“Nəinki Razi Nurullayevin təşkilatı, hətta iqtidar da məni tədbirə dəvət etsə iştirak edəcəyəm“ Siyasət

“Nəinki Razi Nurullayevin təşkilatı, hətta iqtidar da məni tədbirə dəvət etsə iştirak edəcəyəm“

Ərəstun Oruclu: "Əsilində cılız insanların fikirləri mənim üçün olduqca əhəmiyyətsiz görünür"

"Mən bir politoloq kimi istənilən tədbirdə çıxış edirəm. Əgər mən xarici auditoriyada çıxış edirəmsə, ermənilərin qarşısında fikirlərimi ifadə edə bilirəmsə niyə də öz ölkəmdə çıxış etməyim? Fikrimcə bu tamamilə doğrudur". Bu fikirləri politoloq Ərəstun Oruclu Razi Nurullayevin rəhbərlik etdiyi AXCP tərəfindən təşkil edilən "İctimai fikir akademiyası"nın keçirdiyi tədbirdə iştirak etdiyinə görə Əli Kərimlinin və onun ətrafı tərəfindən qınaq obyektinə çevrilməsinə münasibət bildirərkən deyib.
Ərəstun Oruclu bildirib ki, cəmiyyətdə ən düzgün yol fikir mübadiləsidir, müzakirələrdir: "Ona görə də nəinki Razi Nurullayevin təşkilatı hətta iqtidar da məni hər hansı bir tədbirə dəvət edərsə iştirak edəcəyəm. Mən bundan heç vaxt boyun qaçırmaram. Çünki bütün məsələlər masa arxasında həll edilməlidir. Kimsə bu və ya digər mənada məsələlərə qısqanclıqla yanaşırsa, bu mənim problemim deyil, bu, onların problemidir. Dəfələrlə tənqid hədəfinə çevrilmişəm. Bir vaxtlar "Yeni Müsavat" qəzetinə verdiyim açıqlamalara görə Əli Kərimlinin yaxın çevrəsi tərəfindən tənqid atəşinə tutulurdum. Elə qrup insanların hərəkətlərini normal qarşılayıram. Ona görə ki, bu insanlar özlərini cəmiyyətdən təcrid ediblər və hər kəsi də onlar kimi düşünməyə dəvət edirlər. Yəni bir az da olsa gözlərini açıb cəmiyyəti, reallığı, dünyanı görə bilmirlər. Əsilində cılız insanların fikirləri mənim üçün olduqca əhəmiyyətsiz görünür".