ABŞ Dövlət Departamentinin hesabatı erməniləri müdafiə edənlərə dərs oldumu? Siyasət

ABŞ Dövlət Departamentinin hesabatı erməniləri müdafiə edənlərə dərs oldumu?

Vətən müharibəsi təzə bitmişdi və artıq bəzi Qərb dairələri Qarabağdakı xristian abidələrinin taleyindən narahatlıq ifadə edən bəyanatlar səsləndirməyə başlamışdı. Maraqlısı o idi ki, bu bəyanatları verənlər dini mərkəzlər, yaxud da dini liderlər deyil, məhz siyasətçilər idi. Deməli, bu, daha çox Dağlıq Qarabağ münaqişəsini dinlərarası və sivilizasiyalarası toqquşma kimi qələmə vermək cəhdindən başqa bir şey deyildi. Narahat olanların cərgəsinə göz gəzdirəndə aydın olurdu ki, onlar erməni amilindən istifadə edib bu regionda öz maraqlarını təmin etməyə çalışırdı, onların mövqeyi ikili standarta və qərəzli yanaşmaya əsaslanırdı.

Fikrimizi ABŞ Dövlət Departamentinin 2021-ci ildə dünyada dini etiqad azadlığının vəziyyətini əks etdirən illik hesabatı da təsdiqləyir. Həmin hesabatda yer alan faktlar bəzi Qərb dairələrinin müharibədən sonra səsləndirdiyi bəyanatları alt-üst etməklə yanaşı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında həyata keçirdiyi müharibə cinayətlərinin və çoxsaylı vandalizm aktlarının təsviri və ifşası baxımından olduqca mühüm beynəlxalq sənəddir. Dövlət Departamentinin hesabatında Ermənistanın işğal etdiyi ərazilərə vurduğu zərər, xüsusilə də Ağdam, Füzuli və digər yerlərin tamamilə dağıdılıb talan edilməsi, habelə son 30 ildə mədəni irsin istismarına dair tutarlı sübutlar gətirməsi onu deməyə əsas verir ki, artıq Azərbaycan tərəfinin işğaldan azad edilən torpaqlarda ermənilərin törətdiyi vandalizm aktlarının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fəaliyyəti öz bəhrəsini verib. Hesabatın beynəlxalq təşkilatların qərar və qətnamələrinə, çoxsaylı şahid ifadələrinə, diplomatların işğaldan azad olunmuş ərazilərdəki təəssüratlarına, jurnalistlərin təqdim etdiyi etibarlı fakt və dəlillərə istinad etməsi onun əhəmiyyətini daha da artırır, Ermənistan qarşısında məsuliyyət öhdəliyi qoyur.

Hesabatdan məlum olur ki, Ermənistan rəhbərliyi tarixi abidələrimizə qarşı soyqırımı törədib. Bu isə Ermənistanın bir dövlət kimi işğalçı və dağıdıcı mahiyyətini göstərir, onun Azərbaycana qarşı yürütdüyü siyasətdə faşist təzahürlərinə istinad etməsini sübut edir. Hesabatdan aydın olur ki, Ermənistan uzun illər nəzarət etdiyi Azərbaycan torpaqlarında yüzlərlə abidəni, məscid və ziyarətgahları talan edib və dağıdıb. İşğaldan azad edilmiş ərazilərdə tarixi abidə kimi qorunan 67 məsciddən yalnız biri - Yuxarı Gövhərağa məscidini saxlasalar da onu özgələşdirməyə çalışıblar. Eyni zamanda, 128-si alban məbədi olmaqla 139 məbəd və 192 ziyarətgah tamamilə məhv edilib. Dövlət Departamentinin hesabatında bununla bağlı qeyd olunub ki, ermənilər azad olunmuş ərazilərdə geniş minalama işləri aparıb, bu isə dini obyektlərə girişi qeyri-mümkün edib. Çoxsaylı faktlar arasında Füzulidəki XIX əsrə aid Hacı Ələkbər məscidinin dağıdılması, Ağdamdakı Cümə məscidinin üzərində erməni dilində qraffitlərin yazılması, mehrabın güllələnməsi əks olunub. Halbuki müharibədən öncə Ağdam məscidində olan Minsk qrupunun həmsədr ölkələrinin səfirləri vəziyyəti öz gözləri ilə görmüşdülər. Amma bu, bəzi Qərb liderlərində narahatlıq yaratmamışdı.

