1945-1946-cı illərdəki hərəkat zamanı buraxılmış səhvlər Ədəbiyyat

1945-1946-cı illərdəki hərəkat zamanı buraxılmış səhvlər

S.C.Pişəvəri:"Düşmən hədələri bizi tutduğumuz haqq yolundan qaytara bilməz. Ya ölüm, ya azadlıq, üçüncü yol yoxdur!"

1941-1946-cı illərdə Güney Azərbaycandakı azadlıq hərəkatının öndəri olmuş S.C.Pişəvərinin həyatının və keçdiyi mübarizə yolunun bütün mərhələlərinin öyrənilməsi tarixşünaslığımız və cəmiyyətimiz üçün şübhəsiz vacib və aktual mövzulardandır. Araşdırmalar göstərir ki, S.C.Pişəvərinin çoxşaxəli: maarifçilik, siyasi-ictimai, bədii, elmi və s. sahədəki irsinin daha dərindən və ətraflı tədqiq olunmasına ehtiyac var. Əlbəttə, S.C.Pişəvəri haqqında Azərbaycanın həm Güneyində, həm də Quzeyində xeyli yazıların olduğunu inkar etmək olmaz. Ancaq bu yazılarda S.C.Pişəvərinin keşməkeşlərlə dolu həyatının və mübarizəsinin bütün cəhətlərindən yetərincə öyrənildiyini də demək mümkün deyil.
Yuxarıda dediyimiz kimi, S.C.Pişəvəri haqqında İranda yazılanların çoxu şovinist ünsürlərin pulu və sifarişi ilə yazıldığından onlar Pişəvəri şəxsiyyətini və onun fəaliyyətini bütövlükdə təhrif və böhtanlara məruz qoymuş və qoyurlar. Bu işdə onların əsas hədəfi S.C.Pişəvəri ilə birlikdə 1941-1946-cı illərdə Güney Azərbaycandakı hərəkatı ləkələmək, onu ictimaiyyətin gözündən salmaq, eləcə də hərəkatın milli xarakterini və hədəfini şovinistlərin istək və ruhuna uyğun şərh etməkdir. İran İslam Respublikasının keçmiş prezidenti M.Xatəmi İrəvana rəsmi səfəri zamanı (avqust, 2004) erməni müxbirinin S.C.Pişəvəri və onun başçılıq etdiyi hökumət haqqında fitnəkarcasına verildiyi suala cavabında M.Xatəmi: "Həm Pişəvəri, həm də o hərəkat xaricdən gəlmə olduğu üçün xaricə də çıxıb getdi. Azərbaycandakı zəminlə onun heç bir əlaqəsi olmamışdı" deməsi əslində Pişəvəri əleyhdarlarının və Azərbaycan xalqının azadlığına düşmən olanların dəyirmanına su tökmək idi. Belə bir durumda biz "ağzımıza su alıb" dayanmamalıyıq. Həqiqəti olduğu kimi ictimaiyyətə çatdırmalıyıq və şərəfli keçmişimizi şərəfsizlərin basqı və təhqirlərindən qorumalıyıq. Bu, bizim hər birimizin vətəndaşlıq borcumuzdur. Bunu bizdən həm də obyektiv və qərəzsiz tədqiqatçılıq vəzifəmiz tələb edir.

