Azərbaycan XİN sözçüsü Mirzoyana cavab verib Siyasət

Azərbaycan XİN sözçüsü Mirzoyana cavab verib

"Avropanın təhlükəsizliyinə ilk təhdidlərdən biri Ermənistanın Azərbaycana təcavüzü olub".

APA xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın fikirlərinə cavab olaraq "Twitter" hesabında bildirib.

"Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan yalan xəbər yayır. Deyəsən xarici işlər nazirinin tarix dərslərinə ehtiyacı var: Avropanın təhlükəsizliyinə ilk təhdidlərdən biri Ermənistanın hərbi təcavüzü və Azərbaycanın suveren ərazilərinin təxminən 20%-nin işğalı olub. Ermənistan hələ də Azərbaycanın 95 kv.km-ə yaxın ərazisi olan 8 kəndi işğal altında saxlayır, 10000 erməni silahlı qüvvəsini Azərbaycan ərazilərindən çıxarmayıb. Ermənistan Üçtərəfli Bəyanatı pozaraq öz ərazisində maneəsiz kommunikasiya və transportu açmaqdan çəkinir.

Ermənistan XİN başçısının istinad etdiyi saxlanılanlar Üçtərəfli Bəyanatdan 2 həftə sonra Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Beynəlxalq məhkəmələr onların azad edilməsi üçün Ermənistanın tələblərini rədd edib. Əksinə, Ermənistan hələ də itkin düşmüş 3800 şəxs barədə məlumat vermir.

Ermənistan 1 milyona yaxın azərbaycanlını Ermənistandan və Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qoyub və hələ də qaçqın və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə geri qayıtmasına mane yaradır.

Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir".