“Ermənistan Azərbaycana aid irsin məhv edilməsini qarşısına məqsəd qoyub”-politoloq Siyasət

“Ermənistan Azərbaycana aid irsin məhv edilməsini qarşısına məqsəd qoyub”-politoloq

“Basarkeçər ərazisindəki azərbaycanlı qəbiristanlığında baş verənlər rəsmi Bakının Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin UNESCO tərəfindən araşdırılması üçün missiyanın yaradılması təklifinin aktuallığını bir daha göstərir”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. O, bildirib ki, UNESCO rəhbəri Odre Azule Azərbaycan mədəni abidələrinə qarşı həyata keçirilən vandalizmə susqunluq nümyiş etdirməklə məşğuldur: “UNESCO səssizliyi ilə özünü nüfuzdan salmağa davam edir. UNESCO 1954-cü ilin Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına laqeyd münasibət göstərir. 2022-ci ilin fevralın 4-də Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatda görüşünün nəticəsi olaraq həm də UNESCO-nun Ermənistana və Azərbaycana missiyalarının həyata keçirilməsi planlaşdırılıb. Lakin bu günə qədər biz hansısa addımları müşahidə etmirik. UNESCO illərdir baş verən mədəni terror faktlarında heç bir mövqe göstərməyib. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərini işğal edən Ermənistan bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevirib. İnsanlığın ən qədim dövr mədəniyyət nümunələrinin toplandığı Azıx mağarasında Ermənistan hərbiçiləri azıxantropa aid əşyaları - gildən və daşdan məişət əşyaları və əmək alətlərini məhv etdiklərini pərdələmək üçün yeni tədqiqatlar təşkil ediblər. Yeni aşkar etdikləri artefaktları dəvət etdikləri xarici arxeoloqlar vasitəsilə ərazidən kənara çıxararaq təbliğat alətinə çeviriblər. Erməni işğalçıları məşhur Xocalı kurqanlarını yer üzündən siliblər. İşğal altında saxladıqları İslam abidələri, xüsusilə məscidlər, türbələr və qəbiristanlıqları dağıdıblar, alban xristian abidələri isə tamamilə saxtalaşdırıb, erməniləşdiriblər. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə olan alban yazıları silinib. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdılıb. Yelisey məbədində Alban hökmdarı III Vaçaqanın qəbri və yazı tamamilə məhv edilib. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla yer üzündən silinib. Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 sarayı yandırıblar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub. 192 ziyarətgah, 144 məbəd, 67 məscid erməni təcavüzünün qurbanına çevrilib. Laçındakı Ağoğlan kilsəsi, Kəlbəcərdəki Xudavəng, Gəncəsər məbədinin albanlara məxsusluğunu göstərən elementlər silinib, erməniləşdirilib. UNESCO sükutla qarşılayıb. 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbini qarət edən ermənilər 103,2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksionu yalan edərək, Ermənistana aparıblar. UNESCO bu günə qədər bir dəfə də olsun etiraz etməyib.
Ermənistan hökumətinin qərarı ilə “heç bir əhəmiyyət daşımadığı üçün” azərbaycanlıların qəbiristanlıqlarının qorunmaması qərara alınıb, bu qərardan sonra erməni vandalları azərbaycanlıların qəbiristanlıqlarını ucdantutma dağıdıblar. Tarixi Azərbaycan torpaqlarında Ermənistan böyük cinayətlər həyata keçirib. Qərbi Azərbaycanda abidələrimizin, qəbiristanlıqlarımızın dağıdılmağı, İrəvanda Təpəbaşı irsinin hücuma məruz qalmağı qlobal dünya irsinə aid olacaq abidələrimizin məhv edilməyi prosesidir. Ermənistan Azərbaycana aid irsin məhv edilməyini qarşısına məqsəd qoyub. Bu məqsədlərinə nail olmaq üçün isə bütün vandal vasitələrdən istifadə edir”.

Əli