Miflər yaranmasaydı... Ədəbiyyat

Miflər yaranmasaydı...

İnsanlar dünyanın ən güclü varlıqlarına çevrilməzdilər...

2-ci yazı


Oljas Süleymenov da sözün işarələr sistemi sırasına mifləri də daxil edir, başqa sözlə mifləri sözün poetik ifadə vasitələrindən biri sayır, lakin onun izahının özülündə söz, ifadə və fikrin yazı işarəsi durur, mifologiyanın bütövlükdə işarələr sistemi təşkil etməsindən danışılmır. Şair-alim başı bəlalı "Az – Ya" əsərində yazır: "Qədim dövrlərdə, nöqtənin vəzifəsini təyin etməyə çalışan makroşairlər İlk insan ideyasına gəlib çıxırlar. Onlar nöqtəyə qədim semit sıra sayının adını verirlər: Axtum - rinci. Bundan sonra Misirdə birinci kişi – Atum peyda olacaq. hind-İran mühitində Adəm doğulacaq. Mikroşairlər maddənin ən kiçik hissəciyini – Atomun dərkinə varacaqlar. Və bu Atomu birinci olaraq, misirlilər insanın yaranışı haqqındakı mifdə daha kiçik hissələrə böləcəklər... İşarə mənasının atomu yozumlar sayəsində sonsuzluğa qədər parçalanaraq, qədim yazılı dillərdə terminoloji partlayış doğururdu". Sırf elmsi problemlərə şair baxışının kimlərisə əsəbləşdirə biləcəyini anlayan Oljas hər hansı bir alim fikrinin ehkam şəkli alıb "bütləşdirilməsinin" əleyhinə çıxır, inkişafın, tərəqqinin hər məsələdə köklü və əsaslı dəyişiklik etdiyini göstərir və onu da bilir ki, Eynşteyn dediyi kimi "atomu parçalamaq, xurafatı parçalamaqdan asandır".
Beləliklə, xalqın ən ibtidai kollektiv fantastik icadı olan miflərdə (yunanca muthos - söz, nitq, söyləmə, nəql etmə, əhvalat, rəvayət danışma mənalarında işlənir) gerçəklik canlandırılmış (ən adi əşyalar, cisimlər belə) və şəxsləndirilmiş obrazlar şəklində əks olunur, insan ağlına gələn nə varsa hamısı həssaslıqla ümumiləşdirilib, adi halından çıxarılır, fövqəltəbii məxluqlara, varlıqlara çevrilir və bunlar ilkin inanışlarda reallıq kimi başa düşülür. Mif mənəvi mədəniyyətin başlanğıc forması, xalq fantaziyasının özülü olmaqla yanaşı, ulu əcdadın təbii fəlakətlərə, qəzalara, xəstəliklərə qarşı qorxu hisslərinə üstün gəlmək vasitəsi idi. Başqa sözlə, toplum halında yaşayan qədim insanlar qeyri-şüuri şəkildə təfəkkürdə yaranan məcazi obrazlarla təbiətə təsir göstərməyin yollarını axtarır və nəticədə onunla təskinlik tapırdılar ki, sel də, sərt külək də, qızmar günəş də onlar kimi canlıdır, istədiklərini ödəməklə təhlükəni sovuşdurmaq olar. Beləliklə, mifik düşüncənin məntiqi özünəməxsusluğu ondadır ki, ibtidai insanlar onları əhatə edən sosial mühitdən (xüsusilə təbiətdən), emosiyaların, hissi effektlərin təsirindən özlərini təcrid etmirdilər, miflərdə dolayı yolla da olsa varlığın bir-birinə bağlanan və hissələrə parçalanan əlamətlərini qoruyub saxlaya bilirdilər. Deməli, dünyada baş verən hadisələrin sadəcə təsvirinə deyil, mahiyyətini, məğzini anlamağa təşəbbüs göstərirdilər. Bütün bunların nəticəsi olaraq, gözlə görünən və duyulan hər şeyi şəxsləndirir, özlərində müşahidə etdikləri əlamətlərlə təqdim edir, daha dəqiq desək, təbii, sosial və mədəni obyektləri metaforik müqayisədə verirdilər (insanlar hər şeyi, ilk növbədə, özləri ilə müqayisə edirdilər, cansız əşyalarda, bitkilərdə, heyvanlarda, quşlarda, dağlarda, çaylarda, göllərdə, təbiətin əsrarəngiz hadisələrində özlərində olan keyfiyyətlər tapır, bununla dünyanı dərk etməklə yanaşı, özlərini daha yaxşı tanımağa çalışırdılar). Ona görə də, mifik təfəkkürdə insanlara xas xüsusiyyətlər təbiət hadisələrinin, cansız varlıqların, heyvanların, quşların və bitkilərin üzərinə köçürülür, hər şey düşünmək qabiliyyətinə, hissiyata malik təsvir olunur və zahirən antropomofik şəkil