“Mişelin sözlərindən bu nəticəyə gəlmək olar ki sülh müqaviləsinin imzalanacağı tarix uzaq deyil” Siyasət

“Mişelin sözlərindən bu nəticəyə gəlmək olar ki sülh müqaviləsinin imzalanacağı tarix uzaq deyil”

“Ötən gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüş keçirib. 5 saatdan artıq davam edən görüşü bundan öncəki təmaslarda əldə edilmiş razılaşmaların təkmilləşdirilməsi və icrasının sürətləndirilməsi kimi qiymətləndirmək olar”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. Ekspert bildirib ki, Şarl Mişelin açıqlamasından da aydın olur ki, görüşdə yalnız sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası və sülh danışıqları deyil, həmçinin humanitar məsələlərə, o cümlədən minaların təmizlənməsi, itkin düşmüş insanların taleyi də müzakirə edilib: “Budəfəki görüşdə də nə “Dağlıq Qarabağ” ifadəsi işlədildi, nə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə istinad edildi, nə də mübahisəli məsələlər münaqişə kimi xarakterizə edildi.
Şarl Mişelin görüşdən sonra tərəflər arasında nail olunan məsələlərə aydınlıq gətirərkən vurğuladığı bir neçə detal isə xüsusi diqqət çəkir:
Birincisi, Şarl Mişel qeyd edib ki, yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. Burada sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər həll ediləcək.
İndiki məqamda istər Şarl Mişelin təşəbbüsünə, istərsə də Brüssel formatının uğurlu olacağına rəsmi Bakının inamı böyükdür. Bununla belə, Brüsselin öncəki görüşlərdə əldə edilən razılaşmaların icrasını İrəvandan tələb etməsi zəruridir. Məsələn, aprelin 6-da keçirilən Brüssel görüşündə sərhədin delimitasiya ilə bağlı birgə komissiyanın yaradılmasına dair konkret razılıq əldə olunsa da, Ermənistan tərəfi razılaşmanın icrasını yubadır. Ermənistan tərəfi faktiki olaraq bu yöndə heç bir addım atmır və bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışır.
May ayında İrəvan iki dəfə sərhəddəki görüşdən imtina etmişdi. Aprel danışıqlarından sonra da biz müntəzəm olaraq Kəlbəcər istiqamətində təxribatların intensivləşməsinin şahidi olduq. Şarl Mişel “dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək” açıqlaması isə həm də rəsmi İrəvanın bütün bəhanələrinə baxmayaraq razılaşmalardan yayına bilməyəcəyi mesajını verir. Rəsmi Bakı isə səbirli və soyuqqanlı davranaraq Brüssel formatına etibar etdiyini göstərir.
İkincisi, Şarl Mişel qeyd edib ki, liderlər nəqliyyat əlaqələrini blokdan çıxarmağa başlamağın zəruriliyi ilə bağlı razılığa gəliblər.