Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb Siyasət

Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb

Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurası bəyanatla çıxış edib və TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb. Xalqcəbhəsi.az xəbər verir ki, qəbul olunan birgə bayanatda təşkilata üzv dövlətlərdə din-dövlət münasibətlərinin təkmilləşdirilməsi üçün müvafiq qurumlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün müvafiq layihələr hazırlanması qeyd olunur. Birgə elmi və dini mərkəzlər yaradılacaq.
Həmçinin TDT üzv ölkələrin müsəlman dini liderləri Azərbaycanın azad edilən ərazilərində zorakılıq, vandalizm və təbii fəlakət aktları nəticəsində zərər çəkmiş tarixi, mədəni və dini abidələrin bərpası üzrə birgə işlər görəcəklər.
Bundan başqa bəyanatda qeyd edilir ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini liderləri dini və mənəvi mühitə xarici müdaxilə hallarının, xarici və zərərli təbliğatın, təkfirçilik ideologiyalarını daşıyan radikal cərəyanlar, dini və irqi dözümsüzlük və siyasi məqsədlər üçün dindən sui-istifadə daxil olmaqla, hər hansı ideoloji təxribatların qarşısının alınması üçün birgə səylər göstərəcəklər.
Daha sonra TDT üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsinin imzalanması mərasimi baş tutub.
Əsasnaməni TDT-nin baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev imzalayıblar.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin Şuşada keçirilən 3-cü görüşündə çıxışı zamanı TDT-yə üzv ölkələrin müsəlman dini liderləri Prezident İlham Əliyevi təbrik etiyini diqqətə çatdırıb. A. Paşazadə diqqətə çatdırıb ki, qalibiyyətli Vətən müharibəsi müstəqilliyimizin təntənəsinin təcəssümü oldu. Onun sözlərinə görə,
Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəylik və iradəsinə, dövlət-xalq birliyinə güvənən müzəffər sərkərdə, Ali Baş Komandanının dünya miqyasında apardığı fəal, inamlı, dərin zəka və dəmir məntiqə əsaslanan siyasət Azərbaycanın haqq işinin davamlı qələbəsini təmin etdi: “Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı azad Qarabağda dalğalandı, məscidlərin minarələrindən Azan səsləri ucaldı, müqəddəs məbədlərimiz əsarətdən qurtuldu.
Azərbaycan Vətən müharibəsindəki Zəfərinin ikinci ildönümü ərəfəsindədir. Azərbaycan xalqının haqq mübarizəsinin qalibiyyət dastanını dünya tarixi səhifələrinə həkk etmiş, Azərbaycanı dünya çapında qalib ölkə, Azərbaycan xalqını zəfər çalmış xalq yüksəkliyinə qaldırmış, Qarabağ Zəfərinin müəllifi olan Zati-aliləri İlham Əliyev cənablarını biz, dini liderlər Türk Dövlətləri Təşkilatının iki yüz milyon müsəlmanı adından böyük qürur hissi ilə bu gün Şuşadan təbrik edir, bütün türk dünyası adına qazanılmış Zəfərə görə dərin təşəkkürlərimizi birgə ifadə edirik. Zəfərimiz mübarək! Uca Allah Azərbaycan Prezidentini hər zaman müzəffər qərar versin, yeni Zəfərlər nəsib etsin!”.
Allahşükür Paşazadə əlavə edib ki, erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir: “Azərbaycan xalqı şəhidlərimizin qanı ilə öz əzəli torpaqlarını azad edərək tarixi ədaləti bərpa etdi. Məscidlərimizdən azan səsləri ucalır, ata-baba torpaqlarımızda qurub yaradır və göz bəbəyimiz kimi qoruyuruq. İşğal dövründə müharibə cinayətlərindən çəkinməyən, Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədən, şəhər və kəndlərimizi məqsədyönlü şəkildə yer üzündən silən, torpaqları qəsdən yandırıb yararsız hala salan, su hövzələrimizi zəhərləyən, qəbiristanlıqları dağıdan, məscid və məbədlərimizi yerlə-yeksan edən erməni vandalizminin izlərini bütün dünya görür, basdırdıqları minalar bu gün də yüzlərlə mülki şəxsin həyatına son qoymaqda davam edir”.
O, əlavə edib ki, məhz erməni dini dairələri din adından nifrətə çağırışlar, qızışdırıcı bəyanatlar səsləndirməkdədirlər. QMİ sədrinin sözlərinə görə, Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır: “Uzun illər ərzində erməni siyasi liderlərin cinayətkar əməllərinə mənəvi haqq qazandıran erməni kilsəsinin rəhbərliyinin Xankəndiyə səfərlər edərək revanşist bəyanatlar səsləndirməsi böyük təəssüf doğurur. Bir əlində İncil, bir əlində avtomat, həyat deyil, ölümə, dinc birgə yaşayışa deyil, işğala, zülmə və zora xeyir-dua vermək dini dəyərlərlə bir araya sığmır, erməni xalqına vəd etdikləri səadət əvəzinə yeni faciələr gətirməkdədir. Nə qədər gec deyil, Erməni kilsəsi Uca Yaradan qarşısında üzərinə düşən mənəvi missiyasını yerinə yetirərək, öz xalqının taleyini, ermənilərin tarixi müqəddəratını düşünərək müdriklik nümayiş etdirməli, xalqını məhvə sürükləmək əvəzinə, onu xilas edəcək, ona nicat və tərəqqi gətirəcək ideyalar təlqin etməlidir. Buradan, azad Şuşadan erməni kilsəsinə, Eçmiədzinə səslənirəm – revanşizmə, nifrət və təxribatlara son qoyun. Uca Yaradan qarşısında mənəvi borcunuzdan çıxış edərək ölümə, yeni müsibət və faciələrə deyil, həyata çağırın! Yalan vədlər deyil, məhz həqiqətləri demək sizin erməni xalqı qarşısında ən böyük tarixi xidmətiniz olar”.