Pişəvərinin Azərbaycan Milli Hökumətinin yaranmasında rolu Ədəbiyyat

Pişəvərinin Azərbaycan Milli Hökumətinin yaranmasında rolu

3-cü yazı


Fabrik-zavod sahiblərinin çoxu eyni zamanda ticarətlə məşğul olur və torpaq sahibi idilər. Cənubi Azərbaycanda iri mülkədarlar və kompador burjuaziya istisna olmaqla, xalqın diygər sinif və təbəqələrinin mühüm siyasi, iqtisadi və sosial məsələlərdə mənafeləri bir-birinə uyğun gəlirdi.
Azərbaycanda göstərilən sinif və təbəqələr arasında müəyyən mənafe birliyi və uyğunluğu var idi ki, onlar milli inqilabi partiya, geniş inqilabi partiya yaratmağa və onun rəhbərliyi ilə ümumxalqın inqilabi gücünü birləşdirməyə imkan verirdi. Bu sırada xüsusilə xalqa demokratik azadlıqlar vermək, ölkənin sosial-iqtisadi tərəqqisini və abadlığını təmin etmək, feodalizm qalıqlarını ləğv etmək, maarifi, mədəniyyəti və səhiyyəni inkişaf etdirmək, milli zülm olunan xalqlara milli azadlıq vermək, ölkəni imperialist dövlətlərin asılılığından qurtarmaq, dövlət mə`murlarının, irticaçı mülkədarların və jandarmların zülm və cinayətlərinin qarşısını almaq, ölkədə ədalətli qanunun və asayişin hökmranlığını yaratmaq məsələləri ümumxalqın tələbi kimi qarşıda dururdu.
Beləliklə, Pişəvəri Cənubi Azərbaycanda ümumxalqın mənafeyinə uyğun yeni bir partiyanın yaranması zərurətini əsaslandırdıqdan sonra həmin partiyanın yaranması uğrunda mübarizəyə başladı. S.C.Pişəvəridə olan keyfiyyətlər ona belə bir partiyanın təşkilində mühüm rol oynamağa imkan və səlahiyyət verirdi. Sosial-iqtisadi həyat və azadlıq uğrunda mübarizənin gedişi burada yeni siyasi partiyanın yaranması üçün geniş zəmin hazırlamışdı. S.C.Pişəvəri 1944-1945-ci illərdə Azərbaycana səfərləri zamanı burada yeni siyasi partiya yaranması sahəsində ikinci mühüm addımı atmış oldu. O bu məqsədlə Cənubi Azərbaycan 1905-1911-ci illər İran inqilabından başlayaraq fəhlə, kommunist və milli-azadlıq hərəkatlarında fəal iştirak etmiş, inqilabi və demokratik partiyalarda fəaliyyət göstərmiş görkəmli inqilabçılar və adlı-sanlı azadxahlarla görüşürdü. S.C.Pişəvəri bu zaman Azərbaycanın Təbriz, Xoy, Salmas, Urmu, Sarab, Ərdəbil, Astara və başqa şəhərlərində olmuş bu yerlərdə fəhlələrin, kəndlilərin, ziyalıların, sənətkarların, fabrik-zavod sahiblərinin, dükançı və tacirlərin, xırda və orta mülkədarların, ruhanilərin və dövlət qulluqçularının tərəqqipərvər, vətənpərəst və azadxah nümayəndələri ilə şəxsən görüşmüş və söhbət etmişdi. Azərbaycan xalqının ehtiyacları, hüquqları və milli-azadlığı məsələləri hərtərəfli müzakirə edilir və onların haqqında fikirlər söylənilirdi. S.C.Pişəvəri bu görüşləri və müzakirələri barədə 1944-cü ilin iyununda "Ajir" qəzetində yazırdı: "Altı aylıq seçki
mübarizəsi istər-istəməz məni cəmiyyətin daxilinə sövq etdi. Hər yerə getdim. Mülkədarların təmtəraqlı evləri, kəndlilərin daxmaları, fəhlələrin mənzilləri, bir sözlə, Təbriz əhalisinin bütün təbəqələri ilə tanış oldum. Mən istəyirdim eşidim, görüm, anlayım və əlac yolu tapım, mənim məqsədim dəlil, sənəd, illət
axtarmaq idi".