Bəlkə də ermənilər işğal etdikləri torpaqlarımızda Azərbaycan xalqının bütün dini və mədəni irsini dağıdanda, məscidlərimizi məqsədli şəkildə donuz tövləsinə çevirəndə Qərb dünyası bunu islam müqəddəslərini təhqir edən “Şarl Hebdo”nun timsalında söz və ifadə azadlığının nümunəsi kimi qiymətləndirirmiş? Hər halda ermənilərin törətdiyi faktdır və bu faktın təməlində dayanan niyyət bəşəriyyətin heç vaxt təqdir etmədiyi vandalizm aktına əsaslanır. Bunu ABŞ Dövlət Departamentinin illik hesabatı aydın faktlarla əks etdirir. Orada qeyd olunub ki, qəbirlər təhqir edilib, bəzi hallarda qəbirləri qarət etmək üçün ağır texnikadan istifadə edilərək çuxurlar qazılıb, ekshumasiya prosesində qızıl dişlər çıxarılıb, insan qalıqları ərazilərə səpələnib. Ağdam rayonundakı qəbiristanlıqlar, o cümlədən şəhərin Şəhidlər xiyabanı və İmarət Qərvənd qəbiristanlığının XVIII əsrə aid müqəddəs və tarixi məqbərələri təhqir edilib, talan edilib və ya dağıdılıb. Şəhidlər xiyabanını ziyarət edən Qərb diplomatları bir vaxtlar cəsədlərin basdırıldığı çuxurları gördüklərini bildiriblər.

Ancaq ermənilərdən fərqli olaraq Azərbaycan xalqı digər dinlərin nümayəndələrinin mənəvi irsinə hər zaman hörmətlə yanaşıb. Yəqin ona görədi ki, bizdə heç vaxt dini-milli zəmində qarşıdırma olmayıb. Ölkəmizdə bütün millətlər dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayıb və bu proses Azərbaycanda uğurlu inkişafın və sabitliyin qarantı kimi çıxış edib. Xüsusilə son illərin mənzərəsinə baxanda görərik ki, Azərbaycan dünyada və regionda tolerantlıqla, multikulturalizmlə, dinlərarası dialoqla bağlı prosesdə artıq aktiv iştirakçıdan, faktiki təşkilatçı funksiyasına keçib. Çünki Azərbaycan bu məsələyə təkcə mənəviyyat məsələsi kimi baxmır.

Dini dözümlülük və tolerantlıq bizdə dövlət siyasətidir, yəni xalqın mənəvi dünyasının bütövlüyünün qorunması dövlətin əsas prioritetləri sırasına daxildir. Azərbaycanda dinlərarası münasibətlər multikulturalizmin daxili siyasətinə uyğundur. Ona görə də bütün dünya etiraf edir ki, Azərbaycan müxtəlif dini etiqad və etnik mənsubiyyətə malik insanların harmoniya və sülh şəraitində bir ailə kimi yaşadığı çoxmillətli və çoxkonfessiyalı dövlətdir. ABŞ Dövlət Departamentinin illik hesabatında da bir daha Azərbaycanın parlaq multikulturalizm və tolerantlıq ənənələrinə ehtiram ifadə edilib və bu sahədə görülən işlərə yüksək qiymət verilib. Sənəddə multikulturalizmin və multikonfessional icmaların ölkəmizdə mövcud olması təsdiq edilib, Azərbaycanda müxtəlif dinlərə aid məbədlərin, dini ibadətgahların fəaliyyət göstərdiyi vurğulanıb.

Təsadüfi deyil ki, son 20 ildə Bakıdakı Rus Pravoslav Baş Kafedral kilsəsi, "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsi, həmçinin erməni kilsəsi dövlət tərəfindən təmir edilib. Bakı və Azərbaycan Yeparxiyası üçün Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa olunub. Qəbələdəki Çotari Alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmiri, həmçinin Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılıb. Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsini də Heydər Əliyev Fondu bərpa edib. Azərbaycan beynəlxalq miqyasda da xristian irsinin qorunmasına mühüm töhfələr verib. Vatikanda yerləşən Müqəddəs Mercellino və Pietro katakombaları Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış saziş çərçivəsində bərpa olunub və bu, xristian dünyasında ilk hadisə idi ki, müsəlman ölkəsi xristian abidələrinin qorunması ilə bağlı Vatikanın müraciətinə müsbət cavab vermişdi.

Azərbaycan Parisdəki Luvr muzeyinin islam mədəniyyəti bölməsinin yenidən qurulmasına, Strasburq kilsəsinin bərpasına, Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmirinə maliyyə vəsaiti ayırmışdı. Ümumiyyətlə, bu cür numunələr olduqca çoxdur və bütün bunlar ölkəmizin və xalqımızın tolerant ruhunu əks etdirir. Bunu dünyanın nüfuzli din xadimləri də təsdiqləyir. Məsələn, Əsas Amerika Yəhudi Təşkilatlarının prezidentləri konfransının icraçı sədr müavini Malkolm Honlayn Dünya Dini Liderlərinin Bakıda keçirilən ikinci sammitində demişdi ki, “biz dünya dini liderləri səviyyəsində buraya toplaşmışıq ki, qarşılıqlı anlaşmanı, tolerantlığı təbliğ edək və Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş nümunəni izləyək. Mən bizi bu yolla bir araya gətirə biləcək çox lider tanımıram”. Qüds-Yerusəlimin ortodoks baş ravini Şlomo Amar isə bildirmişdi ki, “Siz, xalqlar arasında da dostluq münasibətlərinin, sülhsevərlik mədəniyyətinin daha da inkişafına töhfə verirsiniz. Siz, əslində, öz səsinizlə bizim bu birliyimizi gücləndirirsiniz”. Moskvanın və bütün Rusiyanın patriarxı Kirill, Roma Papası Fransisk də Bakıda olarkən eyni məzmunlu bəyanatlar vermişdilər və bu deyilənlər digər vacib məsələyə aydınlıq gətirilməsini zəruri edir. Bakıda nüfuzlu beynəlxalq tədbirlər, dünya dini liderlərinin sammitləri keçiriləndə bəzi insanlar fikirləşirdi ki, bunlara ehtiyac varmı? Zaman göstərdi ki, bunlara ehtiyac var, bunlar əslində, bu gün bizim istifadə etdiyimiz sərmayələrdir. Biz Azərbaycanın tolerantlığa, multikulturalizmə, dialoqa dəstəyini bu şəkildə nümayiş etdirməsəydik bu gün qərəzli münasibət göstərən siyasətçilərin yanında həm də qərəzli din xadimlərini görə bilərdik.

Belə olan təqdirdə bəzi Qərb dairələrinin Azəbaycan xalqının milli sərvəti olan alban abidələrini erməni abidələri kimi qələmə verib narahatlıq ifadə etmələri elə o vaxt da, indi də çox mənasız və yersiz görünür. Çünki dünyada ilk xristian kilsələrindən olan Alban kilsəsi hələ də öz tarixi və milli mənsubiyyəti baxımından Azərbaycan xalqına məxsusdur. Alban kilsələrini qriqoyanlaşdırmağa çalışan bu xalqın mədəni savadını indiyə qədər alimlərin apardığı samballı tədqiqatlar alt-üst edir və həmin tədqiqatlar sübut edir ki, alban kilsəsi və onun mənsub olduğu irs Azərbaycan xalqının mədəni-mənəvi mirasıdır. Amma 44 günlük müharibə dövründə Ermənistan dəfələrlə xristian təəssübkeşliyindən istifadə edib dəstək qazanmağa, din amilindən yararlanıb. Azərbaycanın haqq işinə kölgə salmağa çalışdı və bu işdə erməni din xadimləri də fəal iştirak edirdi. Onlar dayanmadan müxtəlif dini mərkəzlərə və onların rəhbərlərinə böhtan xarakterli məktublar ünvanlayırdılar. Ancaq o müraciətlərin heç birinə ciddi reaksiya verilmədi. Çünki müraciətlərin ünvanlandığı dini liderlər və mərkəzlər Azərbaycan hökumətinin, xalqının və prezidentinin dinlərə, dini abidələrə münasibətini yaxşı bilirlər. Bunlar o şəxslərdir ki, dəfələrlə Azərbaycanda səfərdə olub, buradakı tolerantlığı öz gözləri ilə görüblər.

Azərbaycan xalqı tarixin ən çətin dönəmlərində vəhdət yaratmağı, birləşməyi bacarıb. Xalqımız multikulturalizmin sınağa çəkildiyi dövrlərdə belə ləyaqətli davranıb, bütün fitnələrə qarşı özündə daxili müqavimət formalaşdırıb. Ona görə də Azərbaycanda dinlər və məzhəblər arasında tarix boyu heç vaxt qarşıdurma olmayıb. Ona görə olmayıb ki, biz hər zaman ölkəmizdə yaşayan xalqların nümayəndələrini qardaş kimi öz bağrımıza basmışıq, biz tolerantlığı həyat tərzinə çevirmişik. Biz öz mənəvi dəyərlərimizə sadiq olmuşuq. Bu sadiqlik təkcə müsəlman olmağımızla bağlı məsələ deyil. Bu, həm də bizə gözümüzü açandan aşılanan tərbiyədi, bu mənəvi bütövlük məsələsidir.