Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib Siyasət

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

2015-ci ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 21 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, 4 nəfər tutduqları vəzifələrdən azad olunub

Bu ilin birinci yarısında Azərbaycanda qeydə alınmış 97 qəsdən adam öldürmə cinayətindən 96 hadisənin açılması təmin edilib.
Bu barədə baş prokuror Zakir Qaralov Baş Prokurorluqda dünən keçirilən geniş əməliyyat müşavirəsində məlumat verib.
Baş prokurorun sözlərinə görə, bu ilin birinci yarısında Azərbaycan prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub, prokurorluq orqanlarında hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilib, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.
Digər hüquq mühafizə orqanları ilə həyata keçirilmiş birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində 2015-ci ilin birinci yarısında qeydə alınmış 97 qəsdən adam öldürmə cinayətlərindən 96 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş, əksəriyyəti xüsusilə ağır cinayət olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnən 41 hadisənin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 98,9% (2014-cü ilin müvafiq dövründə 88,4%) təşkil edib.
Əməliyyat müşavirəsində, həmçinin hesabat dövründə qeyri-aşkar şəraitdə törədilmiş bir sıra xüsusilə ağır cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi və cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayət hadisələri üzrə, o cümlədən Azərbaycan Respublikasının bir sıra qeyri-hökumət təşkilatlarının, həmçinin xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işlərinin istintaqının yüksək peşəkarlıqla davam etdirildiyi xüsusi vurğulanıb.
Müşavirədə qeyd olunub ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə prinsipiallığın yüksəldilməsi təmin olunub.
2015-ci ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 21 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 1 nəfər prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib, 4 nəfər tutduqları vəzifələrdən azad olunub. Tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

Vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkilinin prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğu xüsusi vurğulanmaqla, müraciətlər üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də mövcud olduğu nəzərə alınmaqla, bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, bu sahədə bütün neqativ halların təxirə salınmadan aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunub.