“Regionda nüfuz məsələsi var” Siyasət

“Regionda nüfuz məsələsi var”

Arzu Nağıyev: "Rusiyanın etdiyi cəhdlər ən başlıcası bununla bağlıdır"

"Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təkliflər paketi haqqında dəfələrlə anons verilib. Hətta Dağlıq Qarabağ münaqişəsinin həllində beş rayonun azad edilməsi, sonradan daha iki rayon və status məsələsi ilə bağlı söhbətlər də var. Eyni zamanda Kazan sazişinin də olduğunu hətta Ermənistan xarici işlər naziri Edvard Nalbandyan da bildirdi.Yəni, Lavrovun səfərində yenilik gözlənilmir. Əsas məsələ erməniləri danışıqlar masasına əyləşdirməkdir və bunu da Rusiya edə bilər". Bu fikirləri politoloq Arzu Nağıyev Rusiya XİN rəhbəri Lavrovun İrəvana səfərinə münasibət bildirərkən deyib.
Politoloqun fikrincə, regionda nüfuz məsələsi var: "Rusiyanın etdiyi cəhdlər ən başlıcası bununla bağlıdır. Lavrovun İrəvana "əlidolu gəlməsi" də buna bir işarədir. Ermənistan hakimiyyətinin təşkil etdiyi qarşılama mərasimi heç də Lavrov üçün ürəkaçan olmadı və bunun də əsas səbəbi Sarkisyanın məğlubiyyəti kiminsə ayağına yazmaq cəhdi, bununla da hakimiyyətinin uzadılması üçün atdığı addımlardır. Bu görüşlərdə ciddi qərarların verilməsi inandırıcı görünmür, lakin ermənilərə konkret təkliflər edilə bilər".
Rusiyanın digər həmsədr ölklərə nisbətdə daha aktiv olması məsələsinə də toxunan Arzu Nağıyev bildirib ki, hazırki vəziyyətdə Rusiyanı fəal, digər nüfuz davası iştirakçılarını passiv qiymətləndirmək düzgün olmazdı: "Burada hər dövlətin öz marağı var və Qərb bu münaqişənin həllini tək Rusiyanın öhdəsinə buraxmaz. Eyni zamanda artıq milli müqədaratın suverenlik və ərazi bütövlüyü çərçivəsində həlli məsələsi gündəmə gəldiyi üçün onlar belə addımlar atırlar".