Nizami Gəncəvinin bəşəri sevgisi Ədəbiyyat

Nizami Gəncəvinin bəşəri sevgisi

Böyük şairin yaradıcılığı hər şeydən öncə Azərbaycan mənəviyyatının bənzərsiz ifadəsi, çağından yüksək yaradıcı hadisə kimi diqqəti çəkir


Nizami Gəncəvinin yaradıcılığı dastan bədiyyatçılığının zirvəsidir. Dünyaya, həyata, insana bu dərəcədə aydın, yetkin, dərin müşahidəçi şeiriyyətli baxış çağımızda da əvəzsizdir. Onun yaradıcılığının özülündə Şərqin zəngin fəlsəfi-poetik ənənələri durur.
Nizaminin böyüklüyü ölməz ənənə yaratmasındadır. N.Gəncəvinin yaradıcılığında eşq mövzusu əsas aparıcı bir yöndür. O, eşq adlı ülvi hadisənin insanı daxilən, ruhən təmizlədiyinə inanır, bu ilahi duyğu ilə yaşamağın qaçılmazlığını önə çəkir.
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz.
Yaxud:
Sənsiz ölürəm, nigar, tez gəl,
Ömrüm başa yetdi, yar, tez gəl...
Bu, insanın başqası üçün özündən keçməsidir. İnsan başqası üçün yaşayanda var olur. Özündən keçmə - sevginin əlifbasıdır əslində. Nizaminin lirik qəhrəmanı daxilən yetkindir, sevginin mahiyyətini bütün varlığıyla anlayır, duyur. Ona görə ki, bu cür yaşam onun üçün nəfəsdir. Bu ilahi duyuma yetmək, duyğu zirvəsində eşqi car çəkmək Nizaminin ulusal (xəlqi) imkana varmasıdır. Bənzərsiz insanların ulusal ölçüdə yaradıcılığı onların həm də tükənməz bəşəri imkan qaynağı, sorağı olmalarıdır.
Nizami Gəncəvi bu ulusal imkana yetdiyi dərəcədə bəşəriliyini əsərlərində ifadə etməyi bacardı. Onun əsərlərinin dili farscadır, başqa tərəfdən, zahirən ulusallığından daha çox bəşəri görünür, ancaq bütün bu və başqa cəhətlər onun Azərbaycan ruhuna mənsubluğunu inkar edə bilmir. Ona görə ki, Nizaminin yaradıcılığının mayası Azərbaycan ruhuna mənsubluğunu təsdiq edir.
Fil.ü.e.d. Seyfəddin Rzasoyun fikrincə, Nizami və onun kimi Azərbaycan şairlərinin fars dilində, lakin türk etnopoetik düşüncə modelində yaratdıqları da Azərbaycan ədəbiyyatıdır. Belə olmasaydı, İran mütəxəssisləri Nizamini formal olaraq İran ədəbiyyatı tarixinə daxil etsələr də, onu "türk ətri saçan" ("türk iyi gələn") sənətkar kimi öz milli ruhlarına yad hesab etməzdilər. Nizami ümumbəşəri şairdir. Öz yaradıcılığında bütün dünya xalqlarının, ümumən insanlığın mənafeyini güdən, yaratdığı milli obrazlar gülşənində türklüyü bədii-estetik gözəlliyin etalonuna çevirən Nizami tərənnüm etdiyi bu ümumbəşəri və ümumilli idellara görə dünya ədəbiyyatının faktına çevrilib. Nizami yaradıcılığında aydın ifadələnmiş, onun insan konsepsiyasının əsas bədii-estetik konsepti səviyyəsinə qədər inkişaf etdirilmiş türk milli kimliyi açıq şəkildə boy verir. Türklük Nizami yaradıcılığının ruhuna hopmuş, yaratdığı bədii dünyanın ab-havasına, rəng-ruhuna çevrilib".
Xalq (ulus) beşgünlük hadisə olmayıb, yaradıcıdan öncə də, sonra da var olan, mahiyyətcə yetkin fərdlərin yaradıcılığının, yaşamının ifadəsi kimi meydana çıxır. O deməkdir ki, xalq (ulus) adlı hadisə Nizamini yetirdiyi dərəcədə Nizami də bu hadisənin - ənənənin təsdiqi, davametdiricisidir.
