Azərbaycan bəşəriyyəti narahat edən çağırışlara münasibətdə böyük məsuliyyət nümayiş etdirir Siyasət

Azərbaycan bəşəriyyəti narahat edən çağırışlara münasibətdə böyük məsuliyyət nümayiş etdirir

Ölkəmizin paytaxtının Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi etməsi Azərbaycanın bəşəriyyəti narahat edən çağırışlara münasibətdə beynəlxalq hüququn qlobal məsuliyyətini yüksək səviyyədə nümayiş etdirən bir üzvü kimi davranmasının növbəti təzahürüdür.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.
Siyasi ekspert vurğulayıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəm təsisatın tarixində ən effektiv və ən məsuliyyətli bir zaman kəsiyi kimi qəbul olunur.
“Azərbaycanın sədrliyinin Qoşulmama Hərəkatının təsis olunduğu dövrdən bəri ilk pandemiya dönəminə təsadüf etdiyini, eləcə də Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın və Birləşmiş Millətlər Təşkilatının tarixində ilk dəfə BMT Baş Assambleyasının xüsusi iclasının çağırıldığını, pandemiya ilə mübarizədə humanizm prinsiplərinin əsas götürülməsinin, peyvənd millətçiliyinə son qoyulmasının zəruriliyinin vurğulandığı vahid mövqenin nümayiş olunduğunu nəzərə alsaq, dövlətimizin öz tarixi missiyasının öhdəsindən layiqincə gəldiyini və Qoşulmama Hərəkatının gələcək fəaliyyəti üçün nümunə yaratdığını deyə bilərik.
Bu xüsusda, Bakıda keçirilən Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidentinin qlobal çağırışlara münasibətdə vahid mövqenin nümayiş etdirilməsi, beynəlxalq münasibətlərdə ədalət prinsiplərinin əsas götürülməsi, davamlı sülhə və təhlükəsizliyə nail olunması üçün Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təsisatların gələcəyi ilə bağlı baxış bucağına, özündə işlək mexanizmləri əks etdirən təşəbbüslərinə nəzər salmağı da vacib hesab edirəm.
Prezident İlham Əliyev son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturasının hazırda köklü dəyişikliklərlə üzləşdiyini və multilateralizmin təhlükə altında olduğunu qeyd etdi. Bildirdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Qənaətimə görə, dövlətimizin başçısının nitqində yer alan bu məqamlar, hazırda dünyada mövcud olan münaqişə və müharibələrin, qarşıdurmaların əsas səbəbləridir”, - deyə E.Mirzəbəyli diqqətə çatdırıb.
O qeyd edib ki, bu səbəbləri aradan qaldırmadan, daha təhlükəsiz və hər bir insanın rahat, layiqli həyat sürə biləcəyi ədalətli düzən formalaşdırmaq mümkün deyil. Köhnə, öz effektivliyini itirmiş, ayrı-ayrı ölkələrin maraqlarının sütunlarından ibarət arxitektura ilə yeni düzən qurmaq olmaz və geridə qalan zaman kəsiyi bunu sübuta yetirir.
E.Mirzəbəylinin sözlərinə görə, dövlətimizin başçısının da qeyd etdiyi kimi, dünya düzəni yenidən formalaşır və hazırda dünya “Soyuq müharibə”nin sona çatmasından sonra ən ciddi Şərq-Qərb qarşıdurması ilə üz-üzədir. Sivilizasiyaların qarşıdurması üzərindən geosiyasi maraqların təmin edilməsi uğrunda mübarizə bütün bəşəriyyəti təhlükə qarşısında qoyub, insanlığı bir arada saxlayan, dinc birgəyaşayışı təmin edən dəyərlər sistemi sıradan çıxarılıb və yenisinin yaradılması istiqamətində nümayiş etdirilən daha ədalətsiz, aqressiv və məsuliyyətsiz iddialar tükdən asılı olan təhlükəsizlik mexanizmlərini də sıradan çıxara bilər.
