Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının yeni tarixi mərhələsinin əsasını qoydu - Sevil Mikayılova Siyasət

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının yeni tarixi mərhələsinin əsasını qoydu - Sevil Mikayılova

Azərbaycan-Türkiyə qardaşlığı bütün dünyaya örnək ola biləcək münasibətlərdir. Ötən il imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında əlaqələrin yeni mərhələsinin əsasını qoydu və Azərbaycanla Türkiyə arasında münasibətlər müttəfiqlik səviyyəsinə çatmış oldu.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əməkdaşlığının yüksək səviyyəsini əks etdirməklə yanaşı, bundan sonra izləniləcək yol xəritəsini ortaya qoyan mühüm sənədlərdən biri kimi də artıq tarixə düşüb.

"Azərbaycanla Türkiyə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə çatması bir çox müddəalarda öz əksini tapıb. Hər iki ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi, xarici təhdid, hücum və təcavüzə qarşı bir-birini müdafiə, birgə hərbi sənaye məhsullarının istehsalı görüləcək işlər sırasındadır. Həmçinin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə birgə iclaslarının keçirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, Qarabağ quruculuğunda birgə fəaliyyət, informasiya müharibəsində birgə addımlar, diasporların birgə iş, parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsini də qeyd edə bilərik", - deyə millət vəkili əlavə edib.

Şuşa Bəyannaməsinin beynəlxalq hüququn bütün norma və prinsiplərinə tam uyğun olduğunu qeyd edən S.Mikayılova onu da əlavə edib ki, Bakı və Ankara iki qardaş dövlətin münasibətlərini emosional yaxınlıq üzərində deyil, beynəlxalq hüquq çərçivəsində və siyasi dialoq mühitində qurublar:

"Beynəlxalq hüquqa uyğun olaraq iki qardaş ölkənin dövlətlərarası münasibətləri suverenlik, bərabərhüquqluluq, digərlərinin daxili işlərinə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənmiş şərtlər daxilində tənzimlənir. Ona görə də Şuşa Bəyannaməsinin hərbi-siyasi əməkdaşlığı üçüncü dövlətlərə qarşı yönəlmir".

Milli Məclisin deputatı onu da əlavə edib ki, Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur:

"Bəyannamədə nəzərdə tutulan regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu durmadan artırır. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Eyni zamanda, Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir və edəcək", - deyə S.Mikaylova fikrini tamamlayıb.