Fətəli xan hökumətinin mühüm tədbirləri Ədəbiyyat

Fətəli xan hökumətinin mühüm tədbirləri

Azərbaycan istiqlalının işğaldan sonrakı ilk şəhidlərindən olan Fətəli xan Xoyskinin adı Azərbaycan dövlətçiliyi tarixinə əbədi həkk olunub



2-ci yazı

M.Ə.Rəsulzadə bütün tarixi məsuliyyət yükünün Fətəli xan Xoyski hökumətinin çiyinlərinə qoyulduğunu bildirməklə Fətəli xanın həyəcanlı davranışının hərbi mənada bənzətməsini göstərmişdi. Ən bariz bənzətməni Üzeyir bəy Hacıbəyli vermişdi: "Yeni vücuda gəlmiş Azərbaycan hökumətinin birinci rəisi-vüzərası olmaqla Azərbaycan tarixində mühüm mövqe tutmuş Fətəli xan həzrətləri bu yeni dövlətin vəziyyətini taxta paralarından əmələ gəlmiş bir gəmiyə bənzədir ki, bu kimi fırtınalı bir gündə dərya üzərində hər saat, hər an dağa-daşa çırpılıb dağıla bilmək təhlükəsi qarşısında qalmış, bütün ümidini gəmiçinin istedad və məharətinə bağlamışdı … Bu zəif gəmini bu fırtınalı gündə bu dağın, bu daşın arasından salamat keçirmək və sahili-nicata çıxarmaq kimi çətinliyi Fətəli xan həzrətləri öz boynuna götürməyi qəbul etdi və gəmisini kamali-ehtiyat və ehtimal ilə sahili-nicata çıxarmaqda, fırtına sakit olana qədər dağa və daşa vurmayıb bunların arasından keçirməkdə böyük ustalıq va məharət göstərdi". Azərbaycanın milli dövlət quruculuğunun ilklərinə imza atmaq şərəfi əsasən Fətəli xana nəsib oldu.
Təşkilati işlərdən başlamış, cari tələbatları ödəmək zərurəti ilə qayğılanan hökumət strateji qərarları ilə cəsarətli başlanğıc etdi. Hökumətin 1 nömrəli vəzifəsi Bakının azad edilməsi olduğu səbəbindən ilk tədbir iyunun 19-da Azərbaycanda hərbi vəziyyətin elan edilməsi oldu. Ordu quruculuğuna başlandı, hərbi mükəlləfiyyət haqqında qanun qəbul edildi. Türk dili dövlət dili elan edildi, tarixi adların bərpasına başlandı, tədris müəssisələrinin milliləşdirilməsi haqqında qərar qəbul olundu. Son dərəcə mühüm, strateji əhəmiyyətli qərar Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında idi. İyulun 15-də yaradılmış komissiya birinci dünya müharibəsi illərində Zaqafqaziya ərazisində yerli müsəlmanlara qarşı törədilmiş vəhşilikləri araşdırmalı idi. Kəskin maliyyə sıxıntısı içərisində olan hökumət çıxış yolları axtarırdı. Belə bir vaxtda Fətəli xan İstanbulda olan M.Ə.Rəsulzadə ilə yazışmalarında Türkiyədə Azərbaycan pul nişanlarının hazırlanması ilə bağlı məsələni təxirəsalınmaz vəzifə kimi qoymuş və qısa müddətdə həll etməyə nail olmuşdu. Fətəli xan dövlət quruculuğu ilə bağlı heç bir məsələni diqqətdən kənar qoymasa da, bir nömrəli vəzifə kimi Bakının azad edilməsinə bütün qüvvələri səfərbər etmişdi. Qafqaz İslam Ordusunun Bakı uğrunda apardığı hərbi əməliyyatlarla yanaşı Azərbaycan hökuməti də intensiv iş görürdü. Özü cəbhədə vəziyyətlə yaxından tanış olur, diplomatik səyləri gücləndirirdi. M.