"Tariximiz bizim qan yaddaşımızdır" Siyasət

"Tariximiz bizim qan yaddaşımızdır"

Tariximiz bizim qan yaddaşımızdır. Dərin təəssüf və kədər hissilə qeyd etməliyik ki, tariximizin son 200 illlik dönəminə qürur duya biləcəyimiz bir çox şanlı səhifələrlə yanaşı, bir sıra ağır faciələr, soyqırımları və müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart ayının sonuncu günündə sovet-bolşevik Rusiyası ilə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş dəhşətli soyqırımıdır.
Bunu "Xalq Cəbhəsi"nə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya sədrin qeyd edib ki, ümumiyyətlə, əvvəlcə çar Rusiyasına, daha sonra isə sovet quruluşuna arxalanaraq erməni daşnaklarının Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı siyasəti iki əsrə yaxın bir dövrü əhatə etməkdədir. 70 il ərzində sovet dövləti tərəfindən uzun müddət xalqımızdan gizli saxlanılan 31 Mart soyqırımı isə öz dəhşətləri ilə tariximizin ən qanlı salnamələrindən birinə çevrilib. Lakin düşmənlərimizin bu faciəni unutdurmaq cəhdləri baş tutmayıb:

"Belə ki, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 70 il sonra isə Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etməsi ilə xalqımızın bu ağır faciəsinin obyektiv tarixi mənzərəsini yaratmaq imkanı əldə edilib. Ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci tarixli fərmanı ilə mart qırğınlarına siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən davamlı surətdə soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə dünyaya bəyan edilib, soyqırımı həqiqətlərinin tanıdılması üçün mühüm addım atılıb, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib".

1918-ci il martın 31-dən aprelin 3-nə qədər davam edən bu amansız qətliam zamanı bolşeviklərin “Bakı Soveti” adlı qurumu və daşnak erməni silahlı dəstələri Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə 50 min nəfərə yaxın azərbaycanlını qətlə yetiriblər. On minlərlə soydaşımız bu hadisələr zamanı itkin düşüb. Bir çox kəndlər yandırılaraq tamamilə məhv edilib. Habelə bir çox qədim binalarımız, tarixi abidələrimiz, ziyarətgah və məscidlərimiz, eləcə də dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binası top atəşinə tutularaq ya dağıdılıb, yadaki yandırılıb.
Bir sözlə, tarixi düşmənlərimizin dinc əhaliyə qarşı başlatdığı dəhşətli qırğınlar zamanı ağlasığmaz vəhşiliklərə yol verilib. Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən və Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün məharətlə istifadə edən ermənilər xalqımıza qarşı mənfur qisasçılıq planlarını qırmızı bolşevik-sovet bayrağı altında reallaşdırmağa nail olublar:

"Biz bu tarixi faciəni heç bir zaman unutmamalı və xalqımıza qarşı belə bir amansız soyqırımının nəyə görə törədilməsinin gerçək səbəblərini indiki və gələcək nəsillərimizə çatdırmalıyıq. Əks təqdirdə, tarix unudulanda təkrarlanır. Biz bunu xalqımızın acı təcrübəsindən bilirik. Ona görə də düşmənlərimizin tarixi həqiqətləri gizlətmək, ört-basdır etmək, unutdurmaq cəhdlərinə qətiyyən imkan verməməliyik.

31 Mart soyqırımı, Xocalı soyqırımı kimi qorxunc faciələr bundan sonra bir daha təkrarlanmamalıdır. 44 günlük Vətən müharibəsində dəmir yumruğumuzla başı əzilən düşmənlərimiz bilməlidir ki, bundan sonra onların bütün revanşist qisasçılıq planlarının, vandalizm təşəbbüslərinin qarşısı güclü və qüdrətli Azərbaycan dövləti, Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır!

Biz Milli Həmrəylik Partiyası olaraq 31 Mart Soyqırımı qurbanlarının ruhlarına, bütün şəhidlərimizin ruhlarına Allahdan rəhmət diləyirik. Uğrunda canlarından keçdiyi Azərbaycan hər zaman yaşayacaqdır. Tanrı Azərbaycanı qorusun!"

Cavid