Nizaminin aşiq obrazı ilahi dözümlüdür, sədaqətlidir, deməli, həm də səadətlidir, ləyaqətlidir. Bu cəhətlərin Azərbaycan-türk ruhunda özünəməxsus yaşam ifadəsi, tarixi-ulusal ənənəsi var. Bəşəri duyğuların ulusal təsdiqləri olmasa, insanlıq var olmaz. Nizami öz çağında canlı, yaradıcı insan olaraq bu ilahi keyfiyyətlərimizin yüzillərlə ötürülməsində bənzərsiz rol oynayıb. Onun tarixdən götürdüyü obrazlar Azərbaycan-türk düşüncəsinin həm də bəşəri ölçüsündə düşünür, davranır. Tarixdəki obrazları fərqli təqdim edə bilmək qabiliyyəti yaradıcının misilsiz bacarığıdır. Başqa qəhrəmanları, ümumən surətləri haqqında da bunu demək olar. Bu da təbiidir. Ona görə ki, yaradıcılıq - özünəməxsusluq tələb edir. O deməkdir ki, Nizaminin yaratdıqları Nizaminindir, eləcə də Nəsiminin, Xətayinin, Füzulinin və b. klassiklərimizin yaratdıqları.
"Sirlər xəzinəsi" ləyaqət, ədalət, doğruluq carı çəkir. Nizami ədalətsizliklə barışmır, insanın ilahi imkanlarına inanır, zəhmətsevərliyi, hünərvərliyi vəsf edir. İnsan gərək paxıl olmasın, başqasının uğuruna sevinməyi bacarsın... Bu, böyük şairin əxlaq ölçüsünü aydınlıqla təsdiq edir. Onun ölçüsündə insanın ölümü mərdliklə qarşılamasının gərəkliyi ayrıca vurğulanır.
Nizami Gəncəvinin şair-mütəfəkkir dünyasına baş vuran oxucu dünyanın mürəkkəbliyini, ziddiyyətliyini bütün çalarlarına kimi anlayır. Bu, Nizaminin çağımızda da davam edən, Azərbaycan ruhunu - mənəviyyatını, əxlaqını, davranışını, mədəniyyətini, inamını, idrakını təsdiq edən müəllimliyidir.
Nizaminin "Xosrov və Şirin"ini möcüzəvi məhəbbət dastanıdır. Burada eşqin yüksək bədiyyat ölçüsündə ifadəsi diqqəti çəkir. Nizami Xosrovu dayanmadan tərbiyə edir, sonda Şirinin ilahi sevgisini anladır. Şirin ləyaqət, ismət rəmzi olaraq daim gözümüzdə ucalır. Nizaminin ilahi müəllimlik keyfiyyətindən biri budur.
Fil.ü.e.d. S.Rzasoy başqa bir məqama da diqqət çəkir: ""Xosrov və Şirin" əsərində Azərbaycan hökmdarı Məhinbanunun qardaşı qızı Şirin sevdiyi fars şahzadəsi Xosrovdan ötrü çılğın hərəkətlərə yol verəndə bibisi ona deyir:
Əgər o – Aydırsa, biz – Afitabıq (Günəşik – red.),
O – Keyxosrov, bizsə – Əfrasiyabıq.
Bu beyt təkcə Nizaminin yox, eləcə də Azərbaycan xalqının milli kimliyinin, milli varlığının, bu xalqın dünyanın harasından başlayıb harasına getdiyinin "manifesti", milli "bəyannaməsidir". Bu beyt eyni zamanda Nizami şəxsiyyətinin etnik-mədəni varlığımızın hansı qaynaqlarına bağlı olduğunu, şairin nə qədər aydın milli-ideoloji düşüncəyə malik olduğunu parlaq şəkildə ortaya qoyur".
"Leyli və Məcnun"da qeyri-adi, zamanın ölçülərinə sığmayan eşqin şahidi oluruq. Nizaminin Məcnunu mətanətə yüksəlir, aşiqlik qismətini dərindən anlayır, ilahi aqibətinə yetir. Ümumiyyətlə, Nizami obraz yaratmaqda mahirdir. Bu obrazlar ayrı-ayrılıqda həyatın Xeyir-Şər anlayışlarını, keyfiyyətlərini bütün aydınlığı ilə ifadə edirlər. Nizaminin müsbət qəhrəmanları ciddilik üstə kökləniblər, insanlığın xalisidirlər, cəfakeşdirlər, fədakardırlar, həm də vəfalıdırlar. Onlar sevdikləri üçün yaşaya, onun uğrunda ölə bilirlər. Əsil məhəbbət budur.
"Yeddi gözəl"də Nizami Bəhramı həyatın bütün acı-ağrılarından səbirlə keçirərək, həqiqəti anladır: mənəvi böyüklüyə yetmək istəyən şəhvaniliyi ötməlidir. Əxlaqlı olmaq - insanlığa zidd olanlardan imtinaya çatmaqdır həm də. Nizaminin İsgəndəri tarixdəki deyil, Nizamininkidir. Azərbaycanı təmsil edən Nüşabə dünyanın fatehi İsəndərə dərs keçir. Bu, əslində Nizaminin dərsidir. Nizaminin İsgəndəri sonda hətta filosofluğa yüksəlir. Bu, Nizami bədiyyatının, görümünün əbədi təsdiqidir. Şair bununla fatehliyin ötəri, keçici, insanlığın, həqiqətə yetməyin isə əbədi istək olduğunu anladır. Nizami daxili dünyasını yaratdığındandır ki, qəhrəmanlarını da yarada, onların vasitəsilə təzadlı dünyanın əksinə olaraq ideal dünyasını təsvir, təqdim edə bilir.
