Azərbaycanlılar - Bütün mənəvi dəyərlərinə hakim çıxan xalq! Siyasət

Azərbaycanlılar - Bütün mənəvi dəyərlərinə hakim çıxan xalq!

Artıq heç kim Azərbaycan xalqının Vətən sevgisinə toz qondura bilməz!

“Valideynlərimiz, övladlarımız, qohumlarımız bizə əzizdir; lakin məhəbbət haqqında bütün təsəvvürlərimiz bir sözdə – “Vətən” sözündə birləşmişdir”.

Qədim Roma filosofu Siseronun bu ifadələri ilk baxışdan adi, bəzən də bəlağətli söz birləşmələri kimi görünə bilər. Lakin böyüdükcə, öyrəndikcə, müdrikləşdikcə və ən nəhayət, gördükcə “Vətən” sözünün, eləcə də ondan doğan vətənpərvərlik məfhumunun necə müqəddəs və dərin bir anlayış olduğunu dərk edirsən. Bu dərkediş bir çox toplumlarda və cəmiyyətlərdə yoxdur, varsa da pərakəndə şəkildədir. Lakin böyük xoşbəxtlikdir ki, azərbaycanlılar vətənpərvərlik məfhumunu bütov bir xalq olaraq həm dərk edir, həm də o hislərlə yaşamlarını davam etdirirlər. Görünür, Azərbaycan dövlətinin müxtəlif dönəmlərdə tarixin ən sərt və ən tərs üzləri ilə qarşı-qarşıya qalması və bütün sınaqlardan üzüağ çıxması da xalqımızda belə bir mənəvi dəyərin formalaşmasında, kök atmasında xüsusi rol oynayıb.

Əsrlər öncə, Cavanşirlər, Babəklər, Xətailər və onlarla digərləri ilə “Vətən” deyib yola çıxan bir xalq olaraq son kükrəyişimiz 21-ci əsrin 20-ci ilində - 44 günlük Vətən müharibəsində oldu. Bu kükrəyiş elə bir tufan, elə bir boran qopardı ki, artıq min illər də keçsə, heç kim Azərbaycan xalqının Vətən sevgisinə, Vətən yanğısına toz qondura bilməz...

Ulu Öndər Heydər Əliyev “Vətənpərvərlik nədir? sualına belə cavab vermişdi: “Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir”.

Təsadüfi deyil ki, bu gün qarşımızda başda vətənpərvərlik olmaqla, bütün mənəvi dəyərlərinə hakim çıxan yetkin bir Azərbaycan xalqı var. Hazırda xalqımız çoxəsrlik tarixinin ən şərəfli mərhələsini yaşayır. Dünya azərbaycanlıları təsəvvüredilməz qürur və sevinc içərisindədir. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən Ermənistan silahlı birləşmələrinə qarşı başlatdığı əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında qalan Qarabağı azad etməklə müasir tariximizə şanlı səhifə yazdı.
Təbii ki, bütün bunlar bütöv bir xalqın Ali Baş Komandan ətrafında bir yumruq kimi səfərbər olması ilə mümkün oldu. O an balacadan böyüyə - hər kəsi yalnız bir şey düşündürürdü – VƏTƏN!

Beləliklə, bu gün ölkəmizin sosial-iqtisadi cəhətdən dinamik inkişafı, regionda aparıcı dövlətə çevrilməsi, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəlməsi, 30 ilə yaxın müddətdə işğal altında qalan doğma Qarabağın işğaldan azad olunması hər bir vətəndaşımız, yetişməkdə olan hər bir gəncimiz üçün böyük vətənpərvərlik nümunəsi, hətta vətənpərvərlik məktəbi oldu. Eləcə də Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş rayonlara davamlı səfərləri, dövlət başçısının möhtəşəm Xudafərin körpüsü üzərində, Qarabağ şəhərlərində müqəddəs üçrəngli Azərbaycan bayrağı önündə diz çökərək onu öpüb yüksəkliyə qaldırması, eyni zamanda, Ağdam şəhərində Cümə məscidində ayaqqabılarını çıxararaq Allah evinə daxil olmaları, Prezidentin Kəbədən gətirdiyi “Qurani-Kərim”in məscidə bağışlanması hər bir azərbaycanlının iftixar etdiyi əsl vətəndaşlıq, əsl vətənpərvərlik örnəyidir.

