib. Düşünürəm ki, böyük qüvvələrin Gürcüstanda ciddi qarşıdurması olacaq. Amma xalqın istəyi ölkəni Avropa yolunda görməkdir.

- Ölkədə siyasi vəziyyət və partiyaların fəaliyyətinə yaradılan şəraitdən razısızmı?

- Əlbəttə yox. Gürcüstan tarixində, hələ 5-ci, 12-ci əsrlərdən bu yana, hətta Sovetlər birliyi dönəmlərdə ölkədə 50-dən çox jurnalist döyülməyib, təhqir olunmayıb, öldürülməyib, xarici və yerli vətəndaşlara zülm edilməyib. Diktaturaya meylli hökumətlərin heç birində nə media, nə siyasi çevrələrin fəaliyyətinə şərait yaradılmayıb. İvanişvili hakimiyyətini yeganə düşündürən odur ki, pul gücünə siyasi partiyalar arasında qarşıdurma yarada bilsin, parçalasın. Son parlament seçkilərində hakimiyyət 3-4 deputatı pulla əla ala bildi. Vətənpərvər, qürurlu müxalif partiya rəhbərlərini ələ ala bilməyiblər. Gürcüstanda fəaliyyətdə olan bütün müxalif partiyalar bu diktatura rejimi yaradan hakimiyyətdən narazıdır. Media əhlinin telefonları dinlənilir, mikrofonları zorla əllərindən alınır, təhqir edilir, ölkədə söz və mətbuat azadlığı yoxdur.

- Azərbaycan Qarabağı işğaldan azad etdi, Gürcüstan nə zaman Cənubi Osetiya və Abxaziyanı Rusiyanın işğalından azad etmək fikrində olacaq?

- Qarabağı Cənubi Osetiya və Abxaziya məsələsiylə eyniləşdirmək istəməzdim. Birincisi, Xankəndidə həm işğalçı ölkənin, həm də Rusiyanın hərbçiləri hələ də qalmaqdadır. Həm də Qarabağ muxtariyyət və yaxud başqa statusu olmayan yerdir. Gürcüstanda isə Abxaziya muxtar respublika, Osetiya isə muxtar vilayət idi. Onların hər ikisi müstəqilliyini elan ediblər və bir neçə dövlət tərəfindən müstəqillikləri tanınıb. Onların da arxasında Rusiya dayanıb. Kremlin marağındadır ki, onları müstəqil dövlət kimi saxlasın. Ona görə ki, Abxaziya ərazisində, Suximidə, Qara dəniz sahillərində Rusiya hərbi bazalarını yaradıb. Pyotr dövründə belə Qara dəniz hövzəsində hərbi baza yarada bilməyən Rusiya dövləti Abxaziya ərazisində hərbi bazasını yaradıb. Bununla da Kreml orada olan NATO qüvvələrinə qarşı öz mövqeyini möhkəmləndirib. Azərbaycan 44 günlük müharibə dönəmində torpaqlarını işğalçılardan azad edəndə Rusiya sakit durdu. Baxmayaraq ki, Ermənistanla arasında müəyyən müqavilələri vardı. Amma Ermənistanda qərbpərəst qüvvələrin hakimiyyətə gəlməsi Rusiyanı qane etmədiyinə görə bu məsələdə Kreml seyriçi mövqe tutdu. Qarabağla müqayisədə durum və vəziyyət fərqlidir. Bir də Gürcüstanın nə hərbi, nə iqtisadi potensialı buna imkan verimir ki, silah yolu ilə bunu həll edə bilsin. Məsələnin həllinin yeganə yolu danışıqlar vasitəsidir. Bu gün o da mümkün deyil. Gözləməliyik ki, nə vaxtsa Rusiya dövlət kimi süqut etsin. Bu da yaxın gələcəkdə gözlənilmir.

- Hakim partiyanın rəsmi Kremlin təsiri altında olduğu söylənilir, iqtidar isə bunu inkar edir. Rusiyanın Gürcüstanda hansı təsir mexanizmləri var?

- Gürcüstan hakimiyyəti Rusiyanın təsirindədir. Rusiyada milyardlar qazanan İvanişvili ölkəni şirkət kimi idarə edir. Fakt odur ki, Gürcüstan Rusiya tərəfindən idarə olunur. Özü də pultla kənardan idarə olunan dövlətə oxşayır. İvanişvili xaricdə oturub cangüdənlərinin birini daxili işlər naziri, digərini təhlükəsizlik naziri qoyub, şirkətlərinin birinin rəhbəri olan Qaribaşvilini baş nazir təyin edib. 10 ildir ki, ölkə Rusiyadan idarə olunur. Hakim partiyanın Mişelin məlum razılaşmasından çıxamsı və sair məsələlər ölkənin Avropaya yolundan döndərmək deməkdir ki, bu da Kremlin istəyidir. Bir neçə müxalifət partiyası isə Avropadan dəstəklənir. MHP, Avropalı Gürcüstan və başqa partiyalar Gürcüstanın NATO-ya qoşulması və ölkədə demokratik seçkilərin keçirilməsini, demokratik hakimiyyətin qurulmasını istəyir.

- Əgər Rusiya Gürcüstanda hakimiyyəti qoruyub saxlaya bilməsə və yaxud Avropapərəst qüvvələr hakimiyyətə gəldiyi təqdirdə nə baş verə bilər?

- O zaman Abxaziya və Cənubi Osetiya və digər separat region sərhədlərdə qarşıdurma, adam öldürmə, adam oğurluğu hadisələri başlaya bilər. Gürcüstan tərkibində olan rusiyapərəst qüvvələr qarşıdurmalar yarada bilər. Gürcüstan o zaman diktaturadan xilas olacaq ki, İvanişvili hakimiyyətdən gedəcək, ölkədə demokratiya bərqərar olacaq.

Cavid