NİZAMİNİN MƏHƏBBƏT İDEALI - 3-cü yazı Ədəbiyyat

NİZAMİNİN MƏHƏBBƏT İDEALI - 3-cü yazı

Maraqlıdır ki, əks mövqedə duranlar da eyni şövqlə yazılı mənbələrin rolunu danırlar. T.Xalisbəyli və Ç.Sasani də təxminən bu fikirdədirlər. Birincinin qənaətlərində Nizami poemasının mənşəyi Babil yazılarına bağlasa da, ikincidə izləri «Kitabi-Dədə Qorqud» oğuznaməsində axtarılıb maraqlı nəticələr əldə edilsə də, son nəticədə əsas fikir ona yönəlir ki, «şair belə bir qüdrətli dastanı yaradarkən, ilk dəfə misilsiz sənət əsərini incələyərkən şifahi xalq ədəbiyyatına, o cümlədən Azərbaycan folkloruna arxalanıb».
Məsələyə dar çərçivədən baxanda görünüş də yarımçıq alınır. Nizami poemasının mövzusunu ərəb mühitində yaranan əfsanələrdən götürdüyü danılmaz faktdır. Lakin yığcam struktura malik əhvalatın geniş təsvirlər, dialoqlar, həyata və cəmiyyətin qanunlarına baxışlar, insani və qeyri-insani münasibətlər, duyğu və düşüncələr, iki müxtəlif ailənin qarşılaşması, məişət detalları, nəhayət, zaman və məkan əlaqəsi, ardıcıllığı gözlənilməklə canlandırılmasında, sözsüz ki, şair yerli materiallardan daha çox faydalanıbr. Ona görə də «Leyli və Məcnun»un necə yarandığını bu iki amilsiz düzgün müəyyənləşdirmək çətindir.
H.Araslıdan tutmuş A.Rüstəmzadəyə qədər əksər nizamişünaslar məsələyə bu prizmadan yanaşmışlar. Razılaşmayanlar, başqa mövqedən fikir söyləyənlər yenə tapılıb. Bizə elə gəlir ki, mübahisələrə son qoymaq üçün ancaq bir üsul mövcuddur: irəli sürülən müddəalara poemada şairin öz münasibətini aydınlaşdırmaq.
Dövrünün epik şeir ənənəsinə uyğun olaraq Nizami əsərlərinin əsas mövzusunu Şərq xalqlarının uzaq tarixindən götürmüş və müraciət etdiyi çağın nağıl, əfsanə yaddaşındakı izlərini bilicilərdən dinləməklə yanaşı, yazılı mənbələri də diqqətlə öyrənmiş, əlindən tutan, ilhamını pərvazlandıran müəlliflərin adlarını hörmətlə çəkib, bəzən də razılaşmadığı məqamlardan bəhs açıb. Lakin nədənsə «Leyli və Məcnun» poemasının başlanğıcında mövzunun xalq arasında geniş yayılmasına dəfələrlə toxunsa da, özündən əvvəlki yazılı mənbələrin üstündən sükutla keçmişdir, müəyyən epizodların təsvirində isə müraciət etdiyi kitablara ancaq dolayı yollarla işarələr vurub.
Nizami əsərin yazılma səbəblərindən bəhs açanda hətta material azlığından, əlinin təkcə xalq söyləmələrinə çatmasından şikayətlənərək deyirdi ki:
Həddindən artıq bəzək vurmaq da,
Rəvayətin üzünü korlayır.
Və eşitdiyi əfsanələri xalqın yaratdığı şəkildə nəzmə çəkməyi özündən yersiz əlavələr uydurmaqdan üstün tuturdu. Böyük sənətkar Şirvan hökmdarı Axsitandan “Leyli və Məcnun” mövzusunda əsər yazmaq sifarişini bir neçə səbəbdən tərəddüdlə qarşılamışdı. Onlardan ən mühümü qədim əfsanə haqqında özündən əvvəl tutarlı söz deyilməməsi, daha doğrusu, yazılı mənbələrdən istədiyi materialları tapa bilməməsi idi. İlk baxışda düşünürsən ki, tədqiqatçıların poemanın qida mənbəyi kimi göstərdikləri çoxsaylı kitablardan Nizami xəbərdar olsaydı, bu misraları dilinə gətirməzdi:
Heç kəs bu kədərli [mövzunun] ətrafına dolanmamışdır.
Şair, onu nəzmə çəkməkdən qaçmış,
(Ona görə də) nəhayət, dastan deyilməmiş qalmış.
Belə qənaət oyanır ki, Nizami “Leyli və Məcnun” rəvayətinin ancaq ona qədər poemalaşmamasından danışır. Lakin bir qədər sonra öz gücünə inandığını etiraf edəndə bildirir ki:

Bütün imkanların yoxluğu ilə
Əsərin lətafətini o yerə çatdıram ki,
Şah həzrətləri onu oxuyarkən,
Yoluna saf gövhər səpsin...

Şair doğrudanmı “imkanların yoxluğu”na baxmayaraq qəmli eşq dastanını təkcə ağızlarda gəzib-dolaşan şifahi rəvayətlərə əsaslanmaqla ərsəyə gətirmək istəyirdi? Adamın inanmağı gəlmir ki, o, yaşının cavanlıq və müdriklik çağında seçdiyi mövzu ilə bağlı yazılı materialları əldə edib faydalanmaqdan boyun qaçırsın. Axı Nizami qocalanda, sağlamlığını itirəndə belə “İsgəndərnamə” kimi nəhəng əsərinə dair çoxsaylı kitabları diqqətlə nəzərdən keçirdiyini etiraf edirdi. Deməli, şair Məcnun haqqındakı əlyazmalarla tanış idi – sadəcə olaraq eşitdiyi şifahi məlumatlarla orada yazılanlar üst-üstə düşdüyündən ya onları tutarlı mənbə saymır; ya da həmin kitablardakı baş obrazla öz aləmində yaratdığı Məcnun arasında böyük fərq görürdü, ona görə də başlanğıcda xatırlamağa lüzum bilmirdi. Ola bilsin ki, ərəb dilli mənbələrlə birbaşa deyil, dolayı yolla – dostlarının söyləmələri vasitəsiylə tanış olmuşdu. Hər halda şairin həyatının məlum məqamları öz əsərlərinə əsasən üzə çıxarıldığını nəzərə alıb bütün yazdıqlarına inansaq, “Leyli və Məcnun”un bir neçə yerində adını çəkmədiyi söz sənətkarlarının əsərlərinə istinad etdiyinə eyham vurduğu görünür. Ümumiyyətlə, Nizaminin süjetqurma ustalığından xüsusi danışmaq lazım gəlir. Ona qədərki epik şeirdə daha çox didaktik hekayəçilikdən və ayrıca götürülmüş bir qəhrəmanın həyatının düzxətli təsvirindən istifadə olunurdu. Nizami süjeti qollu-budaqlı verməklə, bir-birindən seçilən obrazlar silsiləsini vahid əsər içərisində əritməklə yanaşı təhkiyəçilik funksiyasını üçüncü şəxslə (özü ilə) məhdudlaşdırmır, yeri gələndə əhvalatları qəhrəmanlarının dilindən təsvir edir, eləcə də öz təsvirçilik rolunu çoxsaylı informatorlarla – kənar nağılçılarla bölüşürdü. Onun dövründə epik ənənədə ən geniş yayılmış forma müxtəlif əhvalatları süni yolla bir süjet daxilində birləşdirmək idi. Şərqin “1001 gecə” kitabında “Şəhriyar-Şəhrizad” əhvalatı məhz ərəb mühitində uydurularaq hind, İran, ərəb və türk xalqlarının müstəqil nağılları bir mətn, daha doğrusu, vahid süjet məkanında birləşdirilmişdi. “1001 gecə”nin sınaqdan çıxmış təcrübəsindən bütün sənətkarlar istifadə edirdi. O cümlədən Nizami də “Yeddi gözəl”də həmin strukturdan daha yaradıcı şəkildə faydalanacaqdı. Şair “Leyli və Məcnun”da özunəməxsus yolla gedir və süjet ardıcıllığını poemadakı müəyyən əhvalatları kənar informatorların adına çıxırdı. “Leyli və Məcnun”u diqqətlə nəzərdən keçirdikdə aydın görünür ki, o, əvvəlinci fəsilləri bir ozan, dastançı kimi özü təsvir edir, Məcnunu tam yetişdirib ərsəyə gətirəndən sonra isə bir neçə səbəbdən kənar nağılçıları köməyə çağırır. Birincisi, ona görə ki, oxucular əsərin hamıya tanış hekayətlərdən törədiyini görsünlər. İkincisi, reallığına, gerçəkliyinə inansınlar. Üçüncüsü, epizodlararası rabitə, bağlantı təmin edilsin. Bu səbəbdən də Nizaminin təsvirçi köməkçilərini bir neçə qrupa ayırmaq olar:
a) ümumiyyətlə, şair söz sənətkarını, o cümlədən özünü nəzərdə tutub məcazi nağılçı, söyləyici obrazı yaradır;
b) istifadə etdiyi konkret yazılı mənbəni nişan verir;
v) nəhayət, şifahi söyləmələrə əsanlandığını bildirir.
Bəzən şair hadisənin mənbəyini obrazlı şəklə salıb naməlum kənar şəxsə ünvanlayır, konkretlikdən çox uzaq olur və həmin nəqletmə formasından bədii priyom kimi istifadə edir:
Bu xəzinənin xəzinə açanı
Sinə xəzinəsinin qapısını belə açır.
– deyərkən Nizaminin heç kimi nəzərdə tutmadığı, öz təxəyyülünün məhsulu olan müxtəlif səpkili epizodları poemanın ümumi axarına qatmaqla bütöv sturuktur qurmaq məqsədi daşıdığı göz qabağındadır. Bölmədən bölməyə (epizoddan epizoda) keçdikcə onun xəyali nağılçıları, daha doğrusu, infarmatorları, təsvirçiləri də dəyişir. Şair sanki sehirli bir aləmin sakinlərini dilə gətirir:

Bu sazın ərğənununu (orqanını) çalan
Pərdədən belə ahəng çıxarır.
Məna gövhərini dənizdən çıxaran
Dodağından belə gövhər səpmiş ki...

