Molla Pənah Vaqifə həsr olunmuş elmi-nəzəri konfrans Ədəbiyyat

Molla Pənah Vaqifə həsr olunmuş elmi-nəzəri konfrans

Oktyabrın 4-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr olunan "Molla Pənah Vaqif: sələflər və xələflər – erkən yeni dövr əlyazmaları və Azərbaycan ədəbiyyatının tarixi problemləri" mövzusunda XV ənənəvi respublika elmi-nəzəri konfransı keçirilib. Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" 2017-ci il 12 yanvar tarixli Sərəncamını xatırladıb. M.P.Vaqifin milli poeziyamızın və ana dilimizin inkişafındakı əvəzsiz xidmətlərindən danışan alim realist poeziyanın və Azərbaycan ədəbiyyatının yeni mərhələsinin Vaqiflə başlandığını bildirib. Sonra institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov çıxış edərək M.P.Vaqif yaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdən söz açıb. Qeyd edib ki, Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustası öz ənənələri ilə seçilən ədəbi məktəb yaradıb. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib.
P.Kərimov Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsinin bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdən olduğunu vurğulayıb. Konfrans çərçivəsində keçirilən plenar iclasda P.Kərimov "XVII-XIX əsrlər Azərbaycan poeziyasında qocalıq mövzusu", institutun şöbə müdiri, fil.ü.e.d., professor Azadə Musabəyli "Vaqifin iki türkiyəli sələfinin Bakı əlyazmaları", Folklor İnstitutunun böyük elmi işçisi Sahilə Sədnikqızı "Molla Pənah Vaqif yaradıcılığına aşıq ədəbiyyatının təsiri", Gəncə Dövlət Universitetinin dosenti, fil.ü.f.d. Afaq Yusifli "Könüldən könülə yollar görünür" mövzusunda məruzələrlə çıxış ediblər. Sonda tədbir iştirakçıları "Vaqif -100" adlı sərgiyə baxış keçiriblər.