Baş bankirin bəhanəsi Siyasət

Baş bankirin bəhanəsi

Əkrəm Həsənov: "Dollar kreditlərinə güzəştin maliyyə nizamını alt-üst edəcəyi ilə bağlı fikir əsassızdır"

Fikrət Yusifov: "Əgər Mərkəzi Bank və onun rəhbərliyi səhv pul-kredit siyasəti ilə insanlara sosial məsələlərin həlli üçün kreditlərin xarici valyutada ayrılmasına göz yumubsa, indi bütün məsuliyyəti vətəndaş üzərinə yükləmək nə qədər doğrudur?"


Dollarla götürülən kreditlərə dövlət tərəfindən hər hansı güzəştin tətbiqi ilə bağlı cəmiyyətin gözləntiləri nəticə vermədi. Belə ki, sözdə hər zaman humanizm prinsipindən danışan rəsmilər bu məsələdə vətəndaşlara cüzi də olsa güzəştə getməyin mümkünsüz olduğunu vurğuladı. Məlum məsələyə münasibət bildirən Mərkəzi Bankın sədri qeyd etdi ki, dollar kreditklərinə güzəşt maliyyə nizamını poza bilər.
Elman Rüstəmovun məlum açıqlamasından sonra media qarşısına çıxan maliyyə naziri Samir Şərifov isə bu məsələyə birdəfəlik son qoydu. Maliyyə naziri bildirdi ki, bank xeyriyyə cəmiyyəti deyil və hər hansı güzəştdən söhbət gedə bilməz.
Maraqlıdır, dollar kreditlərinə güzəşt doğrudanmı ölkənin maliyyə nizamının alt-üst edə bilər? Həqiqətənmi bu məsələdə vətəndaşlara hər hansı güzəşt mümkünsüzdür?
Bununla bağlı açıqlama verən bank-maliyyə sistemi üzrə ekspert Əkrəm Həsənov dollar kreditlərinə ediləcək güzəştin ölkənin maliyyə nizami üçün hər hansı təhlükə kəsb etmədiyini vurğuladı:
"Əlbəttə ki, dollar kreditlərinə güzəşt etmək, vətəndaşların mövcud durumunu nəzərə alaraq hansısa addımlar atmaq ölkənin maliyyə nizamını alt-üst etməz. Bunu sadəcə, həmin güzəştlərdən imtina etmək üçün deyirlər. Əslində bunu heç güzəşt də adlandırmaq olmaz. Bu, sadəcə bankların büdcədən pul qoparmaq cəhdi idi. Hansı ki, müsbət nəticələnmədi".
Ekspert ölkədən 50 min manatdan artıq pul çıxaran şəxslərin çıxartdığı vəsaitin 20%-nin vergi kimi tutulacağı ilə bağlı yeniliyin də ciddi problemlərə yol açacağını vurğuladı: "Ümumən, bu qərarın təyinatı aydındır. Məqsəd ölkədən çıxan valyuta axınının qarşısını almaqdır. Amma bu, kifayət qədər gecikən bir qərardır. Həm də məsələ bundadır ki, bu prosesin mexanizm tam, aydın şəkildə göstərilməyib. Hesab edirəm ki, bu səbəbdən də təcrübədə problemlər çox olacaq. Bu, həm də qara bazarın aktivləşməsinə səbəb olacaq".
Əkrəm Həsənov xaricə pul köçürmələri zamanı məzənnəyə uyğun olaraq manatı dollara dəyişən zaman bankların 4% vəsait tutmasına da aydınlıq gətirdi. Ekspertin sözlərinə görə, bir çoxları bunu vergi hesab etsə də, bu, vergi yox, komisyon haqqıdır: "Manatın dollara dəyişdirilməsi zamanı tutulan 4% vergi deyil. Bu, bankların komisyon haqqıdır. Mərkəzi Bank ölkə banklarının 4% həddində komisyon haqqı tutmasına imkan verib".
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, İqtisad elmləri doktoru, professor Firkət Yusifov da bununla bağlı yazdığı məqalədə məsuliyyətin vətəndaşın üzərinə yüklənilməsinin yanlış olduğunu yazıb. Fikrət Yusifovun qənaətinə görə, ötən il ərzində baş vermiş iki devalvasiya və xüsusən də dekabr ayındakı devalvasiya bankların təkidi ilə xarici valyutada kredit götürmüş insanları böyük bir sosial problemlə üz-üzə qoyub: "Burada söhbət milyonlarla insanın düşdüyü durumdan gedir. Fevral devalvasiyasına qədər 100 dollar krediti bağlamaq üçün 78 manat xərc çəkən vətəndaşın fevralın 21-dən sonra həmin 100 dollar krediti bağlamaq üçün xərci 105 manata, dekabr ayının 21-dən sonra isə 160 manata gəlib çatdı. Yəni vətəndaş aylıq 100 dollarlıq kredit ödənişi üçün əvvəl ailə büdcəsindən 78 manat xərcləyirdisə indi o, bu 100 dollarlıq ödənişi etmək üçün əvvəlkindən 2 dəfədən çox xərcləməlidir. Sual olunur: Vətəndaşın günahı nədir? Bu müddət ərzində onun ailə büdcəsi artmadığı halda o, bu xərci hansı mənbələr hesabına bağlamalıdır? Əgər Mərkəzi Bank və onun rəhbərliyi səhv pul-kredit siyasəti ilə insanlara sosial məsələlərin həlli üçün kreditlərin xarici valyutada ayrılmasına göz yumubsa, indi bütün məsuliyyəti vətəndaş üzərinə yükləmək nə qədər doğrudur? Vətəndaş bu krediti, məsələn, xəstəsini müalicə etməyə, övladının təhsil haqqını ödəməyə, dünyasını dəyişmiş ailə üzvünün yas mərasimini yola verməyə götürüb. Yəni kreditlərin əsas hissəsi sosial təyinatlı kreditlərdir. Lakin Mərkəzi Bankın rəhbərliyi bu problemin həllinə istənilən diqqəti ayırmır. Banklar da müştəriyə ancaq bir sözü deyirlər: "Pulu ödəyin!" Necə, hansı vəsaitlə, bu bank sistemindəki səlahiyyət sahiblərini o qədər də maraqlandırmır. Bu dövlətin təəsübünü çəkən, Prezidentə xidmət itmək istəyən insanlar anlamalıdırlar ki, indiki cətin dönəmdə insanları "Bizə dəxli yoxdur, gedin pul tapıb ödəyin" tələbilə üz-üzə qoymaq olmaz. Bu problemin optimal həll yolu tapılmalıdır və ümumiyyətlə, hesab edirik ki, dollarla götürülmüş kreditlərə dair məsələyə olduqca ciddi və olduqca həssas yanaşmaq lazımdır. Dırnaqarası münasibətə qətiyyən yol verilməməlidir. Cənab Prezidentin bir çağırışını gəlin bir daha yada salaq: "Bizim siyasətimiz sosial yonümlüdür. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərini biz həll etməliyik". Odur ki, bank rəhbərləri bu məsələdə öz maraqlarından deyil, məhz DÖVLƏTİN maraqlarından çıxış etməlidirlər".