Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa - 1-ci yazı  Ədəbiyyat

Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa - 1-ci yazı 

Muxtar Omarxan ulı Auezov qazax ictimai-siyasi, mədəni- fəlsəfi və bədii-estetik fikrinin ən parlaq simalarından olduğundan biz fraqmentar olaraq qazax ədəbiyyatının keçdiyi tarixi yola nəzər salıb, onun əsrlər boyu keçdiyi mərhələləri göz önündə canlandırmağı zəruri hesab edirik.
Qədim tarixi olan qazax ədəbiyyatı aşağıdakı mərhələlərdən keçib: 1) Ümumtürk şifahi xalq yaradıcılığı və Orxon-Yenisey abidələri (VI-VIII əsrlər); 2) Oğuz-qıpçaq dövrü (IX-XIII əsrlər). Oğuz-qıpçaq dövrünün özünün daxilində həm də qaraxanilər dövrü və ümumtürk yazılı ədəbiyyatı dövrü - Yusuf Balasaqunlu, Mahmud Qaşqarlı, Şeyx Əhməd Yügnəki, Şeyx Əhməd Yasəvi, "Kodeks Kumanikus", "Qorqud Ata" və "Oğuznamələr" var (XI-XII əsrlər); 3) Monqol dövründən sonrakı mərhələ (XIIIIII-XIV əsrlər). Bundan başqa, qazax ədəbiyyatının mühüm mənbələri kimi 4) XV-XIX əsrlər qazax şifahi xalq ədəbiyyatı dövrü XIV-XV əsrlər qazax xalqının formalaşdığı, qazax milli ədəbiyyatı və qazax dövlətçiliyinin meydana gəldiyi mərhələdir. Burada yenə üç mərhələ -jirau mərhələsi XV-XVIII əsrlər; poeziya dövrü XVIII—XIX əsrin birinci yarısı, aytıslar (müşairələr) dövrü XIX əsrin İkinci yarısı - XX əsrin əvvəlləri; 5) Sovet dövrü (1920-1991); 6) Müstəqillik dövrü (1991-ci ildən başlayaraq günümüzə qədər) fərqləndirilir.
XIV əsrdən başlayaraq Həsən Qayğı, Dosməmməd, Şalkiiz, Buxar Jirau, Kalmakan-Ulı jirau, akın fəlsəfi poeziyası və tolqau (ithaf), XIII-XIX əsrlərdə Məhəmbət Ütəmis, Şerniyaz, Jarılqas, Suyun Aronulı kimi akınların yaradıcılığında bəylərə, feodallara, xalqı çapıb talayanlara qarşı mübarizə səslənir. Dulat Babatay, Şortanbay Kanayev, Murat Monkin və digər bu kimi müəlliflərin yaradıcılığında konservativ istiqamət inkişaf etdirilsə də, XIX əsrin ikinci yarısında Birjansal, Əsəd Naymanbayev, Sara Tatstanbekova, Cambul Cabayevvə digərləri aytıs (müşairə) janrından istifadə etməklə sosial ədalət uğrunda mübarizə aparıb ictimai fikrin ifadəçisi kimi çıxış edirdilər.
Qazax yazılı ədəbiyyatının yaranmasını ədəbiyyat tarixçiləri XVI əsrdə yazıb-yaratmış Qadirəli Jalairin "Cami-ət-təvarix" əsəri ilə bağlasalar da, onun əsas yaranma tarixi daha çox XIX əsrin ortalarından hesablanır. Bu proseslərə təkan verən başlıca element isə rus və Qərb mədəniyyətləri ilə əlaqələrindən doğan və onunla tanış olan qazax maarifçilərinin hərəkatı idi. Bu dövrdə yaşayıb-yaradan görkəmli qazax maarifçiləri Çokan Vəlixanov, İbray Altınsarin və Abay Kunanbayev kimi mədəniyyət mücahidləri milli ədəbiyyata yeni nəfəs verməyə, mövzu, məzmun, forma, yanaşma tərzi, ifadə yeniliyi, ritm oynaqlığı və s. gətirməyə müvəffəq olublar.
XIX əsrin ikinci yarısından başlayaraq qazax ədəbiyyatı öz milli praktikasında mövcud olmayan iri ədəbi formaları - poema, povest və roman janrlarım mənimsəməyə başlayır. Belə ki hələ 1910-cu ildə tanınmış qazax şairi və nasiri Mircakıp Dulatov bir sıra maraqlı poetik məcmuələri ilə yanaşı, milli mədəniyyət tarixin¬də ilk dəfə "Bədbəxt Camal" romanını oxuculara təqdim edib.