Ə.Rəsulzadəyə İstanbula göndərdiyi məktublarında Azərbaycan əraziləri ilə bağlı, xüsusən, Bakı ilə əlaqədar məsələni dönə-dönə vurğulayırdı. Beynəlxalq səviyyədə Azərbaycanın maraqlarını müdafiə etmək məqsədilə Ə.M.Topçubaşovun fövqəladə səlahiyyətlərlə Türkiyəyə göndərilməsi qərarı da Fətəli xan hökumətinin mühüm tədbirlərindən sayılmalıdır. Belə ki, beynəlxalq konfransın başlayacağı təqdirdə Ə.M.Topçubaşova Azərbaycan nümayəndə heyətinin tamhüquqlu üzvü kimi konfransda iştirak etmək səlahiyyəti verilirdi. Azərbaycan dövlətçiliyinin müqəddəratı ilə bağlı strateji qərarların qəbul edilməsində Fətəli xan prinsipial mövqe tutmuşdu. Yeganə beynəlxalq müttəfiq olan Osmanlı dövləti ilə son dərəcə sıx münasibətlərdə, taleyüklü məsələlərdə Türkiyənin nicat yeri olmasına baxmayaraq, türk komandanlığının Azərbaycanın daxili işlərinə qarışmasına qarşı etirazını bildirmiş, dövlətin müstəqilliyini qorumağı prioritet vəzifə hesab etmişdi. Bakının azad olması ilə əlaqədar söylədiyi fikirlər Fətəli xanın Azərbaycan xalqının müqəddəratına olan münasibətinin bariz ifadəsidir: "Bizim də yaşamaq, azad yaşamaq haqqımız var. Nə zirehli maşın, hidroplan, kanonerka, tikanlı məftil, mina və digər texniki qurğular, nə ingilislər və onların əlaltıları, nə də ümumiyyətlə hər hansı bir qüvvə tarixin təbii gedişini dayandıra bildi, onların əlliminlik orduya və texnikaya malik olmasına baxmayaraq, kiçik qüvvənin həmləsinə tab gətirməyib Bakını tərk etmələri öz rifahı və səadətini başqasının fəlakəti və bədbəxtliyi üzərində qurmağa çalışanlar üçün ibrət dərsi olmalıdır". Bakının 1918-ci il sentyabrın 15-də azad olunması haqqında teleqramları imzalamaq sevincini, qürurunu yaşamaq məmnunluğu uzun sürməmiş Azərbaycan hakimiyyəti yeni təhlükə ilə üz-üzə qaldı. Dövlət quruculuğu işlərinə yeni vüsətlə qoşulan hökumət daha mühüm tədbirlər həyata keçirməyə başladı. Oktyabrın 6-da hökumət kabinetində dəyişikliklər edildi. Azərbaycan ərazilərinin tam hakimiyyət altında birləşdirilməsi başa çatmamış beynəlxalq vəziyyət Azərbaycan dövlətini çətin duruma saldı. Osmanlı dövləti məğlub tərəf kimi, Mudros müqaviləsini imzaladı və qoşunlarını Cənubi Qafqazdan çıxardıb Bakının işğalına etiraz etməməli idi. Azərbaycan İngiltərənin nüfuz dairəsi elan edilirdi. General Tomsonun rəhbərliyi altında Bakıya daxil olan Britaniya komandanlığı Azərbaycan hakimiyyətinə qarşı xoşagəlməz ovqatda idi. Fətəli xan Xoyskinin siyasətçi, diplomat, dövlət xadimi kimi keyfiyyətlərinin rol oynaması sayəsində qısa müddətdə Azərbaycan hökuməti ingilis komandanlığı ilə əməkdaşlığa nail ola bildi. Azərbaycan hakimiyyətinin legitimliyini qəbul etdirmək məqsədilə bir sıra təcili addımlar atıldı. ABŞ Prezidenti Vudro Vilsona, Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına kömək göstərmək xahişi ilə teleqram göndərildi. Parlamentin çağırılması işinin təşkili üçün komissiya yaradıldı. Azərbaycanın "Türk intriqasından yaranmış "dövlət" olmadığının təsbiti kimi noyabrın 9-da F.X.Xoyskinin məruzəsi