Sanki Nizamiyə belə bir sualla müraciət olunur: “Leyli və Məcnun”u yaradan söz sənətkarları kimlərdir?” Şair də cavab verir ki, “ xəzinənin xəzinə açanı”, “sazın ərğənununu (orqanını) çalan”, “məna gövhərini dənizdən çıxaran”lardır. Onun informator köməkçilərindən biri də dünyagörmüş el ağsaqqallarıdır. Elə bir əsəri yoxdur ki, onların şirin söhbətlərini dinlədiyini yada salmasın. “Leyli və Məcnun”da “Bağdadlı Salamın Məcnunun görüşünə gəlməsi” əhvalatı “Söz bilicisi belə xatırladır ki...” misrasıyla başlanır. Burada sinəsində şifahi xalq ədəbiyyatı nümunələrini yaşadan nağılçılara üz tutduğu şübhəsizdir. Şair bir sıra epizodları xalq yaradıcılarından dinlədiyini dəfələrlə etiraf edir:

Əfsanə yaradan xəbər sahibi
Bu hekayə barədə belə xəbər verir.

Nizaminin bilicilərin, sinədəftərlərin el arasında böyükdən kiçiyə hamı tərəfindən yaxşı tanınıb barmaqla nişan verildiyini nəzərə çatdırması folkloru yüksək qiymətləndirməsindən irəli gəlirdi. Azərbaycan türklərinin dilində «barmaqla göstərmək» ifadəsi bu gün də ancaq müsbət anlamda işlənir. Həmişə barmaq o adama tuşlanır ki, xeyrə, şərə yarayır, ağıllı məsləhətləri ilə ad-san çıxarır. Bu ifadə ola bilsin ki, başqa dillərdə mənfi anlamda anılır.
Məsələn, farslarda barmaqlar əxlaqsızlara, əliəyrilərə doğru dikilir. Nizamidə isə:

Söz söyləyənlərin barmaqla göstəriləni
Bu hekayəni belə sona çatdırır.
Nizami əhvalatların çoxunu birbaşa müəllif təqdimatıyla, yəni öz təxəyyülünün məhsulu kimi söyləyir. Bir neçə fəslin başlanğıcındakı istinadların, ilk növbədə, bu səbəbdən xüsusi şərhə ehtiyacı vardı. Bunları göstərilən şəkildə verməklə bəlkə də şair poemanın rəsmi hissəsində qaynaqlardan danışanda əmələ gələn boşluğu doldurmaq istəmişdi. Diqqət yetirsək, açıq-aydın görərik ki, “Leylinin xəyalına Məcnunun şikayəti” epizodunda əfsanədən, yaxud mənbədən gələn heç bir əlamət yoxdur. Şair əsas qəhrəmanının hiss və duyğularını daxili monoloqla təqdim edir. Nədənsə, bu parçanı da kənar “təsvirçi”yə – informatora ünvanlayır:
Bu təzə əhd gəlininin [dastanın] bəzəkçisi,
Bu kəcavəni belə gilvələndirmişdir ki...
Təqdim olunan misalların hər birinin əsərdə öz funksiyası var və mətn strukturunun elementlərindən biri kimi müxtəlif motivlər arasında daxili rabitə, bağlantı qurur. Çox ehtimal ki, heç birinin arxasında konkret şəxs durmur – üslubi füqurlardır. Lakin poemanın bir neçə yerində “infarmator” məcazi mənada deyil, gerçək söyləyici, yaxud əhvalatın müəllifi tək təqdim edilir. Onun adı çəkilməsə də, yurdu, soyu açıqlanmaqla kimliyini müəyyənləşdirmək imkanı yaradılır. Belə ki, şair “Məcnunun atasının oğlunu görməyə getməsi” fəslini hansı mənbədən götürdüyünü göstərərək yazır:
Fars oğlu fəsahətli [şirindil] dehqan,
Ərəbin əhvalını belə xatırlayır ki...
Burada heç bir mübaliğə, yaxud məcazilik yoxdur, hansısa fars mənşəli və şair təbiətli, ola bilsin ki, ata-babadan qalma peşəsi dehqan olan müəllifə istinad edilir. “Nəğmələr kitabı” (“Kitab al-aqani”) əsərindəki “Banu Əmir tayfasından olan Mədinə haqqında hekayət” ilə ərəb əfsanəsini əsaslı şəkildə yazı yaddaşına göçürən Əbu-l-Fərəc əl-İsfahani (284/897-356/967) haqqındakı bəzi əlamətlər deyilənlərlə üst-üstə düşür. O, fars əyalətlərinin birində dünyaya gəlmiş və ömrünün çox hissəsini ərəb şairi haqqında məlumatlar toplamağa həsr edib.

Ramazan Qafarlı
filologiya üzrə elmlər doktoru