AŞ PA sədrindən tarixi çağırış Siyasət

AŞ PA sədrindən tarixi çağırış

Pedro Aqramunt: " Avropanı təkəbbürlü olmamağa və qərbsayağı demokratiyanı zorla ölkələrə diktə etməməyə çağırıram"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk plenar iclasında qurumun yeni sədri Pedro Aqramunt bu vəzifədə görəcəyi işlərdən, assambleyanın prioritetlərindən, Avropada və dünyada baş verən əsas hadisələrdən, mövcud problemlərin həllindən danışıb.
AŞPA sədri Avropa Şurasına üzv ölkələrdə həll edilməmiş münaqişələrin vəziyyətinə də toxunub: "Bizim təşkilatımız daxilində bir neçə ölkədə münaqişələr hələ də həll edilməyib. "Dondurulmuş" adlandırdığımız münaqişələr mövcuddur. Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Dnestryanı bölgədəki münaqişə, eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Bu münaqişələrin həll edilməməsi ümumilikdə Avropanın təhlükəsizliyi üçün təhdid təşkil edir".
Pedro Aqramunt olduqca maraqlı bir açıqlama ilə də çıxış edib. AŞ PA sədri Avropanı təkəbbürlü olmamağa və qərbsayağı demokratiyanı zorla ölkələrə diktə etməməyə çağırıb: "Biz belə hallardan çəkinməliyik. Hər ölkənin öz tarixi və inkişaf yolu olduğundan, qərbsayağı demokratiya modelini hansısa ölkəyə zorla tətbiq etdirməməliyik. Bu təkəbbürlüyün göstəricisidir və çox təhlükəlidir. Çünki biz bu cür siyasətimizlə bir çox ölkələri özümüzdən uzaqlaşdıra bilərik".