əsasında hökumət Azərbaycanın üçrəngli bayrağını təsdiqlədi. Azərbaycan Milli Şurasının fəaliyyəti bərpa olundu. Milli Şuranın noyabrın 16-da keçirilən birinci iclasında çıxış edən Fətəli xan vəziyyətin yığcam mənzərəsini şərh edərək dedi: "Hökumət və biz əminik ki, istiqlaliyyət nə qədər çətin ələ gələn və çox qurban tələb edib müşkülat çıxaran bir əmr isə də müttəhidən çalışsaq, müşküllər səhl olar". Azərbaycan Parlamentinin açılması üçün F.Xoyski Rus Milli Komitəsi, Erməni Milli Şurası, general Tomsonla mütəmadi danışıqlar aparırdı. Danışıqların gedişatı barədə Azərbaycan Milli Şurasının iclaslarında məlumat verərkən Fətəli xan Azərbaycan Parlamentinin açılış gününü də müəyyənləşdirmişdi. Dekabrın 3-ü Məhəmməd Peyğəmbərin s. vəfatı gününə təsadüf etdiyindən Fətəli xan Parlamentin açılışını dekabrın 7-nə keçirməyi təklif etmişdir. Tomsonla növbəti görüşünün təfsilatını anladarkən, generalın Azərbaycan hökumətinə xoş münasibətini, hökumətin daxili işlərinə qarışmamaq vədini, səylərini dəstəkləməyə hazır olduğunu bildirmişdi. Azərbaycan adında dövləti, hökuməti tanımaq istəməyən Tomson bir ay keçməmiş mövqeyini dəyişmiş, dekabrın 28-də Fətəli xan Xoyski hökumətini Azərbaycanın yeganə qanuni yerli hakimiyyət orqanı kimi tanımışdı. Azərbaycan Cumhuriyyətinin müqəddəratı üçün yaranmış ağır şəraitdə Fətəli xan Xoyski hökumətinin müvazinətini itirməməsi, siyasi iradəsini ortaya qoyaraq dövlətçilik naminə qətiyyətli addımlar atması sayəsində Britaniya komandanlığı ilə münasibətlər işgüzar əməkdaşlıq müstəvisinə keçdi. Parlamentin açılışında hökumətin fəaliyyəti haqqında hesabat verən Fətəli xan deputatlara müraciətlə demişdi: "…Bu altı ay müddətində ki hökuməti idarə eyləmişdir, siz görürsünüz ki, çox şeylər təzə təşkil olub. Daxildə hərci-mərcdən başqa heç bir şey yox idi. Hətta polis də yox idi. Ona görə hamıdan artıq polis işlərinə diqqət etdik. İndi, Allaha şükür olsun ki, Azərbaycanın hər yerində, lazımi qədər olmasa da, xalqın malını, canını müdafiə edəcək təşkilatımız var. Bu xüsusda çox sözlər ola bilər. Fəqət, vaxta baxıb tərəziyə qoyulmalıdır ki, bu işləri hansı hökumət və nə vaxt edib? Tarixi, sabiqəsi, əsgər və xəzinəsi olan hökumətmi? Yoxsa, iki gündə təşkil olunmuş pulsuz və əsgərsiz hökumətmi? Əgər burasını nəzərə alsanız görərsiniz ki, nə qədər zəhmət lazım idi. Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər, yol göstərən işıqlı ulduzu bu şüar olub: Millətin Hüququ, İstiqlalı, Hürriyəti". Sonra isə bayram münasibəti ilə təbriklərini çatdırmışdı: "Bugünkü gün Azərbaycan üçün böyük, əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi. Bu gün o gündür ki, muxtariyyəti əlinizə aldınız, hökumət vəkalətilə bu bayram günü sizi və sizinlə bərabər özümüzü də təbrik edirəm". Parlament qarşısında istefa verən F.Xoyskidən H.Ağayev rəsmi məktubla yeni, sayca 3-cü hökumətin təşkilini xahiş edir ki, göstərilən etimada