Yazıçıların mükafat dərdi Ədəbiyyat

Yazıçıların mükafat dərdi

Ədəbiyyat üzrə Nobel mükafatının yaxın illərdə hər hansı Azərbaycan yazıçısına verilməsi o qədər də real görünmür. Buna səbəb Azərbaycan ədəbiyyatının dünya ədəbi arenasında o qədər də geniş təbliğ olunmaması, əsərlərin başqa dillərə tərcümə edilməməsi, eləcə də bəzi siyasi amillərdir. Amma ədəbiyyat sahəsində verilən beynəlxalq mükafatlar tək "Nobel"lə bitmir. "Buker", "Man Asia", "Migel de Servantes" mükafatları ilə yanaşı, qonşularımızın təsis etdiyi "Russkaya premiya" (Rusiya) və Türk Dünyası Ödülü (Türkiyə) kimi kifayət qədər yüksək məbləğli mükafatlar da var.
"Buker" mükafatı yalnız ingilis dilində yazılan əsərlərə verilir. "Man Asi" mükafatına isə Şərq dünyasının yazıçıları layiq görülürlər. Azərbaycan yazıçı və şairlərinin də bu mükafatı almaq şansları var. Qeyd edək ki, Türkiyənin yeganə "Nobel" laureatı olan yazıçısı Orxan Pamuk iki il bundan əvvəl "Man Asia"ya da layiq görülüb. Modern.az Azərbaycan yazıçılarının hansı səbəblərə görə Nobeldən daha aşağı ranqlı beynəlxalq ədəbi mükafatları ala bilməməsi ilə bağlı sorğu keçirib.
Kulis.az saytının əməkdaşı, yazıçı Mirmehdi Ağaoğlu bəzi problemlərin həll olunmayacağı təqdirdə beynəlxalq mükafatlardan danışmağın tez olduğunu bildirir: "Bu mükafatları almaq üçün Azərbaycan yazıçılarının və şairlərinin əsərlərinin başqa dillərə çevrilməsi, bu dillərdə yayılması vacibdir. Bu problem həll edilməyənə kimi beynəlxalq müsabiqələrdən danışmaq tezdir. Ölkə daxilində böyük yazıçı olmaq mümkündür, amma bu kifayət etmir. Əsərlər ingilis və Avropanın digər ölkələrinin dillərinə tərcümə olunmalıdır ki, oxucular bizim ədəbiyyatla tanış olmaq imkanı əldə etsinlər. Buna görə əsərlərin bədii səviyyəsinin artırılmasından daha çox bu cür texniki problemləri həllinə fikir vermək vacibdir". Avanqard.az saytının baş redaktoru, yazıçı Səxavət Sahil də əsas problemi məhz yerli yazıçıların tərcümə olunmamasında görür: "Azərbaycan yazıçıları daha çox qərbə meyllənirlər. Hamı diqqətini Nobel mükafatına yönəldir. "Buker", "Man Asia" mükafatları isə kölgədə qalır. Məsələn, "Buker" mükafatı 2007-ci ildən verilməyə başlayıb və nüfuzu o qədər də böyük deyil. Ən başlıcası isə bu mükafat ingilis dilli, yaxud ingilis dilinə tərcümə olunan əsərə verilir. Hesab edirəm ki, bizim yazıçıların bundan o qədər də xəbəri yoxdur, olsaydı belə, ingilis dilinə tərcümə olunan əsərlərini daha çox başqa mükafatları almaq üçün təqdim edərdilər. Yaxın müddətdə bizdən kiminsə bu mükafatı alması ağlabatan deyil". "Azərbaycan" jurnalının baş redaktor müavini, tənqidçi Əsəd Cahangir isə nikbindir. O, Azərbaycan yazıçılarının yaxın zamanda sadalanan mükafatları alacağına inanır: "Son bir neçə ildə Azərbaycan yazıçılarından ikisi Nobel mükafatına təqdim olunub. Kamal Abdulla ədəbiyyat , Əkrəm Əylisli isə sülh nominasiyasında komitəyə təqdim olunub. Bu fakt onu göstərir ki, əgər bizim yazıçılar Nobel mükafatı üçün təqdim olunursa, deməli, daha aşağı ranqlı mükafatları da qazana bilərlər. Azərbaycanda "Eurovision" mahnı müsabiqəsi keçirildi, gələn il birinci Avropa Olimpiya Oyunları keçiriləcək. Bunlar onu göstərir ki, ölkənin beynəlxalq aləmdə siyasi-iqtisadi çəkisi artdıqca, bizim yazıçıların da ədəbi mükafatları almaq şansları çoxalır. Çünki yazıçının bədii əsərinin keyfiyyəti ilə yanaşı, onun mənsub olduğu ölkənin də beynəlxalq nüfuzu əsas şərtdir".