Bir sözlə, bu tarixi Zəfər Azərbaycan xalqının, xüsusən, Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, millətimizin Vətən, dövlət, dövlətçilik, milli bayraq sevgisini, dövlət başçısı və xalq birliyini parlaq şəkildə nümayiş etdirdi.
Bütün bunlarla yanaşı, nə yazıq ki, bugünkü Azərbaycanı, onun qüdrətlənməsini istəməyən, gözü götürməyən qüvvələr də var. Bu nankorlarda mənəviyyat anlayışı olmadığına görə, hər zaman milli-mənəvi dəyərlərə çamur atmaqla öz istəklərinə nail olmağa çalışırlar. Azərbaycan da zaman-zaman belə naqis durumlarla qarşılaşır.
Məsələni bir qədər açmaq üçün, gəlin, yenə də qədim Roma filosofu Siserona müraciət edək - “Millətləri yoxsulluq deyil, əxlaqsızlıq məhv edər”. Bu məşhur ifadəsi zamanla Siseronu haqlı çıxardı. Belə ki, əsrlər sonra qüdrətli Roma imperiyası məhz əxlaqsızlığa qurban gedərək çökdü...

Uzun illərdir türk-islam əxlaqının, mədəniyyətinin daşıyıcısı olan Azərbaycanda möhkəmlənmək istəyən xarici güclərin də əsas hədəfi məhz cəmiyyətimizin onurğa sütunları - əxlaqımız, çoxəsrlik adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimizdir. Əllərindən gələn hər şeyi edirlər ki, bizi bir xalq olaraq kökümüzdən, özümüzdən qoparsınlar və özlərinə bənzətsinlər. Bunun üçün hər il rəsmi və qeyri-rəsmi şəkildə milyonlarla vəsait xərcləyir, namus, qeyrət və ləyaqət hissindən məhrum adamlarını da taparaq bu cür “layihələrə” cəlb edirlər. Nəticədə bu gün Azərbaycan cəmiyyətini sosial şəbəkələr üzərindən həm xaricdən, həm də daxildən informasiya basqısı altında saxlayan, xüsusən də alışmadığımız, həmişə ən alçaq əməl kimi baxdığımız söyüş və təhqirlərlə insanlarımızı yönləndirməyə, düşüncələrini idarə etməyə çalışan böyük bir kiberordu, yəni təşkilatlanmış mütəşşəkil cinayətkar dəstələr formalaşdırılıb.

Odur ki, bir xalq olaraq bu kimi propoqandalara qapalı olmalı və uymamalıyıq. Təbii ki, bu cür hallara qarşı dövlət orqanları tərəfindən də lazımi tədbirlər görülür. Aidiyyəti qurumlarla yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər bir təxribata qarşı maarifləndirmə və məlumatlandırma missiyasını davamlı surətdə həyata keçirir. Komitənin bu günlərdə yaydığı daha bir bəyanatda diqqət edək: “Azərbaycan beynəlxalq aləmdə ictimai-siyasi sabitlik şəraitində dini tolerantlığın və multikultural dəyərlərin inkişaf etdiyi, bütün dini konfessiyalara bərabər münasibətin göstərildiyi, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğu, dini-mədəni müxtəlifliyin qorunduğu dövlət kimi tanınır. Dünyanın nüfuzlu dövlət xadimləri, dini liderləri, elm və mədəniyyət nümayəndələri Azərbaycanın dövlət-din modelinin bir çox ölkələr üçün örnək olduğunu bildirirlər. Buna görə də qlobal səviyyədə dini həmrəyliyə, dinlərarası və mədəniyyətlərarası dialoq mövzusuna həsr olunmuş beynəlxalq tədbirlərin müxtəlif vaxtlarda Azərbaycanda keçirilməsi heç də təsadüfi deyildir. Bütün bunlar Azərbaycanda dini münasibətlərin konstitusion normalara əsaslandığını, vicdan və dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğunu bir daha əyani şəkildə göstərir.