minnətdarlıqla hökumət təşkili təklifini qəbul etməyən F.X.Xoyskiyə Həsən bəy dekabrın 18-də Baş nazir vəzifəsini qəbul etməsi barədə təkrar müraciət edir: "…Millət naminə rica ediyorum ki, Vətənin bu ağır zamanında hökumət təşkili kimi məsuliyyətli bir vəzifədən bərkənar olmayıb, yeni müştərək bir kabinə təşkilini öhdənizə götürəsiniz". Yeni hökumətin təşkilinə böyük əzmlə başlayan F.Xoyski parlamentin beşinci iclasında geniş proqramla məruzə edir. Artıq parlament tribunasında hökumətin fəaliyyətinə dair mütəmadi hesabat verən
Xoyski müxalifət nümayəndələrinin sorğularını qərəzli hesab edirdi: "Bu sorğu hökumətə badalaq vurmaq, biz soxmaq deməkdir… Bu sorğu deyil, dalında yumruq, cibində daş gizlətməkdir ki, hökuməti qəflətən vurasan, belə sorğuya nə cavab vermək olar… Azərbaycanın istiqlalı hər dəqiqə təhlükədədir. Biliniz, indi elə vaxtdır ki, nəinki bez və çit, hətta elə əhval çıxa bilər ki, Azərbaycan belə qalmaz, istiqlalımız gedər… Belə qorxulu zamanda dalğalar arasında bulunan qayığımızı bir tövr salamata çıxaraq ki, məqsədlərimizə müvəffəqiyyətlə nail ola bilək". Hökumətə qarşı tənqidləri haqsız sayan F.Xoyski hökuməti 1919-cu ilin fevralında istefa verdi. Parlament üzvü kimi fəaliyyətini davam etdirən F.Xoyski 1919-cu ilin noyabrında Azərbaycan və Ermənistan arasında ərazi məsələlərini həll etmək üçün çağırılacaq konfransda Azərbaycan nümayəndə heyətinin sədri kimi iştirak edir. Bir qədər sonra, dekabrın 22-də təşkil olunan yeni hökumət tərkibində xarici işlər naziri təyin olunur. Xoyskinin bu vəzifədə fəaliyyəti Azərbaycan dövlətçiliyinin müdafiəsi baxımından şərəfli tarixdir. Sovet Rusiyası hökumətinə qətiyyətli mövqe bildirən, hüquqşünas məntiqi, diplomat bacarığı ilə Azərbaycan istiqlalını müdafiə edib, Rusiyanın təkəbbürlü, iddialı notalarına tutarlı cavab verdiyi günlərdə Xoyskinin qəlbini fərəhləndirən, sabaha ümidləndirən hadisə Azərbaycanın müstəqilliyinin Paris Sülh Konfransında tanınması xəbəri oldu. Bu barədə parlamentdə məlumat verərkən demişdir: "Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zamanda hökumət başında mən idim. Və indi də təsdiqini sizə mən elan edirəm. "Bu sevinci yaşamağa imkan vermiş qüvvələr gənc cümhuriyyəti taleyin hökmünə – bolşevik Rusiyasının caynağına buraxdılar. Xoyskinin Çiçerinlə nota davası məkirli prosesin bir həlqəsi idi. Diplomatik oyunbazlıqla Azərbaycanı duyuq salmamağa çalışan Rusiya 1920-ci il aprelin 27-də istədiyinə nail oldu, Azərbaycan işğal olundu, cümhuriyyət süqut etdi. İşğaldan dərhal sonra fəaliyyətini Tiflis şəhərinə keçirən Fətəli xan Xoyski iyunun 19-da erməni terrorçusu tərəfindən qətlə yetirildi və Tiflisdə azərbaycanlılar qəbiristanlığında dəfn olundu. Azərbaycan istiqlalının işğaldan sonrakı ilk şəhidlərindən olan Fətəli xan Xoyskinin adı Azərbaycan dövlətçiliyi tarixinə əbədi həkk olunub.


Firdovsiyyə Əhmədova
tarix üzrə fəlsəfə doktoru