XIX əsrin sonları XX əsrin əvvəllərində Nurcan Nuaşabayev və Məhşur Jusup əsərlərində patriarxal düşüncə tərzini əks etdirsələr də, milli ədəbiyyatın yaradıcıları kimi tanınırdılar. XX əsrin əvvəllərində nəşr olunan "Qazax" qəzetinin ətrafında milli məfkurəli Əhməd Baytursınov, Mircakıp Dulatov və Maqcan Cumabay kimi yaradıcı şəxiyyətlər birləşmişdilər. 1917-ci il Oktyabr inqilabı ümidləri doğrultmadığından onlar əks-inqilabçı düşərgəsinə keçməyi üstün tutdular.
Sovet dövründə qazax ədəbiyyatının inkişafı Cambul Cabayevin nəğmələri ilə başlayır. Onun yaradıcılığı həmin zamanlardan intensiv şəkildə rus dilinə və onun vasitəsilə digər dillərə tərcümə olunaraq təbliğ olunurdu. Bununla belə, bu dövr qazax ədəbiyyatının bünövrəsini qoyanlar sırasında Saken Seyfullin, Baymaqambet İztolin, İlyas Cansuqurov, Sabit Mukanov, Beimbet Maylin və əlbəttə, Muxtar Auezov kimi simalar yer alırdı.
XX əsrin ikinci onilliyində yazıb-yaradan qazax sənətkarları sırasında İ.Bayzakov, A.Tokmaqambetov, T.Jarokov, A.Tajibayev, Q.Ormanov kimi yeni mövzu və bədii təsvir vasitə və imkanlarından yararlanmağa çalışan, şeirin məzmununa yeni ifadələr, yeni obrazlar, yeni ritm tətbiq etməyə can atan müəlliflərin yaradıcılığından danışmaq olar. Q.Mustafin, QMusrepov, A.Sarsenbayev, X.Bekxojin, X.Amanjolov və digərlərinin yaradıcılığı ilə yanaşı, XX əsrin ikinci yarısındakı qələm sahibləri sırasında Ə.Nurpeisov və onun "Qan və tər" trilogiyasının böyük uğurunu qeyd etmək zəruridir. Adını çəkdiyimiz bu müəlliflər və onların əsərləri ilə yanaşı, T.Alliiımkulov, İ.Esenberlin, O.Bukeyev və A.AIimcanovun orijinal mövzulara həsr etdiyi əsərləri və qəhrəmanları daha çox diqqət mərkəzinə qoyulurdu. S.Maulenovun, X.Bekxojinin, X.Cüməliyevin yaradıcılığında insanların zəngin mənəvi aləmi təsvir edilirdisə, mürəkkəb ictimai-sosial və mənəvi-etik problemlər Ş.Xusainov və AJajibayev kimi dramaturqların əsərlərində təhlil obyekti kimi çıxış edirdi.
XX əsrin ikinci yarısındakı "istiləşmə" prosesləri qazax ədə- biyyatındakı dövrün ortalarında başlayan yeni ab-havaya müsbət təsir edə bildi. Bu dövrdə yazıb-yaradan sənətkarlar sırasında tarixi romanlar müəllifi İlyas Esenberlinin adı ön sıralarda dayanmaqdadır.
XX əsrin 70-ci illərində qazax ədəbiyyatı səhnəsində yeni bir ulduz parlamağa başladı. Bu, Oljas Süleymenov və onun sovet tarixşünaslığında, eposşünaslığında və dilşünaslığında böyük əks-sədaya səbəb olan "Az və Ya" kitabı idi. Kitabda "İqor polku haqqında dastan"da yer almış rus dilində olan türkizmlərin mənşəyi öyrənilmiş, türk mədəniyyətinin rus mədəniyyətinə təsiri əsaslı şəkildə tədqiq edilib. Millətçi rus alimləri akad. B.Ribakov, akad. D.Lixaçov və onlarla başqaları O.Süleymenovu belə nəzər nöqtəsinə görə pantürkizm və millətçilikdə günahlandırıb və o, uzun illər ərzində olmazın təqiblərə məruz qalıb.
XX əsrin ikinci yarısı qazax ədəbiyyatında intellektuallığa daha çox meyil, bədii axtarışların genişliyi və dərinliyi, problematika və obrazlar rəngarəngliyi görünməkdədir. Bu baxımdan A.Kekilbayev, K.Murzaliyev, T.Mıuldaqaliyev və digərlərinin yaradıcılığı xarakterikdir.
Müasir dövr qazax ədəbiyyatı 1990-cı illərdən başlayaraq İnkişaf etdirilən sənət nümunələrini əhatə edir. Məhz bu dövrdən qazax ədəbiyyatında Qərb ədəbiyyatından gələn postmodernist yanaşmaların özünəməxsus xüsusiyyətlərini müşahidə etmək olur. Hazırkı məhələdə qazax ədəbiyyatı ümumi dünya bədii təfəkkürü kontekstində inkişaf etdirilməklə, imkan və maraqlarının yeni axını istiqamətində öz orijinal gedişini təmin etməkdə israrlıdır.
Qazax ədəbiyyatı həm də Qazaxıstanın hüdudlarından kənarda - Çində və Monqolustanda yaradılmaqda və inkişaf etdirilməkdədir. Çində, əsasən, Sinzyan (Urumçi) əyalətində onu inkişaf etdirənlər sırasında Əsəd Naymanbayulu, Akıt Ulimjiulı, Yusipbek Şeyxislamulı, Tanjarek Joldaulı, Abdirəşid Baybolatov, Kalinqumar Şabdanulı və başqalarını, Monqolustanda İsə bədii yaradıcılıqla məşğul olan Aktan Babiulı, Kurmanxan Mühəmmədidi, Karjanbay Sartkojaulı və digərlərini göstərə bilərik. Onlar nəinki poeziya və nəsr nümunələrinin, həm də ədəbi tənqid və ədəbiyyatşünaslığın bir sıra problemlərinin İşlənməsi istiqamətində fəaliyyət göstəriblər.
Qazax ədəbiyyatının flaqmanı olan Muxtar Auezovun yaradıcılığına həsr olunmuş bu kitabda biz eyni zamanda oxuculara və tənqidçilərə aşağıdakı fikirləri də çatdırmağı zəruri hesab edirik. İlk növbədə söyləyək ki, Muxar Auezov elə bir yaradıcı şəxsiyyət olub ki, onun həyat fəlsəfəsinə bələd olan hər kəs özünün və xalqının kimliyini dərindən dərk etməyə müvəffəq ola bilər.
2017-ci ildə Muxtar Auezovun 120 illik yubileyi ərəfəsində böyük sənətkarın seçilmiş əsərlərinin 50 cildliyi işıq üzü görüb. Auezovun yaradıcılığı yazıçı olaraq qazax milli-bədii düşüncəsinin tacı olmaqla yanaşı, XX əsr qazax ədəbiyyatının oxucuları qarşısında olan bədii hesabatıdır.
Auezov heç də yalnız ədəbiyyat meydanında qələm işlətmiş sənətkar deyil. O həm də 1917-ci ildə Orenburqda keçirilən Ümumqazax qurultayında təsis edilmiş "Alaş Orda" siyasi partiyasının fəal yaradıcılarından olub. Partiya cəmi iki il (1917-1918) fəaliyyət göstərsə də, möhtəşəm işlərə imza atıb. Onun başlıca məqsədi Rusiya imperiyasında siyasi islahatların keçirilməsi ilə yanaşı, bu ölkənin ərazilərinə qatılmış qazax torpaqlarını Alaş muxtariyyətinə biləşdirmək olub.
Qeyd etmək istəyirik ki, Muxtar Auezov qazax ictimai-siyasi, fəlsəfi-estetik, bədii-mədəni kəhkəşanında universal təfəkkürlü yaradıcı şəxsiyyət kimi bərq vurmaqdadır. Onun zəhmətinin səfasını isə bu gün müstəqil Qazaxıstanın müstəqil vətəndaşları görməkdədirlər. Hər bir xalqın mədəniyyət, ədəbiyyat və elm sahəsində elə böyük şəxsiyyətlər olub ki, onların fəaliyyəti bənzərsiz örnək kimi təqdir və təqdim olunmağa layiqdir. Muxtar Auezov belə nəhəng şəxsiyyətlərdəndir.
İlk təhsilini aul məktəbində almış Muxtarın babası Auez Abay Kunanbayevin qohumu və dostu kimi gələcək yazıçının dünyagörüşünün formalaşmasına böyük təsir edib. Aul məktəbindən sonra o, Kəmaləddin mədrəsəsində, daha sonra Semipalatinsk şəhər beşsinifli məktəbdə (1910-1915-ci illər) təhsil aldığı dövrdə özünün ilk "Tufana doğru" ("Дауыл") hekayəsini yazıb. 1915-ci ildə Semipalatinsk Müəllimlər Seminariyasına daxil olmuş Muxtar 1917-ci ildə Şakərim Xudayberdinin dastan motivləri əsasında "Yenlik-Kebek" pyes-faciəsini qələmə alıb.
1917-ci ildə baş vermiş bir sıra əsaslı hadisələr (Rusiyada inqilabi-siyasi çevriliş, "Alaş" hərəkatının yaranması və sovet hakimiyyətinin qurulması) onun baxışlarına xeyli dərəcədə təsir edib. Bu dövrdə MAuezov "Abş gəncləri" İttifaqını qurur, müxtəliftipli dərnəklərin yaranmasına köməklik göstərir, "Alaş" ("Alaş" həm də millətçi təşkilat idi) və "Sarıarka" qəzetləri üçün məqalələr yazır, qazax gənclər təşkilatı olan "Gənc azamat"ın ("Жас азамат") fəal iştirakçısı olmaqla, "Alaş" hərəkatının maraqlarını müdafiə edirdi.

Nizami Tağısoy
filologiya üzrə elmlər doktoru, professor