“Yaqlandın açıqlamasından görünür ki...” Siyasət

“Yaqlandın açıqlamasından görünür ki...”

Əli Həsənov: "O, baş vermiş hadisənin mahiyyəti, Azərbaycan hakimiyyətinin bu hadisəyə münasibəti, görülmüş işlər və hətta söhbətin kimdən getdiyi barədə bir o qədər də geniş məlumata malik deyil"

Hikmət Hacıyev: "Bəzi dairələr tərəfindən Azərbaycanda baş verən hər bir cinayət işinin məqsədyönlü şəkildə siyasiləşdirilməsi artıq adət halını alıb"


Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqland azərbaycanlı jurnalist Rasim Əliyevə hücumu pisləyən bəyanatla çıxış edib.
Baş katib R. Əliyevin ölümündən sarsıldığını bildirib.
O, Azərbaycan hakimiyyətini bu hadisəni hərtərəfli və sürətlə araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Yaqland vətəndaş cəmiyyəti və hakimiyyət arasında daxili dialoqun aparılmasının vacibliyini də qeyd edib.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın qətlə yetirilən jurnalist Rasim Əliyevin vəfatı ilə bağlı açıqlamasına münasibət bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev jurnalistin ölümündən ciddi narahatlığını ifadə edib və bunu ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirib:"Dövlət başçısı aidiyyəti orqanlara cinayət faktının hərtərəfli araşdırlması, günahkarların tapılması və məsuliyyətə cəlb edilməsi ilə bağlı tapşırıqlar verib və məsələni şəxsi nəzarətinə götürüb. Cənab Prezident bəyan edib ki, bundan sonra da söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması məsələlərini nəzarətdə saxlayacaq".
Əli Həsənovun sözlərində görə, respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi jurnalistin ölümünün səbəbinin araşdırılması və günahkarların qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi ilə bağlı operativ tədbirlər həyata keçirib, məsələ barədə ictimaiyyətə dolğun məlumat verilib:
"Lakin cənab Yaqlandın açıqlamasından görünür ki, o, baş vermiş hadisənin mahiyyəti, Azərbaycan hakimiyyətinin bu hadisəyə münasibəti, görülmüş işlər və hətta söhbətin kimdən getdiyi barədə bir o qədər də geniş məlumata malik deyil. Düşünürəm ki, Azərbaycan hakimiyyətinin məsələ ilə bağlı gördüyü işlərlə tanış olduqdan sonra T.Yaqlandın bu tipli açıqlamalarına ehtiyac qalmayacaq.
O ki qaldı jurnalistlərə qarşı zorakılıq, onların ölümü ilə bağlı məsələlərə, qeyd etməliyəm və təcrübə də göstərir ki, dünyanın heç bir ölkəsi bu tipli cinayətlərdən sığortalanmayıb. Əsas odur ki, hakimiyyət hadisəni düzgün qiymətləndirsin, məsələ obyektiv araşdırılsın, təqsirkarlar barədə qanuna uyğun şəkildə ölçü götürülsün, habelə bu kimi halların gələcəkdə təkrarlanmaması üçün ciddi iradə nümayiş etdirilsin və zəruri tədbirlər görülsün. Azərbaycan hakimiyyəti bütün bunları etmişdir, ictimaiyyət də həyata keçirilən tədbirləri anlaşıqlı qarşılayır və dəstəkləyir.
Ümumiyyətlə, Azərbaycanda hakimiyyətlə vətəndaş cəmiyyəti institutları – qeyri-hökumət təşkilatları, siyasi partiyalar, kütləvi informasiya vasitələri, dini və milli azlıqları təmsil edən qurumlar arasında çox yaxşı dialoq mövcuddur. Hakimiyyət və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri arasında müntəzəm qaydada görüşlər keçirilməsi, cəmiyyəti narahat edən məsələlərin müzakirə olunması və problemlərin həlli üçün birgə səy göstərilməsi bunu açıq şəkildə təsdiq edir.
Azərbaycan hakimiyyəti bu günə kimi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş və bundan sonra da bu istiqamətdə öz səylərini davam etdirmək əzmindədir".
"Avropa Şurasının Baş Katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar açıqlaması cinayət işinin mahiyyətinə uyğun olmayaraq, onun siyasiləşdirilməsinə xidmət edir",- deyən XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, mərhum Rasim Əliyevin daşıdığı jurnalist fəaliyyəti də açıqlamada düzgün göstərilməyib: "Təəssüflər olsun ki, bəzi dairələr tərəfindən Azərbaycanda baş verən hər bir cinayət işinin məqsədyönlü şəkildə siyasiləşdirilməsi artıq adət halını alıb.
Jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar cinayət işinin araşdırılması üçün hüquq-mühafizə orqanları tərəfindən zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Cinayət işi üzrə təqsirkar bilinən şəxslər məhkəmənin qərarı ilə qanun qarşısında ən layiqli cəzalarını alacaqlar.
Vətəndaşların hüquq və mənafelərinin qorunması, qanunun aliliyi, fundamental hüquq və azadlıqların, o cümlədən KİV-in azadlığının tam şəkildə təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifəsidir.
Azərbaycanda dövlət qurumları və vətəndaş cəmiyyəti arasında sıx dialoq mövcuddur və bu özünü insan hüquqları daxil olmaqla, bütün mühüm məsələlərin müzakirəsində aydın şəkildə göstərir. AŞ-nın nümayəndələri də bu cür dialoqu səciyyələndirən görüşlərdə iştirak etdiyi halda, AŞ Baş katibinin bundan xəbərsiz olması təəccüb doğurur.
AŞ və bütün digər dairələri Rasim Əliyevin ölümü ilə nəticələnən bu faciəni və onunla əlaqədar açılmış cinayət işinin siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırırıq".

Əli