Dövlətin hədəflərini reallaşdıran siyasi nüfuzu formaladıran amillər Siyasət

Dövlətin hədəflərini reallaşdıran siyasi nüfuzu formaladıran amillər

Vüqar Dadaşov: “Düşmən obrazı dövləti həmişə stimul edir, xalqı birləşdirir”

Hər bir dövlətin siyasi nüfuzunu fomalaşdıran şərtlərdən əsası xarici siyasi rəqib və müttəfiqlərin düzgün seçilməsidir. Dövlətinlərin xariclə qurduğu münasibət və iqtisadi əlaqələrin mənzərəsi həmin dövlətlərin ümumi siyasi sistemini açıq göstərir. Qapalı rejimli dövlətlərin qurduğu siyasi, iqtisadi diplomatik və hətta mədəni əlaqələr mahiyyət etibarı ilə eyni düşüncə, təbliğat, şəxsiyyətə pərəstiş anlayışına əsaslanır.

Bu fikirləri “Xalq Cəbhəsi”nə politoloq Veqar Dadaşov söyləyib.

O, qeyd edib ki, Çin, Belorus, Rusiya, Şimali Koreya və sair bu kimi dövlətlərin daxili və xarici siyasi kursu eyni istiqamət üzrədir. Adi həyatda olduğu kimi, zəif bir insanın özünü təsdiq etmiş insana qarşı hücumu, hikkəsi müəyyən mənada nüfuz, hörmət əldə etməyə hesablandığı kimi də, dövlətlərdə və siyasətdə belə bir praktika var: “Məsələn İranın ABŞ-a, İsrailə qarşı qıcıqlandırıcı davranışı əslində bu dövlətin regionda və beynəlxalq arenada nüfuz əldə etməklə öz siyasətini həyata keçirməkdir. Müttəfiq və rəqib seçimində Israil ən optimal seçim edib. ABŞ-la müttəfiq, İran başda olmaqla əksər müsəlman ölkələrinə rəqib cəbhəsində olan İsrail bu qarşıdurmadan ən çox faydalanan tərəfdir. İsrailin nüfuz dairəsi o həddə çatıb ki, demək olar ki, bütün strateji hədəfinə çatıb və hətta bir sıra anti İsrail mövqeyində olan müsəlman dövlətləri axırda onunla yaxınlaşmağa məcbur olub və diplomatik əlaqələr qurub. ABŞ-la İran arasında münasibətlərin normallaşmasına İsrail məhz bu səbəbdən imkan vermir. Haqq üçün qeyd etmək lazımdır ki, məhz İran İsraili rəqib seçib və yəhudilər də bu vəziyyəti öz maraqlarına xidmətə çevirə biliblər”.

V.Dadaşovun fikrincə, keçmiş SSRİ respublikaları faktiki müttəfiq və rəqib məsələsini həll edə bilmədiyindən öz təhlükəsizliyinə qarantiya əldə edə bilməyib. Baxmayaraq ki, bəzi postsovet respublikaları belə cəhdlər edib, ancaq prosesi başa çatdıra bilmədiyindən də ağır nəticələri yaşayır: “Əslində Gürcüstanın, Ukraynanın Rusiya tərəfindən işğalının səbəbləri məhz onların yeni müttəfiq və rəqib seçminə qərar vermələri idi. Qazaxıstanda da faktiki Nazarbayev hakimiyyətinin devrilməsinin səbəbi onun yeni müttəfiq və rəqib seçmə fikrinə düşməsi idi. Bu mənada Ermənistan da iki yol ayrıcındadır. Yeni müttəfiq və rəqib seçiminə qərar verilsə də Ermənistan bu addımını ata bilmir. Nikol Paşinyanın hakimiyyətinin gəlişi və məqsədi yeni cəbhənin seçilməsinin reallaşdırılmasına hesablanmışdı. Postsovet respublikaları arasında müttəfiq və rəqib seçimində ən uğurlu addımı Azərbaycan atmaqla Türkiyə ilə müttəfiqliyinin birinci mərhələsini keçə bilib. Ermənistanla məsələlər həll edildikdən sonra yeni məqsədlər üçün yeni rəqib seçimi mütləqdir”.

Politoloqun sözlərinə görə, ümumiyyətlə, düşmən obrazı dövləti həmişə stimul edir, xalqı birləşdirir. Rəqib həm də dövlətin, xalqın inkişafı üçün olduqca vacib faktordur və güclü dövlətlərin hökmən düşmən hədəfi olur. Müttəfiq seçimi isə dövlətlər üçün ən vacib mərhələdir hansı ki, güclü və nüfuzlu müttəfiq seçimi həmin dövlətin təhlükəsizliyinə müəyyən qarantiya verməklə, həm də beynəlxalq nüfuz qazandırır, strateji hədəfləri reallaşdırmağa imkan verir. Türkiyə üçün Böyük Britaniya, Pakistan, Azərbaycan kimi müttəfiqləri onu beynəlxalq oyunçuya çevirməklə, həm də böyük nüfuz sahibi etmişdir. Sözsüz ki, düşmənin və rəqibin düzgün seçilməsi beynəlxalq nüfuz məsələsinin tam həlli demək deyil. Beynəlxalq siyasi prosesdə aktiv iştirak etməklə yanaşı, daxildə də həmin statusa uyğun siyasi, hərbi sənaye və iqtisadi gedişlər olunmalıdı. Düzgün düşmən-rəqib və müttəfiq seçimi ilə bunlar paralel, simbioz şəkildə aparılmalıdır.

Cavid