Siyasi ekspert vurğulayıb ki, belə bir zaman kəsiyində Qoşulmama Hərəkatının dünyanın ikinci ən böyük beynəlxalq təsisatı kimi qlobal proseslərin ön sıralarına çıxması, bu proseslərdə balanslaşdırıcı, tənzimləyici rol alması vacib şərtlərdən biridir və Azərbaycanın sədrliyi dönəmində Qoşulmama Hərəkatının qlobal nüfuzunun və rolunun artırılması istiqamətində atılan addımlar bunun üçün əlverişli baza formalaşdırıb.
Yeni dünya düzəninə Fransanın müstəmləkəçilik siyasətinin təsirindən də danışan siyasi ekspert deyib: “Bu gün beynəlxalq hüququn üzərilərində qlobal məsuliyyət öhdəlikləri olan bəzi üzvlərinin, o cümlədən Fransa kimi müstəmləkəçilik siyasətindən əl çəkə bilməyən ölkələrin yeni dünya düzəninə neokolonializm meylləri müstəvisindən, istismarçı feodal təfəkkürü ilə yanaşmaları xalqların öz tarixi və hüquqi əraziləri çərçivəsində azad və suveren yaşamaq hüquqlarını məhdudlaşdırır, insan hüquq və azadlıqlarının neoimperialist iddiaların basqısı altında əzilməsinə zəmin yaradır. Öz qaranlıq müstəmləkəçi keçmişindən və bu günündən dərs götürməyən, qanlı müstəmləkə cinayətlərinə, amansız soyqırımı aktlarına görə üzr istəməyən, məsuliyyətini etiraf etməyən Fransa kimi bir ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi müstəsna səlahiyyətə - veto hüququna sahib olması sözügedən təsisatda ədalətli qərarların qəbulunu, hətta qəbul edilsə də belə icrasını şübhə altına alır. Bu baxımdan, Prezident İlham Əliyevin daha əvvəllər də, BMT Baş Assambleyasının yüksək kürsüsündən, eləcə də digər beynəlxalq təsisatların tribunalarından ifadə etdiyi kimi, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zəruridir və bəşəriyyətin təhlükəsiz gələcəyi bu islahatların sürətindən, effektivliyindən və ədalət prinsiplərinə söykənməsindən asılıdır. Bu məqsədlə, Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsini, təsisatın coğrafi baxımdan daha əhatəli və daha ədalətli olmasını təklif edir”.
E.Mirzəbəyli bildirib ki, Qoşulmama Hərəkatının dünyanın ikinci ən böyük beynəlxalq təsisat olmasına baxmayaraq, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında yer almaması təəssüf doğurur. Onun fikrincə, dövlətimizin başçısı bu xüsusda olduqca ədalətli və məsuliyyətin paylaşılmasına xidmət edən təşəbbüs irəli sürdü. Qeyd etdi ki, bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləməsi sözügedən təsisatda ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən qərarların qəbulu və ayrı-seçkilik etmədən tətbiqi baxımından mühüm əhəmiyyətə malikdir. Ərazisində yerləşən dövlətlərin sayına görə, Afrika qitəsi dünyada ön sırada dayanır, amma BMT Təhlükəsizlik Şurasında qitənin bir üzvü belə təsis olunmur.
Bütün bunlar, eyni zamanda, Azərbaycanın torpaqlarının 30 illik işğalı dövründə qarşılaşdığı ədalətsizliklər BMT Təhlükəsizlik Şurasının qlobal təhlükəsizliyə görə məsuliyyət daşıyan bir təsisat kimi səmərəli olmadığını sübuta yetirir. Məhz bu aspektdən BMT-də islahatların həyata keçirilməsi bütün bəşəriyyət üçün həyati əhəmiyyət daşıyır və bu istiqamətdə Azərbaycan Prezidentinin ifadə etdiyi fikirlər islahatların yol xəritəsinin istinad dayağı rolunu oynaya bilər.
“Qənaətimə görə, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü təkcə pandemiya ilə mübarizədə Azərbaycanın və QH-nin oynadığı rolun önəminin vurğulanması baxımından deyil, həm də bəşəriyyətin təhlükəsiz gələcəyi naminə səsləndirilən fikirlərin qlobal əhəmiyyəti baxımından da tarixdə qalacaq”, - deyən siyasi ekspert fikirlərini yekunlaşdırıb.