Prof. Sədnik Paşa Pirsultanlının fikrincə, Nizami yaradıcılığı Azərbaycan folkloru ilə, öz növbəsində Azərbaycan folkloru da Nizami yaradıcılığı ilə elə qaynayıb qarışıb ki, hətta bir çox hallarda bunları bir-birindən ayırmaq, kimin kimdən istifadə etdiyini aydınlaşdırmaq çətin və qeyri-mümkün olur.
Təbiidir ki, uzun müddət, elə indi də Nizami Gəncəvinin Azərbaycan - türk hadisəsi olmadığı ilə bağlı fikirlər səslənir. Ancaq bu qənaətlərin mənəvi, üstəlik də elmi əsası yoxdur. Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Farspərəstlər və ermənilər Nizamini bizdən qopartmaq istəyirdilər. Gözələ və böyüyə türk, gözəlliklə böyüklüyə türklük, gözəl və böyük ifadəyə türkcə, gözəllik və böyüklük diyarına Türküstan deyən bir şairə "sırf farsca yazıb" deyə türk deməmək düzgündürmü? Əsla!"
Bertels yazır: "Əgər Nizami bəlli olmayan başqa yazılı mənbədən istifadə etməyibsə, o zaman Azərbaycanda çox geniş yayılmış olan şifahi rəvayətlər onun üçün material olub".
Fil.ü.f.d. Ağaverdi Xəlilin fikrincə, Nizaminin dünya şöhrətli bir şəxsiyyət olması, onun zamanın sərhədlərini sındıran əsərlərinin əzəməti və möhtəşəmliyi onu başqaları üçün də cazibədar edir. Dünyanın bir çox xalqları onu öz şairləri kimi sevirlər. Bəziləri isə onun milli mənsubiyyətini özlərinə bağlamağa cəhd edirlər.
Fil.ü.f.d. Xədicə İskəndərli bu qənaətdədir ki, Nizami sənəti, Nizami humanizmi, Nizami dühası məhz türklükdən, azərbaycançılıqdan keçərək bəşəriliyə qovuşur. Nizaminin öz əsərlərində türkə və türklüyə bu qədər böyük önəm verməsinin əsası var. Nizami kimi dünya səviyyəli bir dahi yaxından tanımadığı, müsbət insani keyfiyyətlərinə dərindən bələd olmadığı, nəhayət, özünün də mənsub olmadığı bir toplum, bir xalq haqqında heç vaxt bu qədər məhəbbət və hörmətlə danışa bilməzdi: "Buna görə də şübhə yoxdur ki, şairin yaşayıb-yaratdığı XII yüzildə Gəncədə nəinki cüzi miqdarda köçəri və ya oturaq türklər olmayıb, əksinə, şəhərin əksəriyyətini türklərin təşkil etməsi daha ağlabatadır".
Onun fikrincə, Nizami yaradıcılığına başdan-başa bir türklük, Azərbaycançılıq xüsusiyyəti hopub. "Xəmsə"nin dördüncü poeması olan "Yeddi gözəl"də Nizaminin türkə və türklüyə sonsuz məhəbbət və ehtiramının şahidi olmamaq mümkün deyil. Şairin qlobal mövzuda qələmə aldığı poemada yeddi ölkənin sırasında üç türk ölkəsini təsvir etməsi onun milli mənsubiyyəti və türk xalqına məhəbbəti haqqında əyani təsəvvür yaratmaqdadır. Əsərdə gözəllərin dilindən danışılan əhvalatların ən yaxşıları da məhz Nizaminin türk gözəllərinin diliylə təqdim olunur. "İskədərnamə"də İskəndərin xilaskarlıq missiyasını təsvir edərkən Nizami onu hər zaman türklərin tərəfində göstərir ki, bu da şairin öz xalqına məhəbətindən irəli gəlir".
Nizami konsepsiyasının özülündə insana sevgi durur. Bu sevginin ifadəsi o dərəcədə canlı, yaşarı, bədiyyatlıdır ki, indi də dünyanın istənilən ölkəsində oxunarkən bəşəri duyğuların yetkin ifadəsi olduğu görünür, bilinir. Hər şeydən öncə Nizami Gəncəvi Azərbaycan ruhunun, mənəviyyatının bənzərsiz bəşəri ifadəçisi, çağından yüksək yaradıcı hadisə kimi diqqəti çəkir.

Elçin Qaliboğlu

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləv i İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"