alırdı. Mövcudatın animistik (ruhun varlığı) modeli yaradılırdı. Bəzən isə, əksinə, təbiət qüvvələrinə, xüsusilə heyvanlara, quşlara məxsus əlamətlər (daha çox totem kimi qəbul edilən heyvan, quş və bitkilərin əlamətləri) mifik mədəni qəhrəmanlara (nəsil törədənə) şamil edilirdi. Məsələn, Oğuzun "ayağı öküz ayağı kimi (qüvvətli), beli qurd beli kimi (incə), ombuzları samur ombuzları kimi, köksü ayı vücudu kimi (güclü) və bütün bədəni tüklü idi". Qeyri-adi təsvirlər, qəribəliklər, möcüzələr, dəyişmələr, metamorfozalar (dönərgələr), dünyanın müxtəlif obyektlərinin canlandırılmış və şüura malik obrazlara çevrilməsi və s. mifik fantaziyanın istehsal etdiyi məhsullardır. Təbiətin fəlakətli hadisələri müqabilində təfəkkürdə kortəbii yaranan bəzi mifik obrazlar (müəyyən qorxunc qüvvələr) transformasiya nəticəsində zahiri əlamətlərinə görə vəhşi, dəhşətli məxluq şəklinə (çoxbaşlı, çoxəlli, təkgözlü, ağzından od püskürən, adamcıl, baş kəsən, qan içən) düşür. Belə ki, qıtlığa səbəb olan quraqlıq - əjdaha; ölüm gətirən xəstəlik - nəhəng, qorxulu mələk; kainat - dünya ağacı, heyvana oxşar azman (məsələn, Şərq təqvimlərində kainatın bir hissəsi olan Yerin müxtəlif heyvanlar üstündə mövcudluğuna və həmin heyvanların müəyyən ardıcıllıqla hər il bir-birini əvəz etmələrinə inam var) kimi təsəvvür edilir; nəslin başlanğıcında duran ilk insan (əcdad) isə çox vaxt ikili təbiətə malik - zoomorfik və antropomorfik formada modelləşdirilir. Bu modellər müəyyən şərtlərlə birləşərək mif sistemlərini yaradır. Belə ki, miflərdə ruhlar, allahlar, eləcə də onların törətdikləri dəhşətli təbiət hadisələri (ildırım çaxmasından yağış yağır, yağışdan sonra otlar cücərir və s.) və qəhrəmanlar həmişə qohumluq əlaqəsinə, məkan və zaman, yaxud başlanğıc, törəmə, başvermə səbəbinin oxşarlığına görə bir-birinə bağlanır. Bu, dünyadakı varlıqların xaosdan sonra eyni ünsürlərdən (od, su, hava, torpaq) yaranmasına olan inamdan irəli gəlir. Miflərdə forma məzmunla sıx vəhdətdə verilir. Xüsusi obrazlarla, işarələrlə, rəmzlərlə varlıqların və hadisələrin mahiyyətini açmağa cəhd göstərilir. Ona görə də miflər ikili xüsusiyyətə malik olur. Başqa sözlə, mif eyni vaxtda həm forma, həm də məzmun daşıyıcısına çevrilə bilir. Belə ki, antropomorfik miflərdə dünyanın alleqorik şəkildə dərki formadır, ifadə vasitəsidir, bədiilik üsuludur, poetik sistemin bir detalıdır, eləcə də insana, cəmiyyətə xas keyfiyyətlərin insanın və təbiətin üzərinə köçürülməsindən alınan məna, məzmundur, hadisələri, əhvalatları, obrazların qarşılıqlı əlaqələrini özündə əks etdirir. Mifin bu cəhətini ilk dəfə müşahidə edən və elmi şəkildə əsaslandıran Rolan Bartın yazdığı kimi, miflər birdən-birə "dolu olduğu halda boş görünür".
Miflərdə simvollar hansı modelə (gerçək həyat hadisəsinə, təbiət obyektinə) aiddirsə, özündə onun keyfiyyətlərini daşıyır. Bu keyfiyyətlər çox hallarda dolayı yolla verilir. Mifik strukturlarda cisim - işarə, əşya - söz, varlıq - ad, mövcudluq - atributları, tək - çoxluq, sonsuzluq - zaman, başlanğıc - əsas, yaranma - mahiyyət arasında münasibətlərin bir-birindən ayrılma və birləşmə nöqtələri özünə spesifik formada yer tapır. Ən xarakterik cəhət isə varlığın mənşə (genezis) və məzmun (mahiyyət) bağlılığının səbəb-nəticə əlaqəsi ilə yekunlaşmasıdır. Başqa sözlə, mifdə yaradılan varlıq heç vaxt yerində donub qalmır, daim fəaliyyətdə olur, hansısa funksiyanı yerinə yetirir. Fəaliyyəti bəlli olmayan, kimə və nəyə xidmət edəcəyi aydınlaşdırılmayan obyekt heç vaxt meydana gətirilmir. Yaxud, əksinə, xidməti bəlli olan hər bir dünya modeli elementinin