Mövcud tarif siyasəti əhaliyə xeyli aşağı qiymətə daha yüksəksürətli internetdən istifadə etmək imkanı verəcək - Rövşən Rüstəmov Müsahibə

Mövcud tarif siyasəti əhaliyə xeyli aşağı qiymətə daha yüksəksürətli internetdən istifadə etmək imkanı verəcək - Rövşən Rüstəmov

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırıldı.

Bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Trend-in suallarını cavablandırıb.

Nazir müavini ilə eksklüziv müsahibəni təqdim edirik:

- Rövşən müəllim, sözügedən Fərman ölkəmizdə sahə üzrə hansı yeniliklərə yol açacaq?

- Cənab Prezidentin Fərmanı əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırıldı. Nazirliyin tabeliyində Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi publik hüquqi şəxsləri yaradıldı.

Məqsəd ölkədə rəqəmsallaşdırmanın və innovasiyaların tətbiqinin genişləndirilməsi, radiospektr idarəçiliyinin, rabitə və informasiya texnologiyalarının inkişafının, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılmasıdır.

Nəticə etibarilə qeyd olunan sahələrdə keyfiyyətin artırılması, innovativlik, investisiya cəlbediciliyi və istehlakçıların maraqlarının qorunması təmin ediləcək.

Bu proses nazirlik qarşısında yeni hədəflər müəyyənləşdirir, ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsini zəruri edir. Qeyd edək ki, cənab Prezidentin 27 aprel tarixli Fərmanına əsasən, rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi nazirliyə həvalə edilib. Vətəndaşların həyat şəraitini müasir standartlara uyğun şəkildə təmin etmək üçün rəqəmsal transformasiya vacib amildir. Ölkəmiz məhz bu istiqamətdə həm milli, həm də beynəlxalq səviyyədə təşəbbüslərin dəstəkçisi və iştirakçısıdır.

- Rəqəmsal transformasiya dedikdə nə nəzərdə tutulur və proses necə təşkil olunacaq?

- Rəqəmsal transformasiya rəqəmsal texnologiyaların tətbiqi ilə xidmətlərin göstərildiyi və dövlət idarəçiliyinin təkmilləşdirildiyi rəqəmsal hökumətə, rəqəmsal məhsulların yaradıldığı, biznes proseslərinin avtomatlaşdırıldığı və proqnozlaşdırıla bilən rəqəmsal iqtisadiyyata, rəqəmsal hazırlıqlı və bacarıqlı, “açıq məlumatlar“ın istifadə edildiyi rəqəmsal cəmiyyətə keçidi ehtiva edir.

Bu Fərman əsasında nazirliyin tabeliyində yaradılacaq Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini, o cümlədən nəzarət və tənzimləməni təmin edəcək. Bu Agentlik nazirliyin tabeliyindəki 3 qurumun – Milli Nüvə Tədqiqatları Mərkəzi, İnnovasiyalar Agentliyi və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşməsi əsasında təşkil olunacaq.

Agentlik, həmçinin innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri, o cümlədən startapları təşviq edəcək, maliyyələşdirilməsini təmin edəcək, yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirləri, elmi, elmi-texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini həyata keçirəcək.

Nəzərinizə çatdırım ki, rəqəmsal transformasiyanın uğurunu şərtləndirən amillərdən biri ölkədə sabit rabitə və yüksəksürətli, əlçatan internet xidmətləridir.

Əhalinin böyük bir hissəsinin müasir internet texnologiyalarından istifadə etməsi nəticəsində bu istiqamətdə rəqəmsal bilik, bacarıq və vərdişlərə yiyələnməsi ölkəmizdə həyata keçirilən rəqəmsallaşma, rəqəmsal transformasiya layihələri üçün əsas dəstəkləyici faktorlardan olacaq.

Məhz ona görə də nazirlik sabit rabitə və yüksəksürətli internet xidmətləri istiqamətində genişmiqyaslı layihələr həyata keçirməyi nəzərdə tutur.

- Zəhmət olmasa, bu istiqamətdə nəzərdə tutulan işlər barədə ətraflı məlumat verərdiniz...

İnternetin sürətinin artırılması üçün həll edilməli olan iki əsas istiqamət var:

- Texnologiya: yeni texnoloji inkişaf insanların mümkün olan ən

sürətli internetdən istifadə etməsinə imkan verməlidir;

- Əhatə dairəsi: fərqli internet paketlərinin tarifləri yüksək olmamalıdır.

Gəlin, əvvəlcə texnologiyadan danışaq. Azərbaycanda sabit genişzolaqlı internet istifadəçilərinin təxminən 70%-i internet xidmətlərini ADSL üzərindən alır. Bu texnologiyanın saniyədə 10 Mb yuxarı həddi var. Yeganə həll yolu infrastrukturun yenilənməsinə yatırılan böyük həcmdə investisiyadır. Nazirliyin son 6 aydır üzərində çalışdığı iş məhz budur.