Cənubi Azərbaycanın başlıca həyati problemlərini əhatə edən bütün bu söhbət, mübahisə və müzakirələrin gedişində orada yeni siyasi partiyanı yaradanların rəhbər qrupu ortaya çıxdı, xalq hərəkatının yaranacaq partiyanın kütləvi, milli-azadlıq, demokratik və inqilabi xarakteri və vəzifələri müəyyənləşdi. Bundan sonra Cənubi Azərbaycanda 1945-ci ilin avqust-sentyabr aylarında əməli surətdə yeni siyasi partiya yaradılmasına başlandı. Bu barədə S.C.Pişəvəri yazmışdı. "Firqəmizi yaradanlar milli hərəkatımızı vücuda gətirmək üçün sinifləri milli şüarlar vasitəsilə cəlb etmək lüzumunu ciddi bir surətdə dərk etmişdilər. Bu qərara gəldilər: Əvvəl Demokrat Firqəsi (partiyası-M.C.) naminə milli bir təşkilat vücudə gətirsinlər".
S.C.Pişəvəri partiyanın adına xüsusi əhəmiyyət verirdi. O, bu əqidədə idi ki, "partiayaya ad qoyduqda əsas məqsəd nəzərə alınmalıdır". "Demokrat" adı geniş sinfi əsası olan bir partiya yaranması baxımından, xüsusilə Cənubi Azərbaycanda İran məşrutə inqilabından və Ş.M.Xiyabani dövründən xalqın bu xarakterdə partiya ilə tanış olması cəhətdən çox münasib idi. Bu ad partiyanın demokratik vəzifələrə malik olacağını müəyyən edirdi.
Azərbaycan Demokrat Firqəsinin təşkili. Partiyanın birinci yazılı sənədi - Azərbaycan Demokrat Firqəsinin müraciətnaməsi Azərbaycan və Fars dillərində S.C.Pişəvəri tərəfindən yazıldı. Bundan sonra Azərbaycan Demokrat Firqəsinin (ADF) ilk bəyannaməsi Təbriz, Urmu və Xoy şəhərlərinin görkəmli azadxahlarından 77 nəfər tərəfindən imza edildi və 1945-ci il sentyabrın 3-də (1324-cü il şəhrivər ayının 12-də) Azərbaycanın butün böyük-kiçik şəhərlərində yayıldı (Bu sənəd 12 Şəhrivər bəyannaməsi adı ilə də məşhur olmuşdu).
ADF-nin ilk bəyannaməsində o zaman İranda fəaliyyət göstərən tərəqqipərvər siyasi partiya və təşkilatlardan fərqli olaraq bir-birilə üzvi surətdə bağlı götürülmüş iki mühüm problem: Azərbaycan xalqının milli-azadlığı və İranın siyasi idarə üsulunun demokratikləşdirilməsi məsələləri irəli sürülmüşdü. Bu bəyannamədə Azərbaycana muxtariyyət əldə edilməsi, Azərbaycanın iqtisadi və mədəni tərəqqisi, Azərbaycan dilinin Azərbaycanda rəsmi dil olması kimi tələblər 12 maddədən ibarət şüarlar şəklinlə verilmişdi. Bəyannamədə yazılmışdı: "İranın istiqlaliyyətini və ərazi bütövlüyünü saxlamaqla Azərbaycana daxili azadlıq verilməlidir ki, öz müqəddəratını özü təyin etsin".
1945-ci il sentyabrın 5-də Azərbaycan Demokrat Firqəsinin orqanı olan "Azərbaycan" qəzetinin birinci nömrəsi nəşr edildi. "Azərbaycan" qəzetinə S.C.Pişəvəri özü şəxsən rəhbərlik edirdi. Demək olar ki, bu qəzetin siyasi, ictimai və təşkilati əhəmiyyətli təqribən bütün baş məqalələri S.C.Pişəvəri tərəfindən yazılmışdı. "Azərbaycan" qəzeti Azərbaycan dilində çıxır, xalqa partiyanın məram və məqsədini məntiqi və çox aydın dildə çatdırırdı.
