Politoloq Kremlin gizli Qarabağ planını deşifrə etdi Siyasət

Politoloq Kremlin gizli Qarabağ planını deşifrə etdi

Ermənistanda anti-Rusiya meyillərinə baxmayaraq, rus və erməni siyasi elitası arasında ciddi bir anlaşma var.
Bu sözləri politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinə görə, Rusiya Qarabağda həll planını da, hərbi təşəbbüsləri də əlində saxlayır:
"Ermənistanda anti-Rusiya meyillərinə baxmayaraq, rus və erməni siyasi elitası arasında ciddi bir anlaşma var. Moskva bəyan etdi ki, bundan sonra Ermənistanı intensiv surətdə silahlandırmaq lazım gələcək. Hər iki tərəf İrəvan yaxınlığında yeni bir Rusiya hərbi bazasının açılmasını planlaşdırır. Hətta bunun üçün müvafiq yer də ayrılıb. Digər tərəfdən, sülh yaratmaq təşəbbüsü ilə çıxış edən Rusiya indi də Kazan variantını bir qədər təkmilləşdirərək Lavrovun adı ilə irəli sürür".
Politoloq Qarabağ ətrafında baş verənlər fonunda bəzi ölkələrin mövqeyinə də aydınlıq gətirib:

"Qərb artıq Qarabağ proseslərinə qoşulub. Amerika Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı ortaya mövqe qoyub. Avropa Birliyinin, özəlliklə Almaniyanın mövqeyi kifayət qədər cəlbedicidir. Bütün bu pozitiv atmosfer Rusiyanı hər hansı təhdidedici addımlardan çəkindirə bilib. Açığı, indi olmasa da, müəyyən dövrdən sonra Rusiya və Ermənistanın Azərbaycana qarşı çox məkrli planlarının üstü açılacaq. Məhz Azərbaycan Ordusunun yüksək səviyyəsi bu planları alt-üst etdi. Rusiya görür ki, Azərbaycan qərbyönlü siyasət yürüdür, artıq NATO bölgəyə ayaq aça bilər və Qərb strateji maraqlarına cavab verən Azərbaycanı qoruyur. Azərbaycana Qərbdən güclü təbliğat dəstəyi Rusiyanı və əlaltısı Ermənistanı hələ də qüvvədə olan məkrli planlarından çəkindirir".
Q.Hüseynli bildirib ki, tezliklə Qərbin simasında münaqişənin daha ədalətli həllinə yardım edən bir güc mərkəzinin Azərbaycanın tərəfində olduğunun şahidi olacağıq:
"Rayonların qaytarılması kifayət qədər real görünsə də, Dağlıq Qarabağa aralıq statusu verilməsi də gündəmdədir. Hazırda Rusiya Cənubi Qafqazdakı maraqlarını qorumaq üçün dəridən-qabıqdan çıxır. Moskvanın hazırkı sülh planı hər iki dövləti asılı vəziyyətdə saxlamağa hesablanıb. Üstəlik, Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək kimi bir niyyəti də var".
Politoloq Qarabağ məsələsində İranın hazırkı mövqeyinə də işıq salıb:
"İranın siyasi xəttinin nədən ibarət olduğu ortadadır. İran bu proseslərdə vasitəçi rolunu üzərinə götürməklə bir növ Cənubi Qafqazda maraqlarının olduğunu nümayiş etdirir. Azərbaycan isə hazırda səsləndirilən mövqelər və təklif edilən sülh variantlarından ən məqbulunun üzərində düşünür".