mənşəyi göstərilir. Deməli, doğulması, yaranması nə qədər qəribə, təzadlı görünsə də hər bir dünya detalının mənşəyinin verilməsi mif yaratmada vacib şərtdir. Bu təlimə əsasən qəti şəkildə deyə bilərik ki, Təpəgöz ilkin olaraq, Azərbaycan türkləri tərəfindən yaradılan mifik obrazdır. Ona görə ki, meydana gətirilmə səbəbi göstərilir və xəyanətə xəyanətlə ödəşiə funksiyasını (ona çörək verən adamları zəlil edir) yerinə yetirir. Səbəb nəticəni doğurur. Başqa sözlə, Sarı Çobanın tanrı adamına - pəri qıza tamah salıb əl uzatması səbəbdir. Təpəgözün oğuz elinin başına bəlalar açması isə həmin səbəbin (xəyanətin) nəticəsidir. Yunan miflərində Təpəgözün eyni olan Siklopun kökü göstərilmir, deməli, mifik detalın mənşəyi - yaranma səbəbi yoxdur. Siklop yaradılışsız, biçimlənməmiş halda, Odisseyin (elin, obanın deyil, bir şəxsin) qarşısına çıxarılır (elə bil göydən düşür) və allahın (dəniz allahı Poseydonun şəxsi narazılığına görə ) insana cəza vermək silahına çevrilir. Deməli, Siklopda miflərə xas olan yaradılış və gerçəklik arasında səbəb-nəticə əlaqəsi yoxdur. O, təsadüfən düşdüyü mifik zamanda və məkanda yoğurulmur, bişirilmiş halda hardansa gətirilir. Siklop yunan miflərində qəribdir. Qeyd edək ki, dünya mifoloji sistemlərində vasitə kimi istifadə edilən bəzi obrazların başqa xalqlardan alınması təcrübəsi mövcuddur.
Hər hansı bir mifik strukturda (mifik zamanda) varlığın obrazlar şəklində yaranıb yaşama müddəti məchulluq çağından anlaşılan zamanadək daşıdığı roldan asılı olur. Qışın yazla, gecənin gündüzlə əvəzlənməsinin əsil səbəbi dərk ediləndən sonra həmin təbiət hadisələrinin mifik sistemlərdəki modelləri mahiyyətini (gerçəkliklə, reallıqla əlaqəsini) itirir, təfəkkürdəki ilkin funksiyasını dəyişib, bədii sənət nümunəsinə çevrilir və folklorun başqa janrlarının (xüsusilə nağılların və dastanların) içərisində əridilir.
Miflərdə dünya modelinin tam təsviri ilə onun ayrı-ayrı elementlərinin, detallarının yaranmasına (təbiət və mədəniyyət obyektlərinin, allahların və qəhrəmanların) həsr olunan əhvalatlar üst-üstə düşüb, bir-birini tamamlayır. Mifik görüşlər həm də qədim insanların maraqlarının təmin edilməsi tələbatından doğmuşdur. Əvvəl dünyanın onlar özləri yaşadıqları dövrdəki vəziyyətini (yerin relyefini, heyvan növlərini, bitkilər aləmini, ulduzlar sistemini, həyat tərzini, sosial təbəqələşməni, əməyin səmərəliliyini, ovun uğurluluğunun təşkilini, maddi nemətlərin əldə edilməsini, mənəviyyatın - dinin yaranmasını və s.) müəyyənləşdirməyə çalışmış, sonra başqa sorğulara cavab (mifik obrazların meydana gəlməsi səbəblərini) axtarıblar. Bu mənada mifologiyada hadisələrin baş verməsinin uzaq keçmişlə, qədimlərlə əlaqələndirilməsi həm kainatın quruluşunu təsvir etmək və həm dünyanın onlar yaşadığı dövrdəki vəziyyətini izah etmək üsulu kimi nəzərə çarpır. Y.M.Meletinskinin sözləri ilə desək, mifik əhvalatlar mifik zamanda qurulan "mifik dünya" modelinin "kərpicləri"dir. Mifik zaman "əvvəlki", "ilkin", "başlanğıc" zamandır. Bu, əsil zamanın "ərəfəsi"dir, zamana qədərki zamandır, yəni indiki zamanın tarixinin hesablanmağa başlanmasına qədərki zamandır". Bu, ən ulu əcdadın zamanıdır, hər şeyin ilkin yaranma, "yuxugörmə" zamanıdır. Emprik, tarixi zamandan fərqli olaraq, sakral, möcüzəli zamandır. Mifik zamansız bəşəriyyət mədəniyyət sahəsində nailiyyətlər qazana, sosial münasibətləri formalaşdıra bilməzdi, elmi tərəqqi, inkişaf olmazdı. Dünya bu günü üçün məhz mifologiyaya və mifik zamana borcludur. Çünki inkişafa təkan verən bütün strukturlar mifik zamanda yaradılıb.

Ramazan Qafarlı
professor