1945-ci il sentyabrın 13-də Təbrizdə ADF-ni yaradanların ilk konfransı oldu. Bu konfrans partiya işlərinə rəhbərlik etmək üçün 11 nəfərdən ibarət komitə (Müəssiələr komitəsi) yaratdı. Həmin komitəyə S.C.Pişəvəri sədr və M.Ə.Şəbüstəri sədr müavini seçildi.
1945-ci il oktyabrın 2-də Təbriz şəhərində Azərbaycan Demokrat Firqəsinin birinci qurultayı açıldı. Partiyanın 38 şəhər, mahal və vilayət təşkilatı qurultaya 277 nəfər numayəndə seçmişdi.
Qurultayın birinci iclasında 247 nəfər nümayəndə iştirak edirdi. ADF-nin birinci qurultayının bütün müzakirələri və yazı işləri Azərbaycan dilində aparılırdı. Qurultay ADF-nin proqramını və nizamnaməsini müzakirə və qəbul etdikdən, ADF-nin Mərkəzi Komitəsini (42 nəfər) və Mərkəzi Təftiş Komissiyasını (12 nəfər) seçdikdən sonra oktyabrın 4-də öz işini müvəffəqiyyətlə qurtardı. S.C.Pişəvəri ADF-nin birinci qurultayının gedişinə əvvəldən axıra qədər müstəqim surətdə rəhbərlik etmişdi. Qurultay ADF-nin məramnaməsini və nizamnaməsini qəbul edərək ictimai həyatın bütun sahələri üzrə partiyanın hərəkət xəttini, prinsiplərini və təşkilat quruluşunu müəyyən etdi.
ADF-nin məramnaməsində ən yaxın vəzifələr müəyyən edilərək Azərbaycanın siyasi və milli-mədəni tərəqqisini sürətləndirmək məqsədi ilə bilatəxir əyalət və şəhər əncumənləri seçkisinə başlanması, Azərbaycana İran daxilində məhəlli muxtariyyət və öz həyatını istədiyi kimi qurmaq uçun geniş hüquqlar verilməsi tələb edilirdi. Məramnamədə göstərilirdi ki, xalqa geniş demokratik azadlıqlar verilməli və müstəbidlər hakimiyyəti məhv edilməlidir. Məramnamənin 6-cı maddəsində isə deyilirdi: "Xalqın ümumi səs verməsi yolu ilə həqiqi xalq demokratik dövləti yaradılmalıdır".
ADF-nin məramnaməsində iqtisadiyyat sahəsində dövrünü keçirib çürümüş iqtisadi üsulun müasir və ali iqtisadi-ictimai quruluşla əvəz olunması tələb olunurdu. Partiya məramnaməsi Azərbaycanda xalq kütlələrinin xeyrinə əsaslı demokratik islahat həyata keçirilməsini bir vəzifə olaraq qarşıya qoyurdu. O cümlədən məramnamədə kəndlilərin torpaqla təmin olunması və fəhlələrin sosial-iqtisadi tələbləri xüsusilə qeyd edilmişdi. ADF-nin məramnaməsində Azərbaycanda maarif və mədəniyyətin demokratik məzmunda və Azərbaycan dilində hərtərəfli inkişaf etdirilməsi tələb olunurdu. S. C. Pişəvəri ADF-nin məramnaməsini belə qiymətləndirmişdi: "Məramnamənin əsas məsələsi azərbaycanlıların bir millət olaraq tanınması və muxtariyyət məsələsi hesab olunur".
