“Düşmənlərimiz Azərbaycanın uğurlarını, müstəqil dövlət siyasətini heç cür qəbul edə bilmirlər” Siyasət

“Düşmənlərimiz Azərbaycanın uğurlarını, müstəqil dövlət siyasətini heç cür qəbul edə bilmirlər”

"Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycana qarşı nə qədər təzyiqlər və təhdidlər olsa belə, biz öz yolumuzdan dönməyəcəyik.
Azərbaycan dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında öz müstəqil dövlət siyasətini, dinamik inkişaf xəttini bundan sonra da uğurla davam etdirəcək və heç bir qüvvə də onu bu siyasətdən, bu xətdən uzaqlaşdıra bilməyəcək".
Bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkə Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı səsləndirdiyi fikirlərə münasibətini bildirərkən qeyd edib.
Komitə sədrinin sözlərinə görə, çünki dövlət başçısının özünün də vurğuladığı kimi, bu gün ölkəmizdə sabitlik, iqtidar-xalq vəhdəti, birliyi, yekdilliyi var.
E. İbrahimov öz növbəsində vurğulayıb ki, bu vəhdət, bu yekdillik, bu monolitlik də birdən-birə, elə-belə, təsadüfən yaranmayıb.
Onun bildirdiyinə görə, bu vəhdətin, bu həmrəyliyin kökündə, mayasında da illərdən bəri Azərbaycan xalqı və dövləti naminə görülən işlər dayanıb və dayanır:
"İstər müasir Azərbaycan dövlətinin banisi və memarı Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonrakı 10 il ərzində, istərsə də İlham Əliyevin 13 illik hakimiyyəti dövründə Azərbaycan dövləti və xalqının inkişafı, tərəqqisi, dünyada nüfuzlu yer tutması, imzasını imzalar içinə atması naminə çox işlər görülüb, çox uğurlu addımlar atılıb. Azərbaycan qısa müddət ərzində nəinki regionun, bütövlükdə dünyanın lider, söz, nüfuz sahibi olan dövlətlərindən birinə çevrilib.
Təsadüfi deyil ki, bu gün Cənubi Qafqaz iqtisadiyyatının 70-80 faizini Azərbaycan təşkil edir. 2008-ci ildən bu yana dünyanı başına götürən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, ötən illər ərzində Azərbaycan sürətli inkişafını davam etdirə bilib. Bununla yanaşı, Azərbaycan dünya miqyaslı idman və musiqi yarışmalarının, beynəlxalq və regional əhəmiyyətli siyasi, humanitar, iqtisadi tədbirlərin, forumların məkanıa çevrilib.
Dünyada Azərbaycan tolerantlığı, Azərbaycan multikulturalizmi modeli mövcuddur və sair. Bunlar isə təbii ki, hər zaman dostlarımızı sevindirdiyi, yaxşı mənada təəccübləndirdiyi kimi, düşmənlərimizi, bədxahlarımızı, anti-Azərbaycan dairələrini də bir o qədər təəssüfləndirir, qıcıqlandırır, rahatsız edir".
Komitə sədri bildirib ki, onlar Azərbaycanın uğurlarını, nailiyyətlərini, müstəqil dövlət siyasətini heç cür qəbul və həzm edə bilmirlər.
"Həmin qüvvələr, dairələr nəyin bahasına olsursa-olsun Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna, imicinə xələl gətirməyə, ölkəmizi gözdən salmağa çalışırlar və onların bu murdar, məkrli cəhdləri bir an da olsun belə dayanmır, səngimir. Amma onu qeyd edim ki, hər zaman olduğu kimi, bu gün də bu cür cəhdlərin qarşısı iqtidar-xalq vəhdəti nəticəsində qətiyyətlə dəf edilir, fiaskoya uğradılır və bundan sonra da uğradılacaq.
Elə fikirlərimi də dövlət başçısının bu sözləri ilə yekunlaşdırmaq istəyirəm: "Azərbaycanı müxtəlif düşərgələrə, bizə aid olmayan işlərə cəlb etmək istəyirlər. Biz öz yolumuzla gedirik. Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq və belə fikrimiz də yoxdur.
Heç bir ölkəyə imkan vermirik ki, daxili işimizə qarışsın və imkan verməyəcəyik. Nə qədər bizə təzyiqlər və təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik" - deyə, E. İbrahimov daha sonra sözlərinə əlavə edib.