* * *

S.C.Pişəvərinin 35-40 illik mübarizə yolunun eniş və yoxuşları ilə az-çox tanış olduqdan sonra onun fəaliyyətinin qüsurlardan tam xali olduğunu demək də çətindir. S.C.Pişəvəri dövrünün və MH-lə bağlı olayların şahidi, ən başlıcası S.C.Pişəvəri şəxsiyyətinə hörmət qail olan bir adam kimi onun fəaliyyəti dövründə buraxdığı səhvləri qələmə gətirmək, bu haqda öz fikir və mülahizələrimizi oxucu ilə bölüşdürmək; nə qədər ağır olsa da bunlar deyilməlidir. Deyilməlidir ona görə yox ki, biz keçmişimizi "təftiş" etmək istəyirik. Deyilməli və yazılmalıdır ona görə ki, "Keçmiş gələcək yolun aynasıdır". Biz bu "aynada" S.C.Pişəvəri şəxsiyyətinin hərtərəfli cəhətlərini görməli, ağı-ağ, qaranı-qara yazmalıyıq.
S.C.Pişəvərinin Məhəmməd Əmin Rəsulzadənin Azərbaycançılıq məfkurəsindən uzaqlaşması, sosial-demokratlıqdan kommunistlik məsləkinə keçməsi onun ilk və ciddi səhvlərindən biri sayılmalıdır. Özü sonralar, bir qədər gec də olsa: "İranda kommunist məsləkinin yayılması üçün milli zəmin yoxdur" deməklə vaxtilə buraxılmış səhvin etirafı kimi başa düşülməlidir. Onun baxışlarında başqa yalnış mövqe 1918-ci ilin mart qırğını ilə bağlıdır. Bolşevik-daşnakların fitvası ilə Bakıda və ətraf bölgələrdə ermənilər tərəfindən türklərə qarşı kütləvi qırğının həyata keçirilməsi tarixdə məlum və inkar olunmaz fakt olsa da, S.C.Pişəvəri bu qanlı olayda müsavatla daşnakları eyni dərəcə də günahlandırır.
Rza xan kimi qəddar və şovinist bir tiranın şahlıq taxtına yiyələnmək üçün əvvəlcə özünü "respublika" tərəfdarı kimi hiyləgər vədinə S.C.Pişəvərinin inanmaq meyli onun sonrakı həyatı və mübarizəsi üçün ağır başa gəlmişdi. S.C.Pişəvərinin əvvəl inandığı və arxalandığı sovetlərin 1920-1921-ci illərdə Gilan hadisələrinə etdikləri açıq-aydın xəyanət İran vətənpərvərləri sırasında S.C.Pişəvəriyə də ibrət dərsi olmalıydı. 1946-cı ilin yazında Moskva rəhbərliyinin "məsləhəti" və təzyiqi ilə Tehrana, Qəvam dövləti ilə "dil" tapmağa getməməliydi, üstəlik Təbriz radiosundakı çıxışında (13 iyun 1946) Əhməd Qəvam kimi hiyləgər qatili tərifləməməliydi. Təzyiq və zorakı buyruqlarla edilmiş bu işlər S.C.Pişəvəri şəxsiyyəti üçün uğur sayıla bilməz. Tehranın nümayəndəsi, S.Qəvamın müavini M.Firuzla bağlanmış təslimçi müqavilənin altında S.C.Pişəvərinin imzası olmamalıydı. Müqavilə əsasında Tehran qoşunu Zəncana daxil olarkən törədilmiş vəhşilik və özbaşınalıqlar hüquqi cəhətdən əsas verirdi ki, Azərbaycan bir tərəfli olaraq bağlanmış müqavilədən çıxsın və özünü hər tərəfli müdafiəyə hazırlasın.
1945-1946-cı illərdəki hərəkat zamanı buraxılmış ciddi səhvlərdən biri də AMH rəhbərliyinin İranın başqa bölgələrindəki demokratik və antirejim qüvvələrlə zəif təmas saxlaması, onların köməyindən faydalana bilməməsi idi. (1946-cı ilin martında M.C.Bağırovla görüşdə S.C.Pişəvəri bu səhvi özü etiraf etmişdi) Halbuki Azərbaycan və Kürdüstan kimi Bəluc, Ərəb, Türkmən, Lor, Qaşqay və s. xalqlarda rejimin zorakılığından və şovinist əməllərindən əzab çəkmiş insanlar idi. Onlarla dil tapmaq, əlaqə yaratmaq, vahid cəbhədə çıxış etmək Azərbaycandakı milli qüvvələrin mübarizəsinə böyük və əvəzsiz kömək olardı, Tehranın bütün qüvvələri birbaşa Azərbaycana yönəltmək planını pozardı.