ADF-nin nizamnaməsi demokratik mərkəziyət prinsipini qəbul etməklə partiyanın təşkilat birliyini yaratmağa xidmət edirdi. Nizamnamədə göstərilir ki, partiyaya onun məramnamə və nizamnaməsini qəbul edən, azı 20 yaşa malik olan, partiyanın ilk təşkilatlarından birində ardıcıl iştirak edən və partiya məsuliyyəti daşıyan şəxslər qəbul oluna bilərlər. Onlar partiya tərəfindən verilən vəzifələri həyata keçirməli və hər ay partiyaya üzvluk haqqı verməlidirlər. ADF-nin sinfi tərkibinin muxtəlifliyi, milli-azadlıq hərəkatının həlledici mübarizə ərəfəsində olması və partiyanı irtica agentlərindən qorumaq mülahizəsi nəzərə alındığından nizamnamədə partiya üzvlərinin hüququ müəyyən dərəcədə məhdud idi. Bir sıra hallarda mərkəziyyətə ustünlük verilirdi.
Beləliklə. S.C.Pişəvərinin təşkilinə səy göstərdiyi partiya yarandı və surətlə boy atdı. Azərbaycan Demokrat Firqəsinin yaranması muhum, mütərəqqi və inqilabi hadisə idi. S.C.Pişəvəri yazır ki, bu partiyanın şuarları çox aydın, konkret və başa düşüləcək idi. Xalq milli muxtariyyət, dil azadlığı, kəndli-mülkədar və fəhlə-sahibkar münasibətinin düzgün yola qoyulmasını, xalq hakimiyyətini təmin etmək şüarını çox yaxşı başa düşürdü. Ona görə də ADF-nin yaranması xalq tərəfindən böyük rəğbət və ümidlə qarşılandı. ADF-nin ilk bəyannaməsi nəşr olan gündən (3.11.1945) xalq kütlələri Təbrizə partiyanın və "Azərbaycan qəzetinin ünvanına göndərdikləri teleqram və məktub vasitəsilə Demokrat Firqəsinə qoşulduqlarını bildirir və bu partiyaya qəbul olunmalarını xahiş edirdilər. Təbrizdən partiyanın mərkəzindən göstəriş gözləmədən müəssislər tərəfindən Ərdəbil, Əhər, Makı, Marağa, Mərənd, Urmu və Xoy vilayətlərində Əcəbşirdə, Şişəvanda, Nəqədeydə, Culfa, Sarab və diygər şəhərlərdə partiyanın təşkilatları yarandı. Qurultaydan sonra isə ADF öz təşkilatlarını partiya proqramının və nizamnaməsinin tələblərinə uyğun olaraq qurmağa başladı. O cümlədən ilk partiya təşkilatları yaradıldı. 1945-ci il noyabrın əvvəllərinə qədər ADF-nin bütün vilayət və şəhər təşkilatlarında partiya konfransları keçirildi.
Milli-azadlıq və demokratik hərəkatın baş xəttinin qorunması. İranın şahlıq hökuməti ADF-nin yaranmasını düşmənçiliklə qarşıladı, Azərbaycan xalqının Azərbaycana muxtariyyət verilməsi, iqtisadi və mədəni inkişaf kimi qanuni tələblərinin heç birini qəbul etmədi, Azərbaycan milli-azadlıq hərəkatını silah gücünə yatırmaq xəttinə keçdi. Belə bir şəraitdə, ADF yaranandan az sonra onun qarşısında Azərbaycanda milli-azadlıq hərəkatına əməli surətdə rəhbərlik etmək kimi mühüm vəzifə durmuşdu. Bu vəzifənin həyata keçirilməsində partiyanın və hərəkatın baş xəttinin qorunmasının çox böyük əhəmiyyəti olmuşdu.
ADF-nin ilk bəyannaməsində, proqramında və Azərbaycan Xalq Konqresinin qərarlarında İran daxilində Azərbaycana muxtariyyət verilməsi, Azərbaycanın sosial, iqtisadi və mədəni tərəqqisi, Azərbaycanda Azərbaycan dilinin rəsmi dil olması və İranın siyasi quruluşunun demokratikləşdirilməsi uğrunda mübarizə partiyanın və hərəkatın baş xətti kimi müəyyənləşdirilmişdi.


Mirqasım Cəşmazər