“AŞPA-nın qiymətləndirməsi ədalətin zəfəridir” Siyasət

“AŞPA-nın qiymətləndirməsi ədalətin zəfəridir”

Elxan Süleymanov: "Bu qiymətləndirmə 1 noyabr seçkilərini baykot edən Avropa Parlamenti, ATƏT PA və ATƏT/DTİHB-nin iç üzünü açdı və onların məkirli niyyətlərini ifşa etdi"


AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov qurumun müşahidə missiyasının qiymətləndirməsi ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir:
"Avropa Parlamenti, ATƏT PA və ATƏT/DTİHB Azərbaycanda 1 noyabr seçkilərini müşahidə etməkdən imtina etdilər. Bununla kifayətlənməyən bu beynəlxalq qurumlar AŞPA-ya da bu seçkiləri müşahidə etməkdən yayındırmaq üçün güclü təzyiqlər etdilər. Bu ədalətsiz təcridin yeganə məqsədi dünyada Azərbaycanın mənfi imicini formalaşdırmaq, insan hüquqları bəhanəsi ilə ölkəmizə siyasi təzyiq etmək, stabilliyi pozmaq, işğal edilmiş torpaqlarımızı bizlərə unutdurmaqdır.
Eyni zamanda, 2013-cü ildə Azərbaycanda keçirilmiş Prezident seçkilərinə verdikləri müsbət qiymətləndirmənin reallıq olduğunu, Azərbaycanın demokratiya yolunda inamla addımladığını həm Avropa Parlamenti, həm AŞPA, həm də ATƏT PA çox gözəl anlayırdı, onlar sadəcə bu reallığı növbəti dəfə görmək və dünyaya bəyan etmək, Azərbaycanda demokratik, şəffaf və azad seçkilərin şahidi olmaq istəmirdilər. Bu səbəbdən təcrid, siyasi təzyiq yolu ilə Azərbaycanı şantaj edirdilər.
AŞPA bu təzyiqlər altında Azərbaycana 1 noyabr parlament seçkilərinə müşahidə missiyası göndərilməsi ilə bağlı verdiyi qərarına 3 dəfə hörmətsizlik etdi. Bu barədə AŞPA Bürosunda qəbul edilmiş və sessiyada təsdiq edilmiş qərar təkrar-təkrar, yenidən Büronun müzakirəsinə göndərilirdi. Nəticədə, 5 fraksiyanı təmsil edən 32 üzvdən ibarət AŞPA müşahidə missiyası 1 noyabr seçkilərini müşahidə etdi və qəbul etdiyi bəyanatla aşağıdakı qiymətləndirməni verdi:

Seçkilər demokratik seçkilərin keçirilməsi üçün hüquqi çərçivəni təmin edən Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun şəkildə keçirildi.
Seçki günü bütün ölkə üzrə sakit və dinc şəraitdə keçdi. Səsvermə prosesinin adekvat və beynəlxalq standartlara müvafiq olduğu müşahidə edildi.
Müşahidə missiyası bu seçki prosesinin dinc və sakit keçməsi ilə bağlı Azərbaycan xalqını təbrik edir.
Seçkilərə hazırlıq və səsvermə prosesləri peşəkar və texniki baxımdan yaxşı səviyyədə təşkil olunmuşdur.
Seçki günü Missiya Seçki Məcəlləsinin hər hansı mühüm yaxud sistemli pozulması hallarını qeydə almamışdır.
Missiya müşahidələrini ümumiləşdirərək bildirir ki, 1 noyabr parlament seçkilərində müəyyən çatışmazlıqların qeydə alınmasına baxmayaraq, seçici fəallığının mühüm dərəcədə artması, səsvermə və səslərin sayılması vaxtı şəffaflıq Azərbaycan Respublikasının azad, ədalətli və demokratik seçki istiqamətində atdığı növbəti addımların göstəricisidir və bu seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir.
AŞPA-nın bu qiymətləndirməsi haqqın və ədalətin zəfəridir. Bu qiymətləndirmə 1 noyabr seçkilərini baykot edən Avropa Parlamenti, ATƏT PA və ATƏT/DTİHB-nin iç üzünü açdı və onların məkirli niyyətlərini ifşa etdi.
Avropa nəhayət Azərbaycan reallığını qəbul etməli, ədalətsizliyə son qoymalı, siyasi təzyiqlərdən əl çəkməli, Azərbaycanla əməkdaşlıq etməlidir. Biz isə əməkdaşlığa daim açığıq".