Nəticə etibarilə üç şirkətin – “Aztelekom”, “Baktelekom” və “Azeronline”ın dövlət-özəl tərəfdaşlığı əsasında ölkədəki ən böyük fiber-optik kabel yeniləməsinə birgə investisiya qoyma qərarı qəbul olunub. Hazırda bir neçə özəl şirkətlə də əməkdaşlıq barədə danışıqlar aparılır.

Ümumilikdə 2024-cü ilin sonunadək ölkə ərazisindəki bütün ev təsərrüfatlarının internet ilə təmin edilməsi və internetin orta sürətinin minimum 25 mbps-ə çatdırılması hədəflənir.

- Tariflərlə bağlı soruşmaq istəyirəm, keyfiyyət artdıqca qiymətlər də yüksələcəkmi?

- İnternet xidmətlərinin tarifləri ilə bağlı artıq ciddi yeniliklər var. “Aztelekom” və “Baktelekom” tərəfindən bu məsələlər diqqətlə nəzərdən keçirilib və önəmli düzəlişlər edilib. 2021-ci ilin avqust ayından etibarən ADSL seqmentində ən aşağı sürət seçimlərinə dəstəyi dayandırmışıq. Həmçinin həmin tarixdən tarifləri endirmişik, yeni tariflər üzrə faktiki olaraq 4 Mb/s-in qiyməti 20 AZN-dən 13 AZN-dək (35%), 7Mb/s-in qiyməti 40 AZN-dən 16 AZN-dək (60%) və 10Mb/s-in qiyməti 50 AZN-dən 19 AZN-dək (60%-dən çox) endirilib.

Mövcud tarif siyasəti əhaliyə xeyli aşağı qiymətə daha yüksəksürətli internetdən istifadə etmək imkanı verəcək.

Azərbaycanda orta internet sürətindəki artımın böyük mənzərənin yalnız bir hissəsi olduğunu unutmamalıyıq. Vətəndaşların yüksəksürətli internetə qoşulma imkanı olmalıdır. Növbəti 5 ildə ən müasir GPON (Gigabyte Passive Optical Network) texnologiyasına diqqət yetirməklə ölkədə sabit genişzolaqlı internetin əlçatanlığının 100%-ə yüksəldilməsi planlaşdırılır. Zənnimcə, bu hədəfə çatmaq üçün ən optimal və effektiv yol dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl internet provayderləri ilə əməkdaşlıq qurmaqdır.

- İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin yaradılması hansı zərurətdən irəli gəldi və İKT sahəsinə faydaları nədən ibarət olacaq?

Qlobal texnoloji transformasiyalara uyğunlaşdırılması məqsədilə ölkənin İKT sektorunun tənzimlənməsi və daha çevik idarəçilik mexanizmlərinin qurulması vacibdir. Bu səbəbdən sahənin bütün tənzimləmə, qiymət, keyfiyyət, çevik inkişaf siyasətini həyata keçirəcək requlyatorun – İnformasiya Kommunikasiya Agentliyi publik hüquqi şəxsin yaradılması zəruri idi.

Bu Agentlik ölkəmizdə İKT və rabitə sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və keyfiyyətə nəzarət daxil olmaqla nəzarəti, o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini, radiospektr idarəçiliyini həyata keçirəcək.

Tənzimləyici qurumun olması ölkədə rəqəmsal iqtisadiyyatla kollaborativ qaydada rəqəmsal transformasiyanı sürətləndirəcək və hüquqi-tənzimləyici çərçivə yaradacaq, eləcə də İKT sahəsinin ölkə iqtisadiyyatına əlavə dəyər qatqısı artacaq.

Hazırda tənzimləyicinin olmaması ölkənin adını beynəlxalq təşkilatların qınaq mənbəyinə çevirir.

Mobil və sabit genişzolaqlı və universal xidmətlərin inkişafının ölkənin ucqar və regional, o cümlədən kənd yerlərində nəzarətsiz qalması, internet xidmətlərinin əlçatan olmaması, qiymət və keyfiyyət siyasətinin aparılmaması əlavə narazılıqlar yaratmaqla yanaşı, ölkənin texnoloji hazırlıq meyarlarına ciddi mənfi təsir göstərir. Agentliyin fəaliyyəti bu istiqamətdə çətinliklərin aradan qaldırılmasına da istiqamətlənəcək.

- Suallarımıza cavab verdiyiniz üçün təşəkkür edirik.

- Buyurun. Mən təşəkkür edirəm.