1946-cı ilin sonundakı real vəziyyət, arxasızhq Azərbaycandakı hərəkatın süqutunun mütləqləşdirirdi. Belə şəraitdə mübarizənin gizli formasına keçmək, fədai dəstlərindən partizan qrupları düzəltmək, "Babək" adına yaranmış könüllülər dəstəsini istiqamətləndirmək, firqə rəhbərlərini, fədai başçılarının müqavimət hərəkatına cəlb etmək və bu işdə şəxsi nümunələr göstərmək S.C.Pişəvərinin rəhbərlik etdiyi təşkilatın və hökumətin göstərəcəyi ümdə işlərdən olmalı idi.
Mübarizənin ağır və mürəkkəb vaxtında S.C.Pişəvərinin verilmiş vədlərə inanıb qəflətən Təbrizi tərk etməsi əhalidə ruh düşkünlüyü, mənəvi sarsıntı yaratdı. Başsız qalmış şəhərdə çaşqınlıq və başıpozuqluq artdı... İctimai fikir belədir ki, S.C.Pişəvəri nəyin bahasına olsaydı belə, bu ağır vaxtda Təbrizi tərk etməməli idi. O, fədailəri ilə birgə Tehran qoşununa müqavimət göstərib qəhrəman kimi həlak olmağı Arazı bu taya keçməkdən üstün tutmalıydı və s.i.a... Firuz Heyət ("Varlıq" dərgisinin naşiri Cavad Heyətin qardaşı) ABŞ-da çap etdirdiyi "Reform" dərgisinin 1997-ci il iyun nömrəsində (№3) Məmmədrza şahın generallarından olan, Azərbaycanan hücumu iştirakçısı Foladinin "xatirələr"indən parçalar çap etdirib. Foladi öz xatirələrində yazır ki, "Biz 1946-cı ilin noyabr-dekabr aylarında (Aban-Azər) aylarında Azərbaycana hücum edərkən əgər qarşı tərəf 300 mütəşəkkil hərbi qüvvə ilə bizə müqavimət göstərsəydi, Təbrizi tutmağımız müşkül olacaqdı".
Əhali arasında çaşqınlıq, orduda və fədai dəstələrində başlı-başına qalma və istiqamətsizlik halı əvəzinə müstəqil dirənişi təşkil etmək olsaydı, nəticədə yəqin ki, başqa cür ola bilərdi. Ürək yanğısı ilə bu deyilənlər müəllifin olmuşlara əsaslanan subyektiv fakir və mülahizələridir. Bunlar S.C.Pişəvəri şəxsiyyətinə, onun irsinə və fəaliyyətinə kölgə salmaq niyyətindən tam uzaqdır. Bunu yəqin ki, Pişəvərisevər oxucu da sezməmiş deyil. Biz keçmişimizin kəm-kəsirlərini ona görə dilə gətirmirik ki, onun uğurlarına kölgə salaq. Burada məqsəd keçmişin ağır və acı olaylarını yada salıb onlardan nəticə çıxarmaqdır. Buraxılmış səhvlərə və büdrəmələrə təkrar yol verməmək istəyidir.
S.C.Pişvərinin həyatı, keçdiyi şərəfli mübarizə yolu, özünün dediyi kimi, ancaq və ancaq xalqının azadlığına həsr edilmişdi. Bu işdə onun hər hansı taktiki və mülahizə yanlışlığı da şübhəsiz, onun öz məqsədinə çatmaq istəyi ilə bağlı olmuşdu. Həm də ictimai-siyasi xalq hərəkatlarında səhvlərə yol verilməməsi nadir istisnalardandır. S.C.Pişəvəri ideyaları Güney Azərbaycanda azadlıq və demokratiya mücadiləsinin hədəf və qayəsi olaraq bu gün də yaşamaqdadır. S.C.Pişəvəri ilə bağlı araşdırmalara onun sözləri ilə yekun vuraq: "Düşmən hədələri bizi tutduğumuz haqq yolundan qaytara bilməz. Ya ölüm, ya azadlıq, üçüncü yol yoxdur!"

Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq İnstitutunun "Güney Azərbaycan elmi araşdırmalar" şöbəsinin müdiri