Amma görünən odur ki, yuxarıda göstərilənlərə rəğmən, Azərbaycanın uğurlarından və mövqelərinin daha da güclənməsindən narahat olan bəzi dairələr vətəndaşların dini inancından sui-istifadə etməklə məkrli, destruktiv əməllərə rəvac verirlər. Aydındır ki, bu tipli çirkin “əməllər” multikultural və tolerant dəyərlərə söykənən Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq rədd edilir. Demokratiya, qanunun aliliyi, unitarlıq və dünyəvilik prinsiplərinə söykənən Azərbaycan Konstitusiyasının əsaslarına zidd olaraq siyasi idarəçiliyi və həyat tərzini “şəriət qaydaları” adı altında təbliğ edən, özündə bir neçə nəfəri birləşdirən “təşkilat” və yaxud dərnək səviyyəli qruplar əslində dini pərdə altında gizlənmiş, insanların inanc və dini hissələrini istismar edən pozucu elementlərdən başqa bir şey deyildir. Əminliklə demək olar ki, bu cür elementlərin fitnəkar əməllərini xalqımız böyük ikrah hissi ilə qarşılayır və buna görə də onların çirkin niyyətləri beşiyindəcə iflasa məhkumdur”.

Həqiqətən də bir qədər dərinə gedib araşdırdıqda məlum iolur ki, bu cür qərəzli və qeyri-sağlam mövqe tutan şəxslərə “dini təhsil” verib “ruhani” kimi yetişdirən bəzi xarici dövlətlərin dini mərkəzləri və digər təşkilatları 30 il düşmən tapdağı altında qalan və donuz axuru kimi istifadə edilən məscidlərimizə görə bir dəfə də olsun erməni qəsbkarlarına etiraz etməmişdir. Lakin onlar bu gün öz “kadrlar”ı vasitəsilə məscidləri inşa və bərpa edən, İslami dəyərləri daim uca tutan müsəlman ölkəsində – Azərbaycanda “İslamı müdafiə” adı altında pozucu fəaliyyətə əl atır, sosial mediada dövlət qurumlarının əleyhinə şər və böhtan kampaniyasına rəvac verir, sülh və barışa böyük önəm verən İslam dəyərlərindən sui-istifadə edərək süni gərginlik yaratmağa səy göstərirlər. Azərbaycana qarşı din pərdəsi altında ideoloji təxribatlar törətməyə cəhd göstərən pozucu təşkilatların təsiri altına düşmüş, xalqımıza məxsus dəyərləri əməlləri ilə aşındırmaq niyyəti güdən, xarici dairələrin əlaltısına çevrilən, ölkəmizdəki milli birliyi və həmrəyliyi pozmaq xülyası ilə yaşayan bu cür qruplar, onların havadarları çirkin niyyətlərindən əl çəkməlidirlər.

Onlar unutmamalıdırlar ki, Azərbaycanda dünyəvi və demokratik dəyərlərə sadiq, milli kimliyinə hörmətlə yanaşan sağlam cəmiyyət və gənclik vardır. Ölkəmizdə aparılan dövlət siyasətinin əsas qayəsini məhz Vətənin bütövlüyü, Azərbaycanın tərəqqisi, vətəndaşların sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin olunması təşkil edir.

Şübhə yoxdur ki, Azərbaycan cəmiyyəti və təhsil sistemi vətənpərvərlik tərbiyəsi sahəsində qazanılmış nailiyyətləri Vətən müharibəsinin yaratdığı yeni reallıqlara uyğun daha da inkişaf etdirəcəkdir. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi kimi, ilkin olaraq ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdiriləcək, bütün cəmiyyətin hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşdiriləcək.

  